Toyda kimə, niyə və necə toy tutulur? - ARAŞDIRMA

Toyda kimə, niyə və necə toy tutulur? - ARAŞDIRMA

Toylarımızda ifrat süfrə menyusu insanların bəhsə-bəhs yerinə, öz imkanlarını başqalarına nümayiş etdirmə məkanına çevrilib

Xalqımızın qədim adət-ənənələri arasında toylar özünəməхsus yer tutur. Milli toylarımızın özüməxsus gözəllikləri, zəngin ənənələri, mənəvi keyfiyyətləri var. Bunlardan biri də yemək-içmək süfrəsidir. Bu dəfəki mövzumuz da elə toylarımızdakı yemək mədəniyyəti ilə bağlıdır.

Elimizin toy kimi bir adəti vardı...

Qədim toylarımızda da qonaqlara müxtəlif növ milli yeməklər təklif olunub. Lakin süfrə heç də toyun əsas atributu sayılmayıb. Hazırda isə toylarda əsas məsələ yemək-içməkdir. Süfrələrin üstündə lap nağıllarda deyildiyi kimi quş südü, can dərmanı - hər şey var. Məşhur filmdə deyildiyi kimi, süfrəni elə doldururlar ki, barmaq basmağa yer qalmır...

Biz inteqrasiya olmağa meyilli xalqıq. Toylarımızda hər şeyi artıq çoxdan avropalaşdırmışıq. Amma nədənsə yemək məsələsində bu, alınmır. Bu yemək ki var - bu, bizim yaralı yerimizdir.

Çox maraqlıdır, ictimai müzakirələrdə hamı Avropa ölkələrini, Rusiyanı, Amerikanı misal gətirir, “onlar bizdən ağıllıdır, toyda çox sadə süfrə açırlar, bizim kimi 30-40 cür yemək vermirlər” deyir, lakin həmin adamların təşkil etdikləri toya gedəndə görürsən ki, özü başqalarından daha böyük həngamə çıxarıb.

Hər kəs bir-birinin bəhsinə girib daha “ağır” stol açmaq istəyir. Masalarda planetimizin Antraktida istisna olmaqla bütün materiklərindən gətirilmiş saysız-hesabsız nemətlər düzülür. Bununla fəxr edən toy sahibi heç düşünmür ki, bu həngaməni öz gücünə yox, qonaqların puluna həyata keçirir.

Yəni, masanın qiyməti haqda qabaqcadan informasiya sızdırılır və qonaqlar da məcbur olub həmin qiymətdən bir az da artıq pul yazdırırlar ki, bəylə-gəlinə bir kömək olsun. Lakin deyir, sən saydığını say, gör şadlıq evinin sahibi, qadın salonunun sahibi, musiqi qrupu, video və foto operatorlar... nə sayır.

Saman sənin deyil, samanlıq ki sənindir…

Daha bir problem isə ondan ibarətdir ki, “stolun üstünə nə düzülübdürsə, hamısından yemək lazımdır” prinsipi ilə yaşayanlar çoxdur. Toya gələrkən bəziləri sanki birinci dəfədir yemək görürlərmiş kimi, o qədər yeyirlər ki, nəfəs ala bilmirlər. Axı atalar yaxşı deyib: “Saman sənin deyil, samanlıq ki sənindir”.

Təəssüf ki, bunu anlayanlara az rast gəlirik- masanın üstünə çox növdə yemək düzülübsə, bu, o demək deyil ki, hər kəs bunların hamısından yeməlidir. Bu ona görədir ki, kim daha çox nəyi sevirsə ondan yesin və ya kiməsə həkim hansısa qidaları qadağan edibsə, o yeməyə bir şey tapa bilsin.

Şadlıq sarayının bahalı və ya ucuz olmasından asılı olmayaraq orda təqdim olunan yeməklərdə fərq olmur. Hətta bəzən bahalı restoranlarda təklif olunan yeməklər daha keyfiyyətsiz olur. Əgər toya qonaq gələn adam sağlamlığına diqqət edən, az-çox savadı olan, əlinə keçənlə qidalanmayan biridirsə, o zaman mütləq toydan ac gedəcək.

Əksər restoranlarda 5-10 çeşiddə yemək, 30-40 çeşiddə çərəz və salat təklif olunur. Burada bir neçə paket olur- toy sahibinin yeməkləri dəyişdirmək, menyudan çıxarmaq hüququ yoxdur, lap çıxartsa da pulunu ödəməlidir. Həm də minimum menyu və yer sayı var ki ondan aşağı olmaz.

“Qida növü çoхaldıqca risk mənbəyi də artır”

Qidalanma üzrə mütəxəsislərin fikrincə, hər bir insan süfrəyə əyləşəndə yalnız 1-2 yemək növü ilə qidalanmalıdır. İsti yeməklər, meyvə, müхtəlif tərkibli salatlar, çərəzlər, içkilər hamısı eyni vaхtda qəbul olunursa, bu, insan sağlamlığına ciddi fəsad verir.

Qida texnoloqu Ağa Salamovun sözlərinə görə, toylarda təklif olunan yeməyin sağlam və təbii qida olub-olmamasına mütləq diqqət olunmalıdır.

Toylarda baş alıb gedən israfçılığın tərəfdarı olmadığını bildirən ekspert deyir ki, əgər çoх qida hazırlanırsa, çoхlu da işçi qüvvəsi tələb olunur: “Qida çoхaldıqca risk mənbəyi də artır. Hazırlanan qidalar hamısı termik emaldan keçməlidir. Emaldan keçməyənlər soyuducuda saхlanmalıdır”.

Texnoloq bildirir ki, restoranlarda həddən artıq çox növdə salatlar hazırlanır. Onun sözlərinə görə, toydan sonra artıq qalan qidalar sabahı günü başqa bir toyda təqdim olunur: “Botulizm, bağırsaq çöpləri хəstəlikləri də belə qidalardan yaranır. Toylarda təqdim olunan yeməklərin çoхu Azərbaycan mətbəхinə aid olmayan salatlar, yeməklərdir. Yeməklərin də çoxu stolların üstündə qalır. Bu israfçılığın restoran sahibindən başqa heç kimə xeyri yoxdur”.

Müasir toylar pul yığmağa hesablanır

Psixoloq Nail Allahverdiyev hesab edir ki, bizim toylar indi biznes maraqları daşıyır, el adətləri ilə edilən toylar yox olub: “Hesab edirəm ki, toyun təşkilini, kimlərin qonaq çağırılmasını, menyunu və məkanı bəylə-gəlin özü seçməlidir. Toyda tamadaya ehtiyac olmamalıdır, yeməklər israf edilməməlidir”.

Psixoloqun fikrincə, hazırda Azərbaycanda elə bir müasir toy modeli yaranıb ki, nə milli toylara, nə də başqa xalqların toylarına bənzəmir: “Bu ortaq bir model də deyil, sadəcə həddən artıq baş ağrısı verən, süfrənin bolluğu ilə yeməklərin keyfiyyətsizliyi təzad təşkil edən, təm-təraq və nümayişkəranəliyə və ən əsas pul yığmağa hesablanan müasir Azərbaycan toyunun bir çox cəhətləri ilə islahata və hətta ixtisara ehtiyacı var”.

N.Allahverdiyevun qənaətinə görə, şadlıq saraylarında neqativ hallar var, onlar bir çox məsələləri diktə edirlər, lakin bütövlükdə sifarişi toy sahibi verir: “O özü müəyyən etməlidir ki, hansı yeməkləri verəcək, neçə növ olacaq. Amma təəssüf ki, bizim insanlar bir-birilə bəhsə girirlər. Bu şəkildə toy keçirmək olmaz. Bəhs etməyi kənara qoya bilsək, problemi həll etmək olar”.

Toya yazılan pullar kimin cibinə gedir?

İş o yerə gəlib ki, indi toya çağırılan adam sevinmək əvəzinə məyus olur. Orta statistik vətəndaşımız aylıq maaşının əhəmiyyətli bir hissəsindən keçməlidir. Bəs həmin ay necə dolanacaq? Özü də bu işgəncə kiminsə lovğalanması üçün baş verir.

Sosioloq Elçin Bayramlı deyir ki, toya gələn qonaqların toya yazıldığı məbləğ, əslində, yeni evlənənlərə çatmalıdır: "Bu pulla yeni ailə quranlar heç olmasa öz evləri üçün çatışmayan nələrisə ala bilər. Amma bu pullar şadlıq sarayının sahibinə çatır. Hətta bəzən, toya yazılmış pullar heç şadlıq sarayının xərcini ödəməyə belə çatmır. Və toy sahibi borca düşür. Hətta elə hallar olub ki, şadlıq sarayının pulunu ödəyə bilmədiyi üçün bəy girov saхlanılıb.

Qısası nə toy edən, nə toya gələn həmin toydan şadlıq sarayının sahibi qədər razı qala bilmir. “Qonşudan dala qalma” prinsipi ilə yaşayan adamların sayəsində şadlıq evlərinin sahibləri küllü miqdarda pul qazanır.

Əslində, toya pul yazılmaq ondan ötrüdür ki, yeni evlənənlərə hər kəs öz köməyini göstərsin, onlar da həmin pulla özlərinə ev qursunlar. Keçmişdə toylarda bəylə-gəlinə hədiyyə gətirərdilər. Yaxın qohumlar və qonşular isə toyun təşkilinə də kömək edərdilər.

Olmaz ki, onun əvəzinə xərclənən vəsaiti daha məntiqli məsələlərə yönəldək? Məsələn, toyda 2-3 cür yemək verib, qalan pulları yeni evlənənləri bal ayını keçirmək üçün xaricə gəzməyə yollayaq. Yaxud da onların hansısa problemlərini həll etməsi üçün özlərinə saxlayaq? Bunun üçün məncə ictimai qınaq və nəzarət mexanizmi fikirləşməyin əsl zamanıdır".

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə