Suraxanı rayonunda şəhid Şahbazov Elnur doğum günündə yad edilib - FOTOLAR

Suraxanı rayonunda şəhid Şahbazov Elnur doğum günündə yad edilib - FOTOLAR

Avqustun 20-də Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər 2001-ci ilin bu günündə dünyaya göz açan şəhid Şahbazov Elnur Qədir oğlunun ailə üzvlərinə dərin hüznlə baş sağlığı vermiş, həmçinin şəhidin Yeni Suraxanı qəsəbəsində yaşadığı evin qarşısındakı xatirə lövhəsini və qəsəbə Şəhidlər Xiyabanındakı əbədi istirahətgahını ziyarət edərək dualar oxumuş və məzarı önünə gül dəstələri düzüblər. SİA-nın verdiyi məlumata görə, Suraxanı RİH başçısı Əziz Əzizov bildirmişdir ki, şəhidlərimizin əzmi, iradəsi, qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyulub, düşmən tapdağında olan torpaqlarımız azad olunub. Bu gün şəhidlərimizin evi ziyarət yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov cənab Prezidentin şəhid ailələrinə və qazilərə olan münasibətinin hər bir vətəndaş üçün örnək olduğunu ifadə etmişdir. Ali Baş Komandanın azad olunmuş rayon və şəhərlərə səfərlərini xüsusi qeyd edən rayon təşkilatının sədri bildirmişdir ki, dövlət başçısının verdiyi uzaqgörən bəyanatlar, dünya mətbuatına verdiyi müsahibələrə qələbəmizin qorunub saxlanmasına xidmət edir. O, şəhid ailələrinin qarşısında baş əydiyini deyib.

Çıxış edən ictimai xadimlər, rayon sakinləri, müəllimlər, şəhidin əzizləri, yaxınları Elnurun nümunəvi insan kimi ailəsinə, vətəninə, xalqına bağlı olduğunu bildirmişlər. Uşaq yaşlarından idmana olan marağı hərbi xidmət zamanı onun xüsusi təyinatlı əsgər kimi xidmətinə davam etməsinə səbəb olmuşdur. Şuşanın ətraf ərazilərinin düşmən ünsürlərdən təmizlənməsində göstərdiyi xidmətlərinin döyüş yoldaşlarına və yeni yetişən gənclərə nümunə olduğu ifadə olunub.

Qeyd edək ki, şəhid əsgər Şahbazov Elnur ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Sonda çıxış edən şəhidin atası Şahbazov Qədir tədbirdə iştirak edənlərə, göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə