Şəhidin məzarı ziyarət edilib, adına inşa olunan bulağın açılışı olub - FOTOLAR

Şəhidin məzarı ziyarət edilib, adına inşa olunan bulağın açılışı olub - FOTOLAR

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Nəhmətov Ceyhun Ehtiqad oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilmiş və adına inşa olunan bulaq kompleksinin açılışı olub. SİA xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhidin uyuduğu məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub və ruhuna dualar oxunub.

Daha sonra şəhid Nəhmətov Ceyhun Ehtiqad oğlunun adına inşa olunan bulaq kompleksinin açılış mərasimi keçirilib. Mərasim iştirakçıları tərəfindən əvvəlcə bulağa gül dəstələri düzülüb və şəhidin əziz xatirəsi ehtiramla yad edilib. Mərdəkan qəsəbəsində inşa olunan bulaq kompleksinin açılış mərasimində Millət vəkili Rauf Əliyev, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, şəhidin ailə üzvləri, döyüş yoldaşları, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən natiqlər şəhidin valideynlərinə belə igid oğul böyütdüyü üçün minnətdarlıqlarını bildirib, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Ceyhun Nəhmətovun xatirəsinin əziz tutulduğunu, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd ediblər.

Şəhid atası Ehtiqad Nəhmətov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Nəhmətov Ceyhun Ehtiqad oğlu 8 sentyabr 1994-cü ildə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində anadan olmuşdur. 2001-2012-ci illərdə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində 123 saylı orta məktəbdə təhsil almışdır. 2012 ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olmuşdur. 2016 cı ildə Akademiyanı Leytenant rütbəsi ilə bitirmişdir və həmin ildə Sərhəd Qoşunlarının Yevlax Çevik hərbi hissəsində iş fəaliyyətinə başlamışdır. 2018-ci ildə Qazax Sərhəd dəsdəsinə yollanaraq orada Zastava rəisi vəzifəsində işini davam eləmişdir. 2019 cu ildə isə Zaqatala Sərhəd Dəsdəsinə yollanaraq xidmətini davam etdirmişdir. 2020-ci ildə döyüşlərdən əvvəl Xüsusi Təyinatlı Qruplarında təlim keçərək sentyabr ayının 27 dən Xüsusi Təyinatlı olaraq döyüşlərə başlamışdır. Kəlbəcər, Füzuli Cəbrayıl, Laçın karidoru, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin hər birində fəal iştirak etmişdir. Cəbrayıl döyüşlərində ayağından qəlpə yarası almağına baxmayaraq döyüşə davam etmiş, əlində qumbara ilə erməni səngərində 7-8 ermənini birdən partladıb, məhv etmişdir. 8 Noyabr 2020-ci ildə Zəngilanın Ağbənd yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Şəhid olduğdan sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə Xidmətə Görə" Ordeni ilə, "Vətən Uğrunda" Medalı ilə, "Zəngilanın alınmasına görə" Medalı ilə təltif olunmuşdur.

Şəhidimiz 8 Noyabr 2020-ci il Bakı şəhəri 3 cü Fəxri Xiyabanda dəfn edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə