Yeni hədəflər Azərbaycanın işıqlı sabahına hesablanıb - XARİCİ MEDİA

Yeni hədəflər Azərbaycanın işıqlı sabahına hesablanıb - XARİCİ MEDİA

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik danışıqlar nəticəsində qazandığı zəfər tariximizə Qələbəmizi həkk etdi və bu hər birimizdə böyük qürur, fəxarət hissi yaratdı. Bu tarixi qələbəmiz bütün dünyaya yayıldı və Azərbaycanın qısa bir zamandakı hərbi əməliyyatı, taktikası bu gün dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmaqla, onları torpaqlarımızdan "iti qovan kimi" qovaraq məğlub etməsi 30 ilə yaxın işğal altında olan tarixi torpaqlamızın azad olunması ilə nəticələndi. Bu əlamətdar hadisə milli birliyimizi, həmrəyliyimizi daha da gücləndirdi.

Bu gün artıq Azərbaycan işğaldan azad olunan torpaqların abadlıq-qurucuqluq işlərinə start verib. Cənab Prezidentin bu torpaqlara səfəri əlbəttə ki, bu ərazilərin yaxın vaxtlarda dirçəlməsinə səbəb olacağından xəbər verir. Azərbaycanın bu uğur və nailiyyətləri, Zəfəri dünya mətbuatının manjetinə çevrilib. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci Xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri dünya mətbuatında yer ayrılıb. Müharibədən sonra Kəlbəcərə ilk səfəri zamanı Cənab Prezident burada Kəlbəcərin bərpası, yenidən qurulması prosesinə start verərək, bir neçə reallaşacaq layihənin təməlini qoyub.

Əlcəzairin "Əl Hərir" portalında "Prezident İlham Əliyev: Qarabağda törədilmiş erməni vəhşiliyini bütün dünyaya göstərəcəyik" sərlövhəli məqalənin dərc edilməsi ölkəmizə ayrılan diqqət və uğurlarımızın sürətlə dünya ictimaiyyətinə çatdırılmasından xəbər verir.

Məqalədə Prezident İlham Əliyevin Kəlbəcər şəhərində dövlət bayrağının ucaldılması mərasimindəki çıxışında Ermənistanın kapitulyasiya aktını imzalayandan sonra Azərbaycandan vaxt istədiyini, Rusiya rəhbərliyinin də Kəlbəcərdən öz şələ-şülələrini yığışdıra bilməsi üçün onlara on gün vaxt verilməsi barədə müraciət etdiyi qeyd edilib. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı zamanın dəyişməsinə baxmayaraq, erməni faşizminin dəyişmədiyini diqqətə çatdırıb: "Heç kim bunu unutmamalıdır. İndi onların bəzi hallarda göndərdikləri yaltaqlıqla dolu sözlərinə inanmaq olmaz. Buna inanmaq istəyən, bax, bu mənzərəni göz önünə gətirsin, dağıdılmış Ağdamı, Füzulini, Şuşanı, Kəlbəcəri, Laçını, Zəngilanı, Qubadlını, Cəbrayılı göz önünə gətirsin. Erməni vəhşilərin əməlləri göz qabağındadır. Amma onların hamiləri bunu görmək istəmirlər. Amma görməlidirlər və görəcəklər". Dövlət başçısı onu da bildirib ki, indi kitablar da dərc edirik və bununla bağlı göstəriş verdiyini və təqdimatların da olacağını diqqətə çatdırıb. "Xarici ölkələrdə sərgilər olacaq. Biz göstərəcəyik. Bunu görmək istəməyən məcbur olub görəcək. Görəcək ki, erməni faşizmi, erməni vəhşiliyi nədir"- deyə Prezident bildirib.

Dövlət başçısı bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa da nail olacağımızı bildirib: "Biz bu gün buradayıq, Kəlbəcərdəyik, Azərbaycanın çox gözəl guşələrindən biri olan Kəlbəcərdəyik və biz bundan sonra burada əbədi yaşayacağıq". Əlbəttə ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib və ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Ölkəmizlə bağlı dərc edilən hər bir yazıda Azərbaycanın işıqlı sabahı aydın göünür. Prezidentin imzaladığı sərəncamlar, verdiyi qərarlar, apardığı islahatlar Azərbaycanın bu gününə və parlaq gələcəyinə hesablanılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən də geniş şəkildə işıqlandırılıb. Anadolu agentliyi, "TRT Haber", "Haber Global" telekanalları, "Sabah", "Yeni akıt", "Hüriyyət", "Milliyet" qəzetləri və digər media qurumları səfərin təfərrüatlarını türkdilli ictimaiyyətə geniş şəkildə çatdırıblar. Anadolu Agentliyinin yaydığı videomaterialda dövlətimizin başçısı İlham Əliyevin öz səsi ilə səfər və onun təfərrüatı barədə türkdilli ictimaiyyətə məlumat çatdırıb. Bölgənin füsunkar gözəlliyi, Prezident İlham Əliyevin Kəlbəcərdə dövlət bayrağımızı yüksəltməsi, dövlətimizin başçısının yerli sakinlər, eləcə də arıçılarla görüşü və səmimi söhbəti orijinal kadrlar əsasında materialda diqqətə çatdırılıb."Sabah" qəzetində isə Prezident İlham Əliyevin səfər çərçivəsindəki çıxışları, fikir və mülahizələri əsasında analitik təhlil aparıb. Yazıda Azərbaycana qarşı həyata keçirilmiş işğalçılıq siyasəti və sərgilənən ədalətsizlik faktlarla oxucuların ixtiyarına verilib.

Dünya mətbuatında yera alan məqalələrdə Qarabağ torpaqlarının işğalda qalması nəticəsində əvəzsiz flora və faunasının məhv olunması da işıqlandırılır. Azərbaycanın tarixi mədəniyyət mərkəzlərindən biri olan Qarabağ ərazisinin xarabalığa çevrilməsi, ermənilərin iyrənc, məkrli siyasəti nəticəsində ekoloji mühiti yararsız hala salınması diqqətədən kənarda qalmır. 27 il müddətində işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmışdır. Tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuşdur. Erməni vandallığı fərdi və çoxmənzilli yaşayış evlərinin dağıdılmasınv səbəb olmuşdur. Ermənilər tərəfindən aparılan şumlama əməliyyatına baxmayaraq bu gün bu ərazilər dirçəliş dövrünü yaşayır. Azərbaycan dağıdılmış, talan edilmiş məkanları bərpa edərək, dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşdırır. Cənab Prezidentin rəhbərliyi altında görülən işlər qısa bir zaman məsafsində bu əraziləri dünyaya nümunəvi şəhər tək təqdim ediləcəkdir və o zaman dünya mətbuatı ölkəmizin bu dinamik inkişafından, uğurlarından yazacaq.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə