"Reket" jurnalistlər mətbuatın üz qarasıdır" - BAŞ REDAKTORLARDAN SƏRT REAKSİYA

"Reket" jurnalistlər mətbuatın üz qarasıdır" - BAŞ REDAKTORLARDAN SƏRT REAKSİYA

“Reket jurnalistikaya qarşı mübarizə bir gün belə səngiməməlidir. Çünki adından da göründüyü kimi, onların fəaliyyəti təhdid, şantaj, hədə-qorxu üzərində qurulub. Bu isə kriminal əməldir, insan hüquq və azadlıqlarının pozulmasına yönəlib. Buna görə də "reket" jurnalistlərlə mübarizə aparmaq cəmiyyətin bütün təbəqələrinin, rəsmi qurumların, ən başlıcası isə hüquq mühafizə orqanlarının vəzifəsidir". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, “reket" jurnalistlər mətbuatın üz qarasıdır. Onların mövcudluğu vicdanlı qələm adamları üçün mənəvi zərbədir: "Təbii ki, onların sıradan çıxmasında hamıdan çox, biz maraqlı olmalıyıq. Həmişə o fikirdə olmuşam ki, "reket" jurnalistikasının “çiçəklənməsi” birbaşa məmurların adı ilə bağlıdır. Azərbaycanda "reket" jurnalistləri məmurlar "himayə" edir. Əgər məmurlar rüşvət və korrupsiya bataqlığında boğulmasalar, "reket" jurnalistlər bu qədər əl-qol aça bilməzlər”.

Mərkəz sədri bildirib ki, “reket" jurnalistlərin əl-qolunu bağlamaq, yaranmış münbit şəraitdən istifadə etmələrinə mane olmaq lazımdır: “Bu adamların həbsinin söz və mətbuat azadlığına heç bir dəxli yoxdur. Onlar kriminal ünsürlər olduğu üçün əməlləri qanunvericiliyə uyğun qaydada qiymətləndirilməlidir. Lazım gələrsə, qanunvericilik bazası zənginləşdirilməli, qətiyyətli tədbirlərin görülməsi üçün gərəkən hüquqi baza yaradılmalıdır. Açıq və şəffaf cəmiyyət quruculuğu müstəqil mətbuatdan, effektiv ictimai nəzarət mexanizminin yaradılmasından keçir. Burada "reket" jurnalistlərin iştirakı nəzərdə tutulmur. Əksinə, həmin şəxslərin fəaliyyəti bu prosesə kölgə salır. Açıq cəmiyyət quruculuğunda əməlləri qaranlıq olan adamlara yer yoxdur”.

Mövzu ilə əlaqədar olaraq “7news.az” xəbər portalının baş redaktoru Səbuhi Abbasov fikirlərini bölüşüb: “Son günlər "reket" jurnalistlərlə bağlı problemlər çoxalıb. Düşünürəm ki, Azərbaycanda son 1 ildə bu istiqamətdə ciddi işlər görülür. Ümumiyyətlə "reket" jurnalistika anlayışı yoxdur. Jurnalistika ilə "reket" sözünü yan-yana qoymaq elə düşünürəm ki, düzgün deyil. Biri var jurnalist, biri də var jurnalist adından istifadə edən bir qrup mütəşəkkil dəstə”.

Onun sözlərinə görə, dünyanın hər yerində bu problemlər var: “Ancaq bizdə bu problemlər biraz fərqlidir. Jurnalist olmayan mütəşəkkil cinayətkar dəstələrin sayı hər ötən il artır. Ölkədə bu və ya digər formada fəaliyyət göstərən 3 minə yaxın qəzet və 7 minə yaxın onlayn sayt fəaliyyət göstərir. Düşünürəm ki, ilk növbədə biz "reket" sözünü jurnalistika sözü ilə yan-yana işlətməkdən çəkinməliyik. Bildiyimiz kimi KİVDF dəyişdirildi və Medianın İnkişafı Agentliyi yaradıldı. Medianın İnkişafı Agentliyinin son bir ildə təşkil etdiyi istər müsabiqələr olsun, istər beynəlxalq təlimlər olsun bütün bunlar Azərbaycanda sağlam jurnalistikanın formalaşdırılmasını şərtləndirir. Təəssüflər olsun ki, son 15 ildə bəzi hüquq-mühafizə orqanları bu prosesə çox soyuq yanaşırdılar. Son 1 ildə isə artıq bu məsələyə çox ciddi yanaşılır.

Reketliklə, cinayətkarlıqla müəyyən maddi qazanc əldə etmək üçün göstərilən fəaliyyətlərə artıq göz yumulmur. Ümumiyyətlə bu istiqamətdə mübarizə kompleks şəklində həyata keçirilməlidir. Təkcə Medianın İnkişaf Agentliyi bu prosesdə iştirak etməməlidir, yəni bütövlükdə cəmiyyət olaraq mübarizə aparmalıyıq. Azərbaycanda jurnalistika adı ilə fəaliyyət göstərən qruplaşmış cinayətkar dəstələr birmənalı şəkildə regionlardan qidalanırlar. Ümumilikdə birmənalı şəkildə elan vermək lazımdır ki, əgər, hansısa bir şəxs media adından istifadə edib hansısa məmuru və yaxud da tanınmış şəxsi şantaj edirsə, həmin şəxslə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilməlidir. Düşünürəm ki, Azərbaycanda jurnalistika adından istifadə edib, mütəşəkkil cinayətkar dəstə halına düşən şəxs və ya şəxslərlə bağlı mübarizə kompleks şəklində aparılmalıdır”.

Mövzu ilə bağlı "Editor.az" saytının baş redaktoru Fərid Şahbazlı fikir bildirib: “Biz əslində hər şeydən əvvəl "reket" media anlayışı ilə tənqidçi media anlayışı arasında çox incə bir sərhəd var. Bəzən müxtəlif məmurlar, müxtəlif qurumlar, onların neqativ fəaliyyətini tənqid edən həqiqətləri aşkara çıxarmaq istəyən ictimai nəzarət funksiyasını həyata keçirən jurnalistlərin, media nümayəndələrinin "reket" jurnalist damğası vurmaqla qaralamağa çalışırlar. Ölkəmizdə reket jurnalistlərin olması reallığı da var. Şübhəsiz ki, onlarla bağlı zaman-zaman həm mətbuat şurasının müstəvisində, həm hüquq-mühafiəza orqanlarının müstəvisində çoxsaylı cəza tədbirləri, addımlar atılıb və bu gün də bu mübarizə davam edir. Hesab edirəm ki, "reket" jurnalistika ilə mübarizə təkcə dövlətin, hüquq-mühafizə orqanlarının deyil, eyni zamanda cəmiyyətin də qarşısında duran əssas vəzifələrdən biri olmalıdır. Bu gün təəssüflər olsun ki, hüquq-mühafizə orqanlarının "reket" kimi həbs etdiyi şəxslər zamanında ayrı-ayrı dövlət qurumları, ayrı-ayrı dövlət strukturları ilə yaxından əməkdaşlıq edib. Bəzi hallarda isə onların arxasında ayrı-ayrı dövlət qurumları və ya vəzifəli şəxslər dayanıblar. Əgər, bu gün cəmiyyət "reket" mətbuatda yazılan yazılara reaksiya verməzsə, müvafiq dövlət qurumları orada əksini tapan yazılara diqqət ayırmazsa, həmin mətbuat orqanlarının özləri təbii proses nəticəsində sıradan çıxacaqlar. Çox təəssüf ki, bəzi hallarda ciddi medianın yazdıqlarına reaksiya verməyən dövlət qurumları və strukturlar reket mətbuatda əksini tapan, həqiqətdən uzaq, qərəzli məlumatlara diqqətlə yanaşırlar. Yalnız inzibati üsullarla, hansısa bir cəza tədbiri görməklə bu problemi həll etmək olmaz. Düşünürəm ki, həm jurnalist təşkilatları, həm cəmiyyət, həm də dövlət qurumları birgə həmrəylik nümyiş etdirməklə reket jurnalistikaya qarşı mübarizə tədbirlərini daha güclü şəkildə apara bilər”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə