Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Xəzər rayonunun Qala qəsəbəsinin sakini Məmmədzadə İman Elman oğlunun ad günü uyuduğu məzarı önündə qeyd olunub. SİA-nın verdiyi məlumata görə, 14 sentyabr 2021-ci il tarixində keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Millət Vəkili Soltan Məmmədov, qəsəbə sakinləri, şəhidin ailə üzvləri, ağsaqqallar və din adamları iştirak ediblər.
İman Elman oğlu Məmmədzadə 1998-ci il sentyabrın 14-də anadan olub. Azərbaycan Ordusunun əsgəri olan İman Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İman Məmmədzadə noyabrın 1-də Qırmızı Bazar döyüşləri zamanı şəhid olub və Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İman Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Şəhidin qardaşı Bəhram Məmmədzadə də Vətən müharibəsində şəhid olub.
Mərasimdə əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Millət Vəkili Soltan Məmmədov şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıblar.
Şəhidin ailə üzvləri və yaxınları çıxış edərək, hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə