"Sms icazəyə qayıtmaq istəmiriksə, vaksinləşməliyik" - KOMİTƏ ÜZVÜ XƏBƏRDARLIQ ETDİ
“Əfsuslar olsun ki, son zamanlar gün ərzində respublikada koronavirusa yoluxanların sayı artmaqdadır. Artıq bu rəqəm iki mini keçib və sağalanların sayı yoluxanların sayından nisbətən azdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, acınacaqlı haldır ki, koronavirusdan həyatını itirənlərin sayı əvvəlki günlərə nisbətən artmaqdadır: “Bunun bir neçə səbəbi var. Birincisi, hamıya məlumdur ki, yay fəsli müddətində koronavirusla bağlı statistika çox yaxşı idi. Yoluxanların sayı xeyli azalmışdı. Bununla da əlaqədar bir sıra yumşalmalara gedildi. Artıq bundan sonra yoluxma sayı yenidən artdı. Toylara müəyyən şərtlər daxilində icazə verildi. Adam sayının müəyyən limitdən çox olması, bəzi vətəndaşların virus daşıyıcısı olduğu halda, toylarda iştirak etməsi yoluxmanın sayını daha da artırdı. İkincisi koronavirusun yeni ştammlarının yaranması yoluxma sayının artmasına səbəb oldu.
Üçüncü səbəb isə bu yumşalmalar tətil vaxtına təsadüf olundu. Yəni yay aylarında insanların əksəriyyəti rayonlara, istirahət zonalarına üz tutdu. Kütləvi halda toplaşmalar oldu, sosial məsafə nəzərə alınmadı, qapalı şəraitdə bir çox insan maskadan istifadə etmədi. Bu səbəblər bugünkü statistikanın bu vəziyyətdə olmasına gətirib çıxardı. Koronavirusdan qorunmanın yeganə yolu vaksinasiya olunmaqdır. Bu proses Azərbaycanda yaxşı getsə də, amma yenə də faiz etibarilə bu say ürəkaçan deyil. İnsanların vaksinləşməsi daha da sürətlənməlidir. Çünki yoluxma sayının artmasının qarşısını almaq üçün yeganə yol vaksinləşmədir. Bu günə olan statistika da onu göstərir ki, xəstəxanalarda koronavirusa yoluxanlar məhz vaksin olunmamış insanlardır. Əvvəlki rejimə, sms icazəyə qayıtmaq istəmiriksə, vaksinləşməliyik. Çünki bizim başqa çıxış yolumuz yoxdur”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB