Biz azad olmaq üçün, ilk növbədə, qanunun qulu olmayılıq - Siseron
Azərbaycanda söz və mətbuat azadlığının ifrat həddə çatması ciddi probemlər yaradıb. Bəziləri söz azadlığı ilə təhqir, böhtan, şantaj anlayışlarını dəyişik salırlar. Və medianın, sosial şəbəkələrin imkanlarından başqalarını ləkələmək, təhqir etmək üçün istifadə etməyə çalışırlar.
Dünyanın heç bir ölkəsində belə bir fakt yoxdur ki, kimsə başqasını təhqir edə, heç bir əsas, fakt göstərmədən ona böhtan ata, hansısa ictimai xadimi və ya məmuru şantaj edə və məhkəmədə də bunun adını söz azadlığı qoyub özünü məsuliyyətdən azad edə. Çünki insan hüquqları hər cür söz azadlığından üstün dəyərdir. Bunun əksi olsa, anarxiya baş verər. Hamı xoşu gəlməyən adamı təhqir edər, böhtan atar, əsassız iddialarla ləkələyər, bəs onda o vətəndaşların elementar hüquqları necə olsun?
Dünya ölkələrinin hərəsi, ayrı milli psixologiyaya, fərqli qanunlara, mentalitetə və demokratik inkişaf səviyyəsinə malikdir. Lakin qanunlar və dəyərlər hər yerdə eynidir. Azərbaycanda da insan hüquqları ilə söz azadlığı arasında incə, lakin möhkəm qırmızı xətt var. Yəni, sən bir məmurun, ictimai xadimin işini faktlarla tənqid edə bilərsən, lakin onun şəxsiyyət və ləqalətini alçalda, onu təhqir edə bilməzsən.
Son vaxtlar söyüş və təhqir azadlığı siyasi mübarizənin də əsas elementinə çevrilib. Rəqib siyasi qüvvələr bir-birini gözdən salmaq, acıq çıxmaq üçün sivil polemikalardan, debatlardan qaçaraq, öz əllərində olan sosal mediada təhqir etməyə üstünlük verirlər. İş o yerə gəlib çatıb ki, hətta dövlət başçısını belə təhriq edirlər.
Eyni vaxtda hansısa mərkəzdən gələn komanda ilə heç bir əsas, fakt, sübut göstərmədən dövlət rəhbərləri təhqirə məruz qoyulur. Halbuki, mövcud qanunlara görə təhiqir olunan məmurlar həmin şəxsləri məhkəməyə verib cəzalanmalarına nail ola bilərdilər. Lakin bunu etmirlər, əksinə, dözümlülük nümayiş etdirirlər. Nəticədə həmin qüvvələr daha da azğınlaşır, hətta ən pis küçə söyüşlərinə keçirlər. Deməli, yanaşma düzgün deyil, qanun çərçivəsində adekvat tədbirlər görülməlidir.
Bu faktlar söz azadlığına yanaşmanın, əslində, birmənalı ola bilməyəcəyinə möhkəm əminlik yaradır. Bizdə bu məsələ qanundan əlavə həm də yazılmamış normalarla, milli-mənəvi dəyərlərlə tənzimlənir. Yəni, söyüş, təhqir cəmiyyətdə pis qəbul olunur, tənqid isə normal.
Hazırda jurnalistlər bir yana qalsın, digər vətəndaşlar da internet resurslarda, sosial şəbəkələrdə azad və sərbəst şəkildə istədiklərini yazırlar. Bu azadlıq isə bir çox hallarda problemlərə gətirib çıxarır. İnternet məkanında olan nəzarətsizlik və gizlilik imkanlarından daha çox pis məqsədlərlə istifadə olunur.
Sosial mediada hər kəs istənilən problemi ictimailəşdirə bilir, nöqsanları üzə çıxarır, tənqidi fikirlər yürüdə bilir. Lakin, virtual məkanda söyüş və təhqir halları daha geniş yayılıb. Və demək olar ki, sosial şəbəkələrdən pis məqsədlərlə istifadə halları xeyli üstünlük təşkil edir.
Qeyd etmək lazımdır ki, hər hansı bir şəxs öz şərəf və ləyaqətinin müdafiəsi hüququna malikdir və dövlət bu hüququ müdafiə etməlidir. Söz azadlığının digər insan hüquqlarından üstün tutulması isə bu hüququ onun əlindən ala bilər.
Bunu vicdanın ümidinə buraxmaq olmaz. Vicdan amili artıq tarixin arxivinə gömülmək üzrədir. İctimai qınaq da effektli deyil. Bizim cəmiyyətdə hazırda ictimai qınağın güclü təsir mexanizmi olduğunu düşünmək sadəlövhlük olardı.
Ona görə də, indiki şəraitdə “söz azadlığıdır” deyib vətəndaşların təhqirinə göz yummaq ciddi mənfi fəsadlar yarada bilər. İstənilən nüfuzlu şəxsi böhtanla gözdən salmaq, imicinə zərbə vurmaq, hətta işində və ailəsində ciddi problemlər yaratmaq mümkün olar.
Gəlin bir anlığa özümüzü o şəxsin yerinə qoyaq. Sən illərlə ağır zəhmət çək, özünə hörmət qazan, sonda hansısa merkantil maraqları olan bir “jurnalist” səni yalan və böhtanla ləkələsin.
Media hər hansı bir informasiyanı qısa zamanda milyonlara təqdim etmək qüdrətindədir. Lakin siz bunun yalan olduğunu hamıya izah etmək üçün qapı-qapı düşüb əksini sübut etməlisiniz. Bəzən təkziblə də iş bitmir. Həmin materalı oxuyan oxucuların ola bilər ki, yarısı həmin təkzibi görməsinlər.
Ona görə də, müvafiq qanunvericiliyə yenidən baxılması zərurəti yaranıb. Hesab etmək olmaz ki, vəziyyət (qanunvericilik) dəyişsə jurnalistlərin fəaliyyəti məhdudlaşacaq. Əksinə, daha məsuliyyətli və daha obyektiv olacaq. Qanun bu cür məsələləri tənzimləmək üçündür. Yoxsa, cəmiyyətdə anarxiya olar. Demokratiya anarxiya olmadığı kimi, mətbuat azadlığı da provakasiya demək deyil. Qələm cəmiyyətin inkişafına xidmət etməlidir, cəzasız qalacağına hüquqi təminat alaraq insanları ləkələmək cəhdinə şərait yaratmalı deyil.
Əgər jurnalistlər və sosial şəbəkə istifadəçiləri bunu könüllü etmirlərsə, ondan dövlət bunu təmin etmək üçün ciddi addımlar atmağa borcludur. Dövlət bütün vətəndaşların hüquqlarını qorumağa məcburdur. Və bu funksiyasını yerinə yetirməlidir.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB