YAP GB “Ümumrespublika Xəmsə Festivalı”na start verib - FOTOLAR

Sentyabrın 7-də YAP Binəqədi rayon təşkilatında partiyanın Gənclər Birliyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi ili”nə həsr olunmuş “Ümumrespublika Xəmsə Festivalı”na start verilib. SİA-nın verdiyi məlumata görə, YAP Binəqədi rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Ramiz Göyüşov dövlət başçısı İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə "Nizami Gəncəvi ili" elan edilməsini diqqətə çatdıraraq bildirib ki, bununla bağlı paytaxt və bölgələrdə silsilə tədbirlər keçirilir, gənclərin Nizami yaradıcılığı barədə daha dolğun məlumatlar əldə etmələri üçün geniş imkanlar yaradılır.

Nizami dühasının hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olduğunu xüsusi qeyd edən R.Göyüşov vurğulayıb ki, ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli işlər görülüb. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə qeyd edilir. Dövlət başçısı İlham Əliyevin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyini nəzərə alaraq 2021-ci ili “Nizami Gəncəvi ili” elan etməsi də bunun bariz nümunəsidir.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov açıq havada keçirilən intellektual festivalın məqsədinin Azərbaycan gəncliyinin dünyagörüşünə, fərdi inkişafına töhfə vermək, onlar arasında mövcud əlaqələri inkişaf etdirmək və milli-mənəvi dəyərlərimizə, tariximizə bağlı vətəndaş kimi formalaşmalarına dəstək vermək olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın bütün regionlarını əhatə edəcək festivalda ümumilikdə 420 gənc iştirak edəcək. Yeni Azərbaycan Partiyasına üzv və bitərəf gənclərdən formalaşdırılmış 84 komanda festival çərçivəsində 9 regional turda mübarizə aparacaq.

B.İslamov, eyni zamanda, belə səpgili tədbirlərin Azərbaycan gəncliyinin tariximiz, ədəbiyyatımız, milli-mənəvi dəyərlərimiz barədə zəngin biliklər əldə etmələrində əhəmiyyətindən danışıb.

Sonra dahi Azərbaycan şairinin bəşəriyyətə bəxş etdiyi “Xəmsə” əsasında intellektual yarışmalara start verilib.

Sentyabr ayı ərzində davam edəcək layihənin finalının dahi şair Nizami Gəncəvinin ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaratdığı nəzərə alınaraq Gəncə şəhərində keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə