Yorğunluq və nəfəs darlığı kimi Covid-19 simptomları bir il davam edə bilər - ARAŞDIRMA
Covid-19-un uzunmüddətli təsirləri ilə əlaqədar Çində aparılan bir araşdırmaya görə, bir çox insan xəstəxanaya yerləşdirildiklərindən bir il sonra belə yorğunluq və nəfəs darlığı yaşamağa davam edirlər. SİA xəbər verir ki, İngiltərənin “The Lancet” tibb jurnalında dərc edilən araşdırmaya görə, Covid səbəbindən xəstəxanadan çıxan xəstələrin təxminən yarısında 12 aydan sonra hələ də ən azı bir davamlı simptom (əsasən yorğunluq və ya əzələ zəifliyi) var.
"Uzun Covid" dövrü adlandırılan vəziyyətə görə hər üç xəstədən biri bir il sonra nəfəs darlığı yaşayır. Xəstəlikdən daha çox fəsadlara məruz qalan xəstələrdə bu rəqəm daha da yüksəkdir.
Tam bərpa bir ildən çox çəkir
Araşdırmanın yanında nəşr olunan bir məqalədə qeyd edilir ki, uzun müddət davam edən Covid insanların normal bir həyat sürməsinə və iş qabiliyyətinə təsir göstərir. Araşdırma göstərir ki, bir çoxlarına Covid-19-dan tam sağalmaq üçün 1 ildən çox vaxt lazım olacaq.
Araşdırmada, 2020-ci ilin yanvar-may ayları arasında Covid-19-un mənşəyi olaraq göstərilən Çinin Uhan şəhərində pandemiya səbəbiylə xəstəxanaya yerləşdirilən təxminən 1300 adam müşahidə edilib. Müşahidə edilən ən azı bir simptomu olan xəstələrin nisbəti 12 ay sonra 68 faizdən 49 faizə enib.
Depressiya xəbərdarlığı
Altı aydan sonra xəstələrin 26 faizində müşahidə olunan tənəffüs çətinliyi 12 aydan sonra 30 faizə yüksəlib. Virusa yoluxan qadınlar kişilərə nisbətən 43 faiz daha çox yorğunluqdan və əzələlərin zəifliyindən əziyyət çəkirlər. Narahatlıq və ya depressiya diaqnozu qoyulma ehtimalları iki dəfə çox olub. Bununla birlikdə, diaqnoz qoyulmadan əvvəl işləyən xəstələrin 88 faizinin bir il sonra işlərinə qayıtdıqları ifadə edilib.
Araşdırma, ölkələrdəki səlahiyyətliləri tibb işçilərinə və Coviddən təsirlənən xəstələrə uzun müddətli dəstək verməyə hazır olmaları üçün xəbərdar edib.
Redaksiya vəziyyəti başa düşmək və bundan əziyyət çəkən xəstələrə daha yaxşı qulluq göstərmək üçün daha çox araşdırma aparmağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB