Ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsi, məhz həyata keçirilən uğurlu siyasət sayəsində təmin edilir. Nəzərə alsaq ki, ictimai və dövlət maraqlarının müdafiəsi sözün əsl mənasında həyati əhəmiyyət kəsb edir, deməli, bu məsələ daim öz aktuallığını qoruyur. Bu baxımdan hər bir cəmiyyətin başlıca məqsədlərindən biri kimi ictimai və dövlət maraqlarının müdafiəsi ölkəmizdə əsas vəzifələrdən bir hesab olunur.
Cəmiyyəti təşkil edən fərdlərin birgə marağında olan məsələlər, ümumilikdə, çoxluğun maraqları ictimai maraqlardır və bu maraqların tanınması, təbliği və müdafiəsi hökumət tərəfindən sığortalanır, qorunur. İctimai maraqlar dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir imkanlarına malikdir və məhz bu baxımdan dövlət tərəfindən tənzimlənir və hətta müdafiə edilir. Eyni zamanda, ictimai maraqların müdafiəsini müxtəlif ictimai birliklər, qeyri-hökumət təşkilatları hüquqi imkanlarla gerçəkləşdirə bilər.
Azərbaycan bəşəri və milli dəyərləri nəzərə alan, qoruyan və geniş miqyasda təbliğ edən ölkədir və bu baxımdan ictimai və milli maraqların təmin olunması ölkəmizdə prioritet məsələlərdən hesab olunur. Azərbaycan xalqının dəyərləri, insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatları ictimai və milli maraqlar məcmusudur. Azərbaycan cəmiyyəti yetkin bir cəmiyyətdir, ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edir, eləcə də bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacarır. Məhz ideal cəmiyyətin formalaşması üçün həm dövlətin mənafeyinə zərər gəlməməsi, həm ictimai maraqların təmin edilməsi, həm də ortaq maraqların müəyyənləşdirilməsi tələb olunur ki, ölkəmizdə belə bir mühitin formalaşdığının hər kəs şahididir.
Ölkə başçısı cənab Prezident İlham Əliyevin, “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır” fikirləri də təsdiq edir ki, Azərbaycanda dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti mövcuddur və bu siyasət Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanır. Məhz bu ideologiya sayəsində də milli dövlət maraqları ilə ümummilli maraqlar üst-üstə düşür ki, bu da dövlətin suverenliyinin daha da möhkəmlənməsi deməkdir.
Əlbəttə ki, cəmiyyətlə dövləti birləşdirən qırılmaz bağlar var və bu danılmazdır. Əgər cəmiyyət ayrı-ayrı fərdləri özündə birləşdirərək, sonunda böyük bir toplum kimi çıxış edirsə, dövlət də bu toplumu bir araya gətirməklə bir növ, himayəçilik missiyasını öz üzərinə götürür və bu baxımdan cəmiyyət və dövlətin bir-birindən ayrı mövcud olması mümkünsüzdür. Əks halda mütərəqqi inkişafdan söhbət belə gedə bilməz və məhz mütərəqqi inkişafa ictimai maraqla dövlətin maraqlarının üst-üstə düşməsi nəticəsində nail olmaq olar.
Azərbaycan dövləti ictimai marağın müdafiəçisi kimi çıxış edir və məhz bu səbəbdən də cəmiyyətin bütün qruplarının marağında olan məsələlərin həllinə nail olur. İstər cəmiyyətin rifah halının yüksəlməsi, yaşayış və fəaliyyət şəraitinin yaxşılaşdırılması olsun, istərsə də keçirilən islahatlar olsun, ümumilikdə dövlətimizin atdığı bütün addımlar, yürütdüyü siyasət ölkəmizdə ictimai marağın qorunduğunu təsdiqləyir. Eyni zamanda, bütün bunlar ondan xəbər verir ki, ictimai və dövlət maraqları üst-üstə düşür. Məhz son zamanlar keçirilən islahatlar, əldə edilən uğurlar, qazanılan nailiyyətlər, xüsusilə, 44 günlük müharibədə qazanılan möhtəşəm qələbə, erməni separatçılarının qanunsuz olaraq 30 il işğal altında saxladıqları torpaqların işğaldan azad edilərək geri qaytarılması, həmin ərazilərdə intensiv quruculuq, abadlıq işlərinin görülməsi, infrastruktur layihələrinin gercəkləşdirilməsi, “Böyük Qayıdış” kimi ictimai və dövlət marağının təmin edilməsi istiqamətində atılan əməli addımlar ictimai və dövlət maraqlarının üst-üstə düşdüyünü təsdiq edir. Eyni zamanda onu təsdiq edir ki, ölkəmizdə sözün əsl mənasında, ictimai və dövlət maraqlarının qorunması əsas, ən ümdə vəzifələrdəndir.
Dövlətimizin ictimai maraqların təminatçısı rolunda çıxış etməsi ölkəmizdə təhsil, səhiyyə, gənclər, idman siyasətində də keçirilən islahatlardan aydın şəkildə görünür. Bunu eləcə də, vətəndaş cəmiyyəti institutlarının, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin verilməsi kimi ictimai maraqların təmin edilməsində də görmək mümkündür. İctimai və dövlət maraqlarının müdafiəsi müstəqil, azad, inkişaf etmiş, sabit, təhlükəsiz bir ölkədə yaşamaq deməkdir və məhz bu baxımdan da ölkə vətəndaşları, cəmiyyət üzvləri üçün böyük məna kəsb edir, əhəmiyyət daşıyır, hətta, bütün vətəndaşların belə mənəvi borcu sayılır.
İctimai və dövlət maraqlarının müdafiəsində, eləcə də qorunmasında “cəmiyyətin güzgüsü” hesab edilən mətbuat nümayəndələri də yaxından iştirak edir. Əlbəttə ki, mətbuat milli maraqların müdafiəsində dövlətin və vətəndaşın müdafiəçisi rolunda çıxış etməli olur, çünki qlobal informasiya məkanında ölkənin təhlükəsizliyi naminə ictimai və dövlət maraqlarının qorunması zəruridir. Heç şübhəsiz ki, dövlət və hərbi sirr kateqoriyasına aid məlumatlar, dövlətçiliyə, onun təhlükəsizliyinə, müstəqilliyinə təhdid xarakterli, cəmiyyətdə təhlükəli tendensiyaya yol açan informasiya yayımlanmamalı, eləcə də, cəmiyyətdə sosial, dini, irqi ayrı-seçkiliyi, cinayətkarlıq, terrorçuluq, hərbi qarşıdurma təbliğ edilməməli, ölkənin informasiya sahəsində əsas milli maraqlarını təmin edən məlumatlar qanuni yolla əldə edilməli, hazırlanmalı və yayımlanmalıdır. Bir sözlə, “cəmiyyətin aynası”, mətbuat, ümummilli maraqları qorumalı, həm ictimai maraqların üzə çıxarılmasında, həm də informasiya məkanındakı savaşda dövlətin müdafiəçisi rolunda çıxış etməlidir. Daha dəqiq desək, ictimai və dövlət maraqlarının qorunmasında yalnız dövlət və vətəndaş cəmiyyətləri deyil, xüsusilə media orqanları da fəal iştirak etməlidirlər.
Xüsusilə qeyd etmək yerinə düşərdi ki, ictimai və dövlət maraqları hər bir cəmiyyət üçün, hər zaman mühüm, müstəsna əhəmiyyət kəsb edir. Məhz bu baxımdan da ictimai və dövlət maraqlarının müdafiəsi hər zaman, hər yerdə öz aktuallığını qoruyur. Bəli, elə buna görə də bu vəzifələr, ictimai və dövlət maraqlarının qorunması əsas vəzifələrdəndir.
İnam Hacıyev
QEYD: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB