Baş verən yanğınlar hansı fəlakətlərə yol açır? - EKSPERTLƏR AÇIQLADI

Baş verən yanğınlar hansı fəlakətlərə yol açır? - EKSPERTLƏR AÇIQLADI

“Meşə yanğınları zamanı böyük bir təhlükə yaranır. Ən dəhşətlisi havanın zərərli tüstü ilə dolmasıdır. Belə olduqda ekoloji vəziyyət xeyli pisləşir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, qısa zaman ərzində ani olaraq bu hadisələr ardıcıl olaraq baş verir: “Eyni zamanda meşədəki ağaclar uzun-uzun illər boyu inkişafını dayandırır. Artıq konkret infrastruktur yaranmış meşə yanaraq külə çevrilir. Ağacların yanmasından başqa heyvanlar və digər canlılar da məhv olunur. Təbiətdə yanğınların qarşısını almaq üçün çox diqqətli olmalıyıq. Yer üzündə müəyyən təbəqə yaranır ki, belə olduqda hava, iqlim pozulur. Bunun üçün ciddi tədbirlər görülməlidir”.

Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova fikir bildirib: “Dünyada baş verən meşə yanğınları adətən ya insan faktorundan, ya da təbii amillər səbəbindən baş verir. Ümumiyyətlə, uzunmüddətli monitorinqlər onu göstərir ki, yanğınların adətən 90-95%-i insan faktoru səbəbi ilə yaranan yanğınlardır. Bunlar bəzən adi bir ehtiyatsızlıq səbəbindən baş verərək böyük fəlakətlərə gətirib çıxarır. Ümumiyyətlə meşə yanğınları ilə mübarizə tədbirləri kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq qabaqlayıcı tədbirlər həyata keçirilir. Hər ilin əvvəllərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə tədbirlər planı işlənib hazırlanır. Həmin tədbirlər planında baş verə biləcək yanğınların aradan qaldırılması və yanğının baş verməməsi üçün müəyyən qabaqlayıcı tədbirlərin görülməsi kimi fəaliyyətlər əks olunur”.

Arzu Səmədova sözlərinə davam edərək həmçinin qeyd edib ki, hər il yay mövsümü başlamamışdan qabaq meşə sahələrində, milli park və qoruqlarda, sərhəd ərazilərində mineral zolaqlar çəkilir: “Həmin mineral zolaqlar hər hansı bir ərazidə yanğın baş verəcəyi təqdirdə yanğının meşəyə, milli park və qoruqların ərazilərinə keçməsinin qarşısını alır. Bundan əlavə hər iki nazirliyin nümayəndələrindən ibarət təlimlər həyata keçirilir. Əvvəlki illərdə bu təlimlər nəzəri əhəmiyyət kəsb edirdisə, artıq 2021-ci ildən praktiki təlimlərin keçirilmısinə başlayıb. Praktiki təlimlər yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının iştirakı ilə deyil, eyni zamanda bu təlimlərə həm Prokurorluq, həm meşə ərazilərinə yaxın yerdə yaşayan kənd icmaları cəlb olunur. Təlimlərdə şərti yanğın yaradılaraq bu yanğının söndürülməsi istiqamətindən iş aparılır. Burada məqsəd hər hansı bir baş verə biləcək yanğının qarşısını daha operativ almaq üçün həm aidiyyatı qurumların nümayəndələri, həm də yerli sakinlərdə bu bilik və bacarıqların artırılmasından ibarətdir. Meşə yanğınları ümumilikdə böyük ekoloji problemlərə səbəb ola bilir. Həm atmosferdə zərərli tullantıların midarı artır. Həmin ərazilərdə yaşayan heyvanların tələfinə səbəb olur. Bitki örtüyü və torpağın üst münbit qatı məhv olur. Ümumilikdə yanğlınlar təbiətin estetikasının, ekoloji tarazlığın pozulmasına gətirib çıxarır”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə