Azərbaycanın Rus İcması növbəti humanitar tədbirini Gəncədə keçirib - FOTOLAR

Azərbaycanın Rus İcması növbəti humanitar tədbirini Gəncədə keçirib - FOTOLAR

Azərbaycanın Rus İcması ölkəmizdə daim humanitar tədbirlərin keçirilməsində fəallıq göstərir. İkinci Qarabağ savaşında Azərbaycan Ordusuna maliyyə dəstəyi göstərən bu icma müharibədən sonra da şəhid ailələrinə və qazilərə sosial- humanitar dəstək göstərməkdə davam edir.

İcma növbəti humanitar tədbirini Gəncə şəhərində təşkil edib. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycanın Rus İcmasının və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə «Uşaqların məktəbdə bir araya gəlməsinə kömək et!» adlı tədbir keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyətindən «İki sahil»ə verilən məlumata görə, tədbirdə 2021-2022-ci dərs ilində birinci sinifə gedəcək şagirdlərə məktəb ləvazimatları təqdim olunub. Heydər Əliyev Park-Kompleksinin girişində yerləşən Zəfər tağı memarlıq abidəsinin önündə keçirilən tədbirdə GəncəŞəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri İrek Zinnurov, Milli Məclisin deputatı Naqif Həmzəyev və digər rəsmilər iştirak ediblər.

Tədbirdə çıxış edənlər ölkəmizdə hər bir şagirdin Vətənimiz üçün layiqli vətəndaş kimi formalaşmasını şərtləndirən şəffaf və humanitar mühitin olduğunu qeyd ediblər. Eyni zamanda, birinciləri təbrik edərək onlara ilk tədris ilində uğurlar arzulayıblar. Təbirin əsas təşkilatçısı Mixail Zabelin «İki sahilə»ə bildirib ki, məktəblilərə göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcək. Sonra şagirdlərə məktəb ləvazimatları paylanılıb. Tədbir konsert proqramı ilə davam etdirilib.

Qeyd edək ki, Azərbaycanın Rus İcması iki qonşu dövlətin- Azərbaycanla Rusiyanın iqtisadi və siyasi əməkdaşlığının möhkəmlənməsinə dəstək verən bir təşkilatdır. Eyn zamanda, icmanın üzvləri , o cümlədən rus əsilli vətəndaşlarımız Azərbaycanın uğurları və inkişafı üçün həmişə önəmli siyasi və ictimai fəaliyyətləri ilə seçiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə