Eldəniz Səlimovun polisə qarşı zorakılığına hüquqi qiymət verilməlidir - TƏLƏB

Deputat Eldəniz Səlimovun Milli Məclis üzvünə yaraşmayan hərəkətini eşitdikdə Azərbaycan vətəndaşı, media nümayəndəsi olaraq narahat olmaya bilməzdim. Ona görə ki, cinayət hadisəsini adi vətəndaş yox, deputat törədib, həm də sərxoş vəziyyətdə. Doğrusu mən bu deputatı nə tanımıram, nə də səsini eşitməmişəm. Milli Məclisdə müzakirə olunan məsələləri, 44 günlük müharibə dövründə və müharibədən sonrakı günlərdə, aylarda milli maraqlarımıza xidmət edən çıxışlarına, şəhid və qazi ailələrinə maddi və mənəvi dəstək verməsini eşitməmişəm.

Eldəniz Səlimov elə bu məsələlərdən kənarda, yəni milli maraqlarımızdan şəxsi maraqlarını üstün tutaraq xidməti xəzifəsini yerinə yetirən polisə zor tətbiq etməsi, onu döyməsi, təhqir etməsi, bir sözlə “reketçiliyi” qəbul olunmazdır və həm Milli Məclis, həm də hüquq mühafizə orqanları məsələyə adekvat reaksiya verməlidirlər. Onu nə seçicilər maraqlandırır, nə də dövlət. Ona görə də özünün şəxsi maraqları çərçivəsində Azərbaycan Respublikası Konstitusiyasının, Milli Məclisin statusu haqqında qanunun tələblərinin ziddinə olaraq hakimiyyət orqanının nümayəndəsinə qarşı “reketçilik” edib.

Məgər Eldəniz Səlimov bilmir ki, polis Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş hüquq mühafizə orqanıdır. Polis əməkdaşı polis orqanlarında müəyyən vəzifə tutan, polis haqqında qanunverciliklə müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşnalıq prinsipləri əsasında fəaliyyət göstərir. İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyi təmin etmək, ictimai-siyasi sabitliyi qorumaq polisin fəaıiyyətinin əsas istiqamətləridir.

Polis əməkdaşı haqqında qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətlərini yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidir və bu tələblərə əməl etməyən yəni polisin qanuni tələblərinə tabe olmayan, ona müqavimət göstərən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə cəlb edilirlər. Yəni polis dövlətimizin ali məqsədinə insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasına, bütün uğurlarımızın mənbəyini təşkil edən ictimai-siyasi sabitliyimizin, təhlükəsizliyimizin keşiyində ayıq-sayıq dayanıb.

Buradan belə qərara gəlmək olar ki, deputat həqiqətən polis əməkdaşını döyməklə, təhqir etməklə qeyd etdiyim kimi dövlətimizə qarşı çox ağır, bağışlanmaz cinayət törədib. Ona görə ki, Azərbaycan polisi əbədiyaşar müdrik rəhbərimiz, bənzərsiz dünyəvi siyasi xadim Heydər Əliyevin də dediyi kimi: “Mən Azərbaycan polisinə inanıram, arxalanıram. Polis peşəsi çətin, amma şərəfli peşədir. Bu peşə bilik, bacarıq, cəsarət, dərrakə tələb edən peşədir”.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısından daha da ruhlanaraq əsl vətənpərvərlik, igidlik nümayiş etdirərək polisimiz daxili işlər naziri Vilayət Eyvazov başda olmaqla ağır, çətin pandemiya dövründə də həmişə olduğu kimi vətəndaşların təhlükəsizliyinin, koronavirusa yoluxmanın qarşısının alınması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görür. Xaçmaz rayonunda da polis əməkdaşları Operativ Qərargahın qərar və tövsiyyələrinə uyğun olaraq tədbirlər görərkən, qanunlarımıza, karantin qaydalarına məhəl qoymayan, özünü mütləq hakim hesab edən deputatın “rekertçiliyi” ilə üz-üzə qalır.

Gecə vaxtı sərxoşluqla məşğul olan deputat karantin qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşına, qanunu icra edən və icra edilməsini deputatdan tələb edən polis əməkdaşı Zaur Mirzəyevə müqavimət göstərib, onu döyüb, təhqir edib. Deputatın bu cür qanunazidd hərəkətləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xairici siyasəti ilə tam şəkildə ziddiyyət təşkil edir. Bu dövlətə qarşı yönəldilmiş cinayətdir. Bu cinayət təkcə deputatın vəzifə səlahiyyətlərini aşma maddəsi ilə məhdudlaşdırılmamalıdır. Burada sırf “reketçilik”, karantin qaydalarını pozma, dövlətə qarşı çıxma cinayətlərinin tərkibidə vardır.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ilk şəhid vermiş, 1992-ci ildə Naxçıvanda müdirk rəhbərimiz Heydər Əliyevə qarşı dövlət çevrilişinə cəhdin, 1994-1995-ci illərdə dövlət çevrilişlərinə cəhdin qarşısının alınmasında önəmli rol oynayan, ölkəmizdə ictimai-siyasi sabitliyi qoruyub möhkəmləndirən, dünyanın, ən humanist polisinə - Azərbaycan polisinə müqavimət göstərən deputat adından sui-istifadə edən Eldəniz Səlimov layiq olduğu cəzasını alacaq.

Dəmir Qurbanlı,

Azərbaycan Jurnalistlər Birliyin Üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə