Gəncə rus icması: Bu şəhər həmişə tolerantlığı və müdrikliyi ilə məşhur olub! - REPORTAJ

Gəncə rus icması: Bu şəhər həmişə tolerantlığı və müdrikliyi ilə məşhur olub! - REPORTAJ

İrina Kalaşnikova: “Tanrıya dua edirdik ki, oğlumuz vətəni qoruyan digər oğullarla birlikdə sağ-salamat qayıtsın. Xoşbəxtlikdən, qələbə ilə qayıtdı”

Tatyana Orlinskaya: “Bir çox millətlərin nümayəndələri Gəncədə sülh və harmoniya şəraitində yaşayırlar. Bura bizim vətənimiz, doğmamızdır”

İrina Lazareva: “Anam mənə atamın hər zaman Azərbaycanı öz vətəni hesab etdiyini və onun üçün canını verməyə hazır olduğunu söyləyirdi”

Azərbaycanın 2-ci böyük şəhəri Gəncədə bir çox millətlərin nümayəndələri yaşayır. Onların arasında Gəncəni öz evi hesab edən və həyatını sevimli şəhəri olmadan təsəvvür edə bilməyən ruslar da var. Respublikanın ən böyük rus icmalarından biri burada yerləşir. "Moskva-Bakı" portalı bu şəhərdəki həyatlarından danışan və niyə doğma Gəncədən heç vaxt ayrılmayacaqlarını izah edən Gəncə rusları ilə görüşüb. Reportajı oxucularımıza təqdim edirik.

Gəncə və Azərbaycanın Qərb bölgəsi rus icmasının sədr müavini, "Новости Гянджи" (Gəncə Xəbərləri) qəzetinin baş redaktoru İrina Kalaşnikovanın sözlərinə görə, bu gün onların icmasında təxminən 15 min adam var.

“Böyük bir ərazini əhatə edir- Azərbaycanın qərb hissəsindən- Yevlaxdan Gürcüstanla sərhədə qədər. Rus icması bütün Azərbaycan üçün çətin bir zamanda- keçən əsrin 90 -cı illərinin əvvəllərində, SSRİ-nin dağılmasından sonra ölkədə xaos və qeyri-sabitliyin hökm sürdüyü bir dövrdə formalaşdı. Ümumi çaxnaşmaya qapılan bəzi ruslar Gəncəni tərk etdilər. Ancaq rus millətindən olan Gəncə sakinlərinin əksəriyyəti doğma şəhərlərində qaldılar. Və verdikləri qərardan peşman deyildilər- İrina Kalaşnikova deyir.

Eyni zamanda Bakıda, ümummilli lider Heydər Əliyevin dəstəyi sayəsində Azərbaycanın rus icması təşkil edildi və bir az sonra respublikanın digər şəhərlərində regional şöbələr meydana çıxdı. “Əsasən, bunlar ötən əsrin əvvəllərində əcdadları Rusiyadan iş axtararaq Azərbaycana köçmüş və burada daimi məskən salmış ruslardır. Sovet dövründə də Gəncədə məskunlaşanlar var və hələ də bu şəhərdə yaşayırlar”, - müsahibimiz vurğulayır.

İrina Kalaşnikovanın özü əslən Yakutiyadandır, İrkutsk Dövlət Universitetində oxuyarkən gələcək həyat yoldaşı Valeh Hüseynovla tanış olub. Onların Vladimir adlı bir oğlu dünyaya gəlib. Tezliklə ailə o vaxtkı Kirovabad (indiki Gəncə) şəhərinə köçüb.

“Həyat yoldaşımın vətənini dərhal bəyəndim. Yaşıllıqlar, qırmızı kərpic evlər və tələsməyən şəhər həyatı ilə bəzədilmiş rahat küçələr. Və ən əsası- inanılmaz qonaqpərvər və xeyirxah insanlar! İkinci oğlumuz Elçin Gəncədə anadan olub”,- İrina Kalaşnikova deyir.

Böyük oğlu Vladimir hərbçi idi. Bir neçə il əvvəl hərbi xidmətdə olarkən faciəli şəkildə həlak olub. Kiçik oğlu Elçin ehtiyatda olan zabit olmaqla 44 günlük Qarabağ müharibəsi zamanı səfərbər olub.

"Hər gün həyat yoldaşımla birlikdə Ulu Tanrıya dua edirdik ki, Elçin Vətəni qoruyan digər Azərbaycan oğulları ilə birlikdə sağ-salamat evlərinə qayıtsın. Xoşbəxtlikdən, qələbə ilə qayıtdı”- deyə İrina Vladimirovna gülümsəyir.

Qadın Gəncəni öz vətəni hesab etdiyini və bu şəhərdən heç vaxt ayrılmayacağını deyir.

"Tale məni Gəncəyə möhkəm bağladı. Burada ailəm, qohumlarım və dostlarım yaşayır. Və bu şəhərdə oğlum Vladimirin məzarı var ”,- gəncəli xanım deyir.

Yeri gəlmişkən, İrina Kalaşnikova Azərbaycanda rus dilində nəşr olunan ən qədim qəzetlərdən birinin redaktorudur. 2022-ci ildə “Новости Гянджи” 100 illik yubileyini qeyd edəcək.

İrina xanımın iş yoldaşı Tatyana Orlinskaya Gəncədə anadan olub. Həyatını bu şəhərsiz təsəvvür edə bilməyəcəyini söyləyir: “Mənim ata-babalarım qonşu Gürcüstanda yaşayırdılar, Böyük Vətən Müharibəsindən əvvəl Gəncəyə köçdülər. Nənəm Nina Orlinskaya, səhnədə Solmaz Orlinskaya təxəllüsü ilə çıxış edən Azərbaycan SSR Xalq artistidir. Atam Lev Orlinskiy şəhər məktəblərindən birində əməyin əsaslarını öyrədirdi. Anam Penza regionundan Gəncəyə köçüb. Onun bibisi bir azərbaycanlı ilə evlənib, bir dəfə anamı məni onlara qonaq göndəriblər və bundan sonra Gəncədə qalmaq qərarına gəlib. Xalça fabrikində işə düzəlib. O vaxt Gəncə gənclərinin işdən sonra Mədəniyyət evlərində rəqs gecələri təşkil olunurdu. Bu axşamların birində valideynlərim tanış olub və bir il sonra evləniblər"- Tatyana Orlinskaya deyir.

Gəncənin rahat küçələrində valideynləri ilə necə gəzdiyini və qonşuları ilə birlikdə Rusiya və Azərbaycan bayramlarını necə qeyd etdiyini tez-tez xatırlayır.

"Və bu ənənəni bu gün də qoruyuruq- Novruz və Milad bayramlarını birlikdə qeyd edirik. Gəncə həmişə tolerantlığı və müdrikliyi ilə məşhur olmuşdur. Bir çox millətlərin nümayəndələri burada sülh və harmoniya şəraitində yaşayıblar və yaşayırlar. Gəncə doğma yurdumuzdur və həyatımı bu şəhərsiz təsəvvür edə bilmirəm. Harada olursam ol, həmişə Gəncəyə çəkilirəm”- Tatyana deyir.

İrina Lazarevanın 29 yaşı var. İki sevimli oğlan yetişdirir- İlya və Leon. İrina özünü əsl gəncəli hesab edir. Anası Gəncədə, atası Şəmkirdə anadan olub. 60-cı illərin ortalarında atasının valideynləri böyük Nizaminin vətəninə köçüblər. Birinci Qarabağ müharibəsi başlayanda Georgi Lazarev könüllü olaraq cəbhəyə yollanıb. 1993 -cü ilin dekabr ayının sonunda Ağdərə uğrunda gedən döyüşdə şəhid olub. İrina o vaxt 1 yaşında idi.

"Atam başqa cür edə bilməzdi. Anam mənə atamın hər zaman Azərbaycanı vətəni hesab etdiyini və bunun üçün canını verməyə hazır olduğunu söyləyirdi. On illər sonra atamın hisslərini başa düşürəm və bölüşürəm. Gəncə mənim üçün dünyanın ən yaxşı şəhəridir! Burada qohumlarım, dostlarım yaşayır. Oğullarım burada böyüyür və ailəmin gələcəyini bu şəhərlə bağlayıram”- xanım Lazareva vurğulayır.

Reportaj - Samirə Kazımova

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə