Şəhid İsmayılzadə Məhəmmədin ailəsi ziyarət edilib - FOTOLAR

Şəhid İsmayılzadə Məhəmmədin ailəsi ziyarət edilib - FOTOLAR

YAP Suraxanı rayon təşkilatı və “Şəhid anaları” İctimai Birliyinin nümayəndələri Zığ qəsəbəsi sakini olmuş, şəhid əsgər “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medallarıı ilə təltif olunmuş İsmayılzadə Məhəmməd Füzuli oğlunun ailəsini ziyarət etmişlər. YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Salman Əbdülov cari görüşün məqsədini açıqlayarkən şəhid anası Miranə İsmayılovanın şəhidimizin dəfnindən sonra ağır psixoloji-mənəvi sarsıntılar keçirməsi növbəti görüşün onların evlərində təşkil edilməsinin əsas səbəbi olduğunu bildirmişdi. Salman Əbdülov hər zaman şəhid ailələrinin yanında olduqlarını ifadə etmiş, təşkilat olaraq belə görüşlərin davamlı keçirilməsinin faydalı və əhəmiyyətli olduğuna inandığını vurğulamışdır. Ziyarət əsnasında şəhid anaları səmimi söhbət edərək dərdlərini bölüşmüş, bir-birilərinə bu ağır və çətin günlərdən çıxmaq üçün məsləhətlər vermişlər.

“Şəhid anaları” İctimai Birliyinin sədri Nəsibə Əliyeva şəhid analarını bir araya toplayaraq onların ortaq dərdlərini paylaşmaqla yüngülləşdirməyi hədəflədiklərini, ən böyük acıları bölüşməyin, paylaşmağın ən şəfalı dərman olduğuna ümid etdiklərini vurğulamış, şəhid Məhəmmədin anası Miranə xanıma “Şəhid anası” döş nişanını təqdim etmişdir.

Evdə yaradılmış şəhidimizin guşəsinə baxan şəhid anaları xatirə şəkli çəkdirmişlər. YAP Suraxanı rayon təşkilatının təşəbbüsü ilə təşkil olunmuş belə səmimi mühitdə görüşlərin davamlı keçirilməsinin faydalı və əhəmiyyətli olduğunu hesab edərək qərara alınmışdır ki, Suraxanı rayonunda yaşayan şəhid analarının görüşlərini müntəzəm həyata keçirsinlər.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə