Təhsil nazirinin brifinqindən çıxan nəticələrə - PAYTAXT SAKİNLƏRİNİN BAXIŞI - SORĞU

Təhsil nazirinin brifinqindən çıxan nəticələrə - PAYTAXT SAKİNLƏRİNİN BAXIŞI - SORĞU

Paytaxt sakini Vaqif Həsənov: “İl yarımdır ki, hər kəs pandemiya dövründən çox əziyyət çəkdi. Həmçinin onlayn üsulla dərs keçən müəllimlər, tələbələr çox əziyyət çəkib. Ona görə də, düşünürəm ki, ənənəvi təhsilə qayıtmaq olduqca vacibdir. Sadəcə olaraq dəsrlər təşkil olunarkən müəyyən ara məsafəsinin gözlənilməsi, sanitar-gigiyenik qaydalara əməl olunması məsələsi diqqətdə saxlanılmalıdır. Bu və ya bu kimi tədbirlər çərçivəsində dərslərin ənənvi qaydada keçirilməsinin tərəfdarıyam”.

Paytaxt sakini Fidan Kəngərlinski: “Dərslərin ənənəvi qaydada keçirilməsi çox yaxşı haldır. Çünki onlayn üsulla bizim heç bir anlayışımız olmur. Canlı dərslərin yerini heç bir şey verə bilməz. Mən 10-cu sinif şagirdiyəm. Məktəblərin ənənəvi üsulla keçirilməsinə çox şad oldum. Düşünürəm ki, təhsil naziri Emin Əmrullayev çox düzgün bir qərar verdi. Onun atdığı bu addım çox düzgün addımdır”.

Paytaxt sakini Sürayə Həsənova: “Dərslərin ənənəvi qaydaya qayıtması çox müsbət bir haldır. Çünki ənənəvi qaydada keçirilən dərs onlayn formada keçirilən dərsdən qat-qat daha keyfiyyətlidir. Düşünürəm ki, pandemiyanın olmasına baxmayaraq, müəyyən sanitar-gigiyenik qaydalara riayət etməklə dərslərin keçirilməsində heç bir problem görmürəm”.

Paytaxt sakini Əbdül Əliyev: “Artıq bir ildən çoxdur ki, dərslər normal qaydada keçirilmir. Bunun da bir çox mənfi cəhətləri var. Elə insan var ki, evində internet yoxdur və dərsə qoşula bilmir. Belə olduqda həmin insan dərsdən kənar qalır. Yəni biz bu son 1 ildə onlayn təhsilin nəticəsini gördük. Onlayn təhsil sistemi ənənəvi təhsilin yerini tutmur. Buna görə də, düşünürəm ki, ənənəvi formada dərslərin təşkil olunması çox müsbət haldır”.

Paytaxt sakini Məhəmməd Məmmədov: “Dərslərin açılmasına çox sevinirəm. Çünki uzun müddətdir ki, sinif yoldaşlarımı, dostlarımı, müəllimlərimi görmürəm. Bundan başqa onlayn şəkildə dərslərin keçirilməsi elə də yaxşı deyil. Ona görə də, məktəblərin açılmasına çox sevinirəm”.

Paytaxt sakini Məhəmməd Ağakişiyev: “Mən 6-cı sinifdə oxuyuram. Pandemiya dövrünün böyük bir hissəsini demək olar ki, evdə keçirdik. Onlayn təhsil o qədər də yaxşı deyil. Çünki elə vaxt olurdu ki, dərsə qoşula bilmirdik. Bir çoxlarımızda internet problemi olurdu. Ona görə də, məktəblərin açılmasına çox sevinirəm”.

Paytaxt sakini Nərmin Mənsurova: “Pandemiya dövründə, yoluxma sayının bu qədər artdığı bir dövrdə dərslərin açılması məncə, düzgün deyil. Çünki bir sıra qapanmalara gedirik, vaksinasiya oluruq. Nəyə görə? Virus azalsın deyə. Orta məktəblər, universitetlər həftədə 5 gün fəaliyyət göstərəcək. Belə olduqda avtobus və nəqliyyatda sıxlıq müşahidə olunacaq. Ona görə də, dərslərin açılması heç də düzgün qərar deyil”.

Paytaxt sakini Elməddin Hüseynli: “Dərslər onlayn formada davam etsəydi, daha yaxşı ola bilərdi. Çünki elə tələbələr var ki, bölgələrdən gəlir. Pandemiya dövründə yoluxma sayını nəzərə alsaq, universitetlərin və orta məktəblərin açılması vəziyyəti daha da pisləşdirə bilər”.

Paytaxt sakini İlkin Həsənov: “Fikrimcə, ümumiyyətlə təhsili dondurmaq cəmiyyəti müəyyən qədər geri salır. Cəmiyyətimiz onlayn təhsil formasına hələ də hazır deyil. Onlayn təhsillə bağlı sırf mükəmməl bir model ümumiyyətlə dünya praktikasında hələ də yoxdur. Ona görə də, təhsilin ənənəvi formaya qayıtması çox yaxşı haldır".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə