Dünyamızı xilas etmək imkanlarını itirmək üzrəyik - ANALİZ

Ekoloqların fikrincə, təbiətə amansız divan tutulması dayandırılmasa, yaxın zamanda planeti və bütün canlıları böyük fəlakətlər gözləyir

Bu il dünya ölkələrində anomal iqlim dəyişməsi və təbii fəlakət hallarının sayı daha da artıb. Planetin ağciyərləri - çox nəhəng meşə sahələri yanıb getdi, buzlaqların əriməsi sürətlənib, dünyada ümumi tempratur getdikcə artır, torpaqlar GMO əkinlər və dərmanlarla zəhərlənir, su mənbələri çirklənib, avtomesferə atılan zəhərli qazların həcmini dəfələrlə çoxalıb. Nəticədə, təbii fəlakətlər və iqlim dəyişiklikləri sürətlənib. Azərbaycanda da fəsillərin təbii vəziyyəti dəyişib, ekoloji vəziyyət ağırlaşıb. Çaylarda, göllərdə quruma gedir, meşə sahələrində yanğınlar baş verir.

Qlobal iqlim dəyişmələrinin səbəbləri

Xeyli vaxtdır ekoloq alimlər qlobal qeyri-təbii proseslərin başlandığı haqda həyəcan təbili çalırlar. Getdikcə verilən proqnozlar da pisləşir. İqtisadi və siyasi maraqlar insanlığın taleyini təhlükə altında qoyur. Alimlərin xəbərdarlıqlarına əhəmiyyət verilmədiyindən planetdə başlayan anormal təbii proseslər artıq qarşısıalınmaz formaya keçməkdədir. Artıq soyuq ölkələrdə istiləşmə, isti ölkələrdə soyuqlaşma özünü daha qabarıq biruzə verir. Bu artıq qlobal iqlim dəyişmələridir- bəşəriyyəti məhvə sürükləyən kataklizmlərin ilk siqnalı.

Bəzi ekoloq-alimlərin təbii proseslərlə izah etməyə çalışmalarına baxmayaraq, qlobal istiləşmədə antropogen və texnogen təsirlərin əsas və mütləq təsiri danılmazdır. Əksər ekoloqlar sənayeləşmənin və avtomobillərin sayının sürətlə artmasının bunda böyük rolu olduğunu qeyd edirlər. Bundan başqa təbii resurslara təzyiq xeyli artıb. Daş kömür, neft, qaz və s. yanacaq növlərinin istifadəsi, sənayenin sürətli inkişafı atmosferdə karbon qazının artması ilə nəticələnib. Ona görə də, atmosfer səthində ozon təbəqəsindən sonra karbon qazı təbəqəsi formalaşıb. Texnogen inkişaf planetin iqlimini və biostrukturunu tamamilə dəyişdirir.

Qlobal istiləşmə nədən yaranır?

Qeyd etmək lazımdır ki, ozon təbəqəsi Günəşdən gələn infraqırmızı şüaları Yer səthinə buraxır. Qanunauyğunluğa əsasən, həmin şüaların bir qismi yenidən kosmosa qayıtmalıdır. Amma karbon təbəqəsi buna imkan vermir. Beləliklə də, istixanalarda gedən proses daha böyük formatda Yer üzündə gedir, yəni planetdə “parnik effekti” yaranır.

Ən dəhşətlisi odur ki, bu problemin həlli imkanları artıq itirilmək üzrədir. Hətta bəzi alimlərin fikirlərinə görə, bu imkanlar artıq itirilib və proseslər geridönməz xarakter alıb. Çünki karbon qazının atmosferdə yaşama müddəti 100 ildən çoxdur. Bu da o deməkdir ki, hazırkı problemlərin yaranmasına səbəb ötən əsrdə atmosferə atılan tullantılardır. Deməli, sənayenin sürətli inkişafı ilə əlaqədar atmosferə atılan qazların əsl təsiri hələ qabaqdadır.
Ekspertlərin təhlillərinə əsasən, orta illik temperatur 3-6 dərəcəyə qədər arta bilər. Ənənəvi yanacaqdan istifadə azaldılmasa, yaxın illərdə atmosferdə çirklənmə daha da artacaq. Torpaq və meşə fondunun amansızcasına istismarı, su mənbələrinin kimyəvi çirklənməyə məruz qoyulması son həddə çatıb. Bu isə kataklizmaların başlamasına zəmin yarada bilər.

Rusiya Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri qlobal istiləşməyə antropogen təsirlərin səbəb olduğunu sübut edirlər. İnstitutun apardığı tədqiqatlar iqlim dəyişikliyinin təbii resurslara təzyiqin artması, planetin kimyəvi balansının dəyişdirilməsi və qlobal ekoloji böhran nəticəsində yarandığını göstərir.

Qlobal soyuqlaşma nə vaxt başlayacaq?

Qlobal iqlim dəyişmələrindən söhbət gedərkən təkcə istiləşmə nəzərdə tutulmur. İqlim dəyişmələri nəticəsində rekord həddə çatan şaxtalı günlər də ola bilər. Bəzi isti ölkələrə güclü qar yağması və şaxta düşməsi anormal təbii tendensiyaların başlamasının ciddi xədərdarlıq siqnalıdır. 30-40 il qabaq ekoloq alimlərin xəbərdarlıq etdiyi kimi, artıq fəsillərin dəyişməsi aydın müşahidə olunur, yazla payız siradan çıxır.

Bəs beynəlxalq aləmdə qlobal istiləşmənin gözlənildiyi və bununla bağlı çoxsaylı proqnozların verildiyi bir vaxtda bəzi yerlərə güclü qar yağması nə ilə bağlıdır? Bundan əlavə, əgər dünyada buzlaşma dövrü başlayacaqsa, onda son illər güclü istilərin baş verməsinə səbəb nədir?

Ekoloqların əksəriyyəti baş verən anomoliyaları texnogen səbəblərlə əlaqələndirirlər. Nüfuzlu ekoloqlar bildirir ki, bəşəriyyət əvvəlcə güclü istilərə, sonra isə buzlaşma dövrünə qədəm qoyacaq. Alimin fikrincə, qlobal buzlaşma dövrü ən tezi 2050-cı illərdə başlayacaq...

Ekololar sübut edib ki, istiləşmə Qolfstrim cərəyanının axın istiqamətini dəyişdirir və nəticədə iqlim balansı pozulur.

10 il qabaq Vaşinqtonda iqlim dəyişmələri ilə bağlı təşkil edilən konfransda çıxış edən Nobel mükafatı laureatı Şervud Rouland planetdə buzlaşma dövrünün qəfil başlayacağı barədə xəbərdarlıq edib çox gözlənilməz hadisələrin baş verə biləcəyini demişdi.

Dilemma: ya iqtisadi maraqlar, ya təhlükəsiz həyat

Maraqlıdır, dünya ölkələri bu prosesin qarşısını almaq üçün hansı tədbirləri həyata keçirir? Məlumdur ki, yanacağa qənaət etməklə və enerji effektivliyini, həmçinin alternatin enerjiyə keçməyi sürətləndirməklə dolayısı yolla istilik effekti yaradan qazların miqdarını azaltmaq mümkündür.

ABŞ atmosferə atılan tullantıların miqdarına görə liderdir. Qəribədir ki, məhz bu ölkə Kioto protokolu üzrə heç bir öhdəlik götürməyib. Baxmayaraq ki, 1997-ci ilə qədər protokolun hazırlanmasında amerikalı ekspertlər yaxından iştirak ediblər.

Amma Bill Klintondan sonra hakimiyyətə gələn Corc Buşun komandası sənəd üzrə öhdəlik götürməkdən imtina etdi. Üstəlik, bəzi məlumatlara görə, ABŞ alternativ yanacaqla işləyən texnologiyalara cidd-cəhdlə mane olur. Neft oliqarxlarının buna təsiri şübhəsizdir.

Bu gün ABŞ, Rusiya, Britaniya, Fransa, Yaponiya, Çin, Hindistan kimi böyük sənaye ölkələri bəşəriyyətin təhlükəsizliyini şübhə altına qoyur. Belə ki, bu dövlətlərin bəziləri ətraf mühitin qorunması naminə hazırlanan sənədi ratifikasiya etmir. Onlar öhdəliyi yerinə yetirməyəcəklərini bəyan edirlər. Bir sözlə, siyasi və iqtisadi maraqlar iqlim dəyişmələrinin qarşısını ala biləcək tədbirlərin həyata keçirilməsini əngəlləyir. İqtisadi maraqlar və siyasi ambisiyalar planetin və canlı aləmin taleyini təhlükə altına qoyur.

Alimlər çıxış yolunu nədə görür?

Ekoloqlar bildirirlər ki, ətraf mühitin təmizliyinə nail olmaq üçün hökumətlər iqtisadi gözləntiləri azaltmalıdır. Təbii ki, iqtisadiyyatın inkişafını tamamilə dayandırmaq olmaz. Elə iqtisadi sahələr var ki, orada təmiz texnologiyadan istifadə edilir. Ağır sənayedə- metallurgiya, aliminium istehsalı və s. sahələrdə isə köhnətexnologiyalardan istifadə edilir, heç yeniləri arasında da effektlisi yoxdur.

Bu məqama heç bir əhəmiyyət verilməsə də, ekspertlər burada süni surətdə artırılan heyvandarlıq və quşçuluq komplekslərinin, ət sənayesinin rolunun çox olduğunu bildirirlər. Belə ki, heyvanların süni şəkildə artırılmasının atmosferə atılan zərərli qazların ozon qatının dağılmasına böyük təkan verdiyini bildirirlər.

Böyük broyler fabrikləri gün ərzində az qala yarım milyard litr su istehlak edirlər ki, bu da su mənbələrinin ifrat şəkildə istifadə edilməsi deməkdir. Eyni vəiyyət iri heyvandarlıq təsərrüfatlarında da müşahidə olunur.

Ekoloqlar bərpa olunan enerji resurslarından istifadəyə üstünlük verilməsini tələb edirlər. Bundan başqa, GMO əkinlərin, bakterioloji, kimyəvi silahların sınaqlarının, plastik istehsalının dayandırılması kimi tələblər var. Hazırda sənaye tələbatdan xeyli artıq məhsul istehsal edir ki, bu da həm planetimizin resurslarını tükəndirir, həm də ekologiyanı korlayır, nəticədə də müxtəlif xəstəliklər çoxalır.

Ümumiyyətlə, son vaxtlar ekoloqlar çox qorxulu proqnozlar səsləndirirlər. Alimlərin fikrincə, təbiətə amansız divan tutulması dayandırılmasa, yaxın zamanda planeti və bütün canlıları böyük fəlakətlər gözləyir.

Elçin Bayramlı,
Ekoloq Jurnalistlər Birliyinin sədr müavini

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ekologiya və ətraf mühitin mühafizəsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə