"Gənclər cəmiyyətdə bütün proseslərin aparıcısı rolunu oynayır" - SORĞU

"Gənclər cəmiyyətdə bütün proseslərin aparıcısı rolunu oynayır" - SORĞU

“Hər zaman olduğu kimi gənclər cəmiyyətdə bütün proseslərin aparıcı qüvvəsi rolu oynayırlar. Əlbəttə ki, zaman keçdikcə gənclərin cəmiyyətdəki rolu onların üzərinə düşən vəzifələr daha da artır”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib.

Onun sözlərinə görə, Azərbaycan gəncliyi perspektivindən baxdıqda onu deyə bilərik ki, bu gün formalaşan Azərbaycan gəncliyi bir çox məqamlardan müsbət mənada özünü göstərir: “Biz ötən il 44 günlük Vətən müharibəsində də gördük ki, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında böyük əksəriyyəti müstəqillik dövründə formalaşan Azərbaycan gənclərindən təşkil olunmuş Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi və böyük qəhrəmanlıq şücaət göstərərək torpaqlarımızı işğaldan azad etdi. Bu gün Azərbaycan gəncliyi vətənpərvərlik, milli maraqların qorunması tərəfindən müsbət aspektdədir. Müasir dövrün öz yeni çağırışları, innovativ üstünlükləri də vardır ki, bu da hər bir gənci daha rəqabətcil olmağa, öz olduğu peşəsində sahəsində müasir yeniliklərə, rəqəmsal dəyişikliklərə innovativ proseslərə daha yaxşı adaptasiya etməyə sövq edir. Ona görə də, bu gün Azərbaycan gəncliyi bu istiqamətdə özünü göstərir. Azərbaycan gəncinin digər bir üstün cəhəti bütün proseslərə sürətli şəkildə adaptasiya olmasıdır. Biz bunun pandemiya dövründə də bir daha şahidi olduq ki, Azərbaycan gəncliyi pandemiya dövrünün gətirdiyi yeni reallıqlara, gətirdiyi çətinliklərə necə sürətli şəkildə uyğunlaşdı. Müasir dövrün yenilikləri, innovasiyaları dedikdə bu gün istənilən bir insan üçün xüsusilə də gənclər üçün ən lazım, ən vacib özəllik adaptasiya məsələsidir. Ona görə də, Azərbaycan gənci sürətli proseslərə adaptasiya olmaqla, məsələləri sürətli şəkildə başa düşüb analiz etməklə digər ölkələrin gənclərindən yaxşı mənada fərqlənir. Ona görə də düşünürəm ki, bu, özlüyündə çox vacib keyfiyyətlərdir və Azərbaycan gəncində unikal model yaranır ki, bu gün Azərbaycan gəncliyi bu məqamları birləşdirdikdə vətənpərvər, milli maraqların qorunması yönümündə hər zaman addımlamağa hazır, məsələlərə yalnız öz şəxsi maraqlarında yox, ümummilli maraqlardan baxa bilən, dünyagörüşlü, öz peşəsində daim yeniliklərə hazır gənclik olaraq formalaşır”.

ATGTİ - Üzv təşkilatlar və tələbə klubları ilə iş sektorunun rəhbəri Orduxan Qəhrəmanzadə: “Azərbaycan gəncliyinin günümüzdə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən faydalanmaq imkanları artmaqdadır. Gənclərin cəmiyyətimizdə rolu bu imkanlardan xəbərdar olaraq onlardan faydalanmaq, onlar üçün yaradılan şəxsi inkişaf və təhsil imkanlarını ölkəmizin inkişafı üçün bir vasitəyə çevirməkdir. Azərbaycan gənci şüurlu, dinamik, yaradıcı, öz və milli mənafeyi üçün vacib olan məsələləri dərk edən vətəndaşdır. Bu gün hər bir Azərbaycan gənci özündə bu sadalanan xüsusiyyətləri inkişaf etdirməli, Ali Baş Komandanın rəhbərliyi altında qazandığımız tarixi zəfərimizdən sonrakı yürüdülən dövlət siyasətinə dəstək olmalıdır. Əlavə olaraq, qlobal post-pandemiya və regional post-müharibə dövründə yaranan və yarana biləcək təhdidlərə qarşı gənclər bir yumruq olmalı, bütün xarici təhdidlərə qarşı dəmir yumruq kimi birləşməlidir. Azərbaycan gəncləri yuxarıda sadalanan məsələlərə öz konstruktiv mövqeyini göstərə bilmək bacarığı ilə fərqlənir və ümid edirəm ki, ölkəmizin inkişafında gənclərimizin rolu artan templə getməyə davam edəcəkdir”.

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı: “Bu gün Azərbaycan gənci Ulu Öndər Heydər Əliyevin arzuladığı gənclikdir. O istəyirdi ki, Azərbaycan gənci Şekspiri ingilis dilində, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun. İndi bu arzular gerçəkləşib. Dövlət idarəçiliyində, beynəlxalq təmsilçilikdə, ordu quruculuğunda, müxtəlif elmi konfranslarda – bir sözlə bütün ictimai-siyasi proseslərdə Azərbaycan gəncləri aktiv rol oynayırlar. Dövlət Gənclər Siyasəti Azərbaycan Gəncliyinin inkişafı və cəmiyyətdə uğurlu olması istiqamətində bütün tədbirləri özündə ehtiva edir, onları əsl vətənpərvər kimi yetişdirir. Bunun məntiqi nəticəsi kimi, Vətən müharibəsində ölkə gənclərinin istər ön, istərsə də, arxa cəbhədə yüksək fəallığını qeyd edə bilərik. Gənclik cəmiyyətin dinamik qüvvəsi olduğuna görə ona məxsus xüsusiyyətlər də daha çox müsbət yönə köklənməlidir. Bu xüsusiyyətlərə savadlılıq, sağlam düşüncəlilik, mənəvi-ideoloji tərbiyəlilik və s. aiddir. Azərbaycan gənci özündə bir çox müsbət keyfiyyətləri birləşdirir. Cəsur, çalışqan, intizamlı, adət-ənənələrinə hörmətlə yanaşan və ən əsası vətənpərvərlik kimi ali xüsusiyyətlər bizim gəncləri digərlərindən fərqləndirir. Onlar daim çalışır ki, öz sahələrində ən yaxşı olsunlar və bunu bacarırlar da. Ölkə prezidenti Cənab İlham Əliyev də hər zaman çıxışlarında Azərbaycan gəncinə arxalandığını və gənclərin də ona arxalana biləcəklərini qeyd edib. Bu gəncliyimizə olan diqqət və qayğının ən ali təzahürüdür. Azərbaycan gənci bu sözlərin fonunda hər bir sahədə yalnız uğura, yüksəlişə və irəliyə baxır”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə