"“Hərbi jurnalistika” təlim proqramları peşəkarlıq baxımından diqqət çəkir" - MEDİA EKSPERTİ ŞƏRH ETDİ
“Ankarada Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin, Anadolu Agentliyinin, Türkiyə Polis Akademiyasının və Türk Əməkdaşlıq, Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə keçirilən “Hərbi jurnalistika” təlim proqramları peşəkarlıq baxımından diqqət çəkir. Proqram çərçivəsində jurnalistlərə ekstremal şəraitdə davranış qaydaları öyrədilir. Görünür ki, orada jurnalistlərə həm nəzəri bilgilər verilir, həm də öyrəndikləri bilgiləri təcrübədə tətbiq etmək üçün şərait yaradılır. Bu təlimlərdə Azərbaycandan 24 jurnalistin iştirak etməsi təqdirəlayiqdir”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, hal-hazırda təhlükəsizliklə bağlı məsələ dünyada bir nömrəli trendlər sırasındadır: “Təhlükəsizliyin təmin edilməsi üçün, aidiyyatı qruplara təlimlərin keçirilməsi isə təhlükəsizliyin təmin edilməsi üçün atılan addımlar sırasında ilk yerlərdən birini tutur. Bu sırada jurnalistlərin də yer tutması çox zəruridir. Çünki, 2006-cı ildən etibarən jurnalistikanın riskli peşələr sırasına daxil edilməsi üçün qlobal çağırışlar edilir. Bu da təsadüfi deyil. 1990-cı illərdən etibarən, dünyada 3000 nəfərə yaxın jurnalist öz peşə fəaliyyətini yerinə yetirərkən həlak olub, on minlərlə jurnalist xəsarət alaraq sağlamlığına ziyan dəyib. Təhlükəsizliklə bağlı peşəkar təlimlərin keçirilməsi bu riskləri aradan qaldırmasa da, kəmiyyət baxımından azalda bilir.
Azərbaycan jurnalistləri üçün də təhlükəsizlik təlimlərinin keçirilməsi vacibdir. Azərbaycan Ermənistan ilə münaqişə vəziyyətindədir. Bundan əlavə, Azərbaycanın yerləşdiyi region ümumilikdə münaqişələrlə zəngindir. Jurnalistlərimiz tez-tez münaqişə bölgələrinə səfər edərək, reportajlar hazırlayırlar, münaqişə bölgələrindən operativ xəbərlər verirlər. 44 günlük müharibə də göstərdi ki, düşmən tərəfi heç bir standartı gözləmir, beynəlxalq qanunlara hörmətlə yanaşmır. Beynəlxalq qanunları pozaraq jurnalistləri də atəşə tuturlar. 44 günlük müharibə dövründə AzTV, İTV telekanalarının, digər KİV qurumlarının əməkdaşları dəfələrlə atəş altına salındılar, yaralandılar, xəsarət aldılar. Sonra isə iki həmkarımız - Sirac Abışov və Məhərrəm İbrahimov mina partlayışı qurbanı oldular. Onlar şəhidlik zirvəsinə yüksəldilər. Bu baxımdan Azərbaycan jurnalistlərinin təhlükəsizlik təlimləri keçməsi, təhlükəsizlik qaydalarını bilmələri zəruridir".
Müşfiq Ələsgərli sözlərinə davam edərək həmçinin qeyd edib ki, jurnalistlər qaynar nöqtələrdən xəbər hazırlamaqla yanaşı, öz təhlükəsizliklərini də qorumağı bacarmalıdırlar: "Təqdiredici haldır ki, MEDİA Agentliyinin və ADA Universitetinin təşkilatçılığı ilə son vaxtlar KİV təmsilçiləri üçün çoxsaylı təlimlər keçirilir. Bu təlimlərin mövzuları müxtəlifdir, Azərbaycan KİV təmsilçilərini dünya media trendləri ilə tanış etmək məqsədi daşıyır. Sonuncu təlimlər isə təhlükəsizlik mövzusuna həsr edilib. Təlimlərin təşkilini təqdir etməklə yanaşı, onların davam etdirilməsini, daha intensiv hal almasını da zəruri sayıram. İnanıram ki, MEDİA Agentliyi KİV-lərin dinamik inkişafına uyğun olaraq, bu tip təlimləri sistemli şəkildə quracaq".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB