“Azərbaycan öz qardaşlıq borcunu ləyaqətlə yerinə yetirməkdədir” - MƏQALƏ

Son vaxtlar bəlkə də ən çox eşitdiyimiz, istifadə etdiyimiz sözlər, gördüyümüz rəsmlər, hiss etdiyimiz duyğular, qardaşlarımızla və qardaşlıqla bağlıdır. Yalnız ona görə yox ki, Vətən Müharibəsi ərəfəsində mənəvi və siyasi dəstəkləri sayəsində Azərbaycan öz qüdrətini nümayiş etdirmiş, qalib gələrək torpaqlarını azad etmişdir. Həm də ona görə ki, bizim cəmiyyətlərimizin, xalqlarımızın və xalqlarımızın münasibətlərinin fövqündə dövlətlərimizin ortaq mənafeləri formalaşmışdır. Yəni münasibətlər məcmusunda əlaqələrin pillələnməsi yuxarıdan aşağıya doğru deyil, aşağıdan yuxarıya, xalqdan dövlətə doğru irəliləməkdədir. Gözəl əlaqələrimiz olan dövlətlərlə münasibətlərimizi təhlil edərkən bu məqamı çox asanlıqla hiss etmək mümkündür. Bu istər İsrail, istər Ukrayna, istər Pakistan, istərsə də qardaş ölkə Türkiyə və digər dost, qardaş ölkələrə aiddir.

Ümumiyyətlə, ölkəmiz müxtəlif sferalarda münasibət qurduğu cəmiyyətləri təmsil edən dövlətlərlə əlaqələrini həm hüquqi müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində möhkəmləndirməkdə maraqlıdır və bu istiqamətdə məqsədyönümlü işlər görülməkdədir. Məhz bu amilin özünün də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında müstəsna xidmətləri olmuşdur. BMT, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Xalqların Zirvə Toplantıları, MDB kimi təşkilatlarda təmsil olunmaqla Azərbaycan inteqrasiyaya meyilli olduğunu nümayiş etdirir və haqlı mübarizəsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq imkanı əldə edir. Bu gün müharibədən sonra yaranmış yeni reallıqlar fövqündə qarşılıqlı münasibətlərimiz azad olunmuş ərazilərdə bərpa işlərinə öz müsbət təsirini göstərəcəkdir. Bununla yanaşı ayrı-ayrı dövlətlərlə münasibətlərin yüksək səviyyədə qurulması özü də dövlətimizin əsas prioritetlərindəndir.

Heç kimə sirr deyil ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlət anlayışını özlərinin həyat fəlsəfəsinə çevirə bilmişlər. İndi dövlətlərimiz elə bir sahə yoxdur ki, orada müxtəlif mövqelərdən çıxış etsinlər. Tarixi qərarlar tarixi məqamlarda tarixi şəxsiyyətlər tərəfindən verilir. Türkiyə - Azərbaycan münasibətləri elə özü tarixin yazdığı, gələcəyin səslədiyi, müasir çağırışların dəstəklədiyi münasibətlər toplusudur. Siyasət və beynəlxalq münasibətlər elmi hələ də bu iki dövlətin arasında olan əlaqələrin analoqunu meydana çıxara bilməmişdir. Bəzi siyasətçilər və tarixçilər müxtəlif zamanlarda Türkiyə - Azərbaycan münasibətlərini ABŞ - Böyük Britaniya, Rusiya - Belorusiya, Yunanıstan - Cənubi Kipr münasibətləri ilə eyniləşdirmək və yaxud da müqayisə etmək istəmişlər. Lakin deməliyəm ki, sadalanan ölkələrin hər birinin öz dövlət maraqları vardır ki, tarixin keşməkeşlərində dəfələrlə üz-üzə gəlmişdirlər. Türkiyə və Azərbaycan dövlətləri isə bütün keşməkeşlərdən çiyin-çiyinə keçmişlər.

Məhz bu amil bəs edir deyək ki, bizim münasibətlərin analoqu yoxdur. Əslində uzun illərdir ki, qardaşlığımız yüksələn xəttlə inkişaf edir. Bu yaxınlarda imzalanmış “Şuşa Bəyannaməsi” bir millət, iki dövlət siyasi-fəlsəfi yanaşmasının hüquqi əsasını təşkil etdi. “Şuşa Bəyannaməsi” ilə strateji tərəfdaş və iki qardaş ölkə kimi bizlər bir-birimizin hüquqlarını, mənafeyini müdafiə etməyi bir öhdəlik kimi öz üzərimizə götürmüş olduq.

Türkiyə və Azərbaycanın bir çox sferada uğurla davam etdirdiyi əlaqələrinə yeni bir halqa da əlavə edilmişdir. Belə ki, hər iki dövlətin cəmiyyətlərinin və dövlət başçılarının səmimi dostluq münasibətləri onların hakim partiyalarının da əməkdaşlığına müsbət təsir etmişdir. Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayından sonra həyata keçirilmiş islahatlar kursu partiyanın beynəlxalq münasibətlər xəttinə də müsbət təsir göstərmişdir. Türkiyənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə münasibətlər dərinləşmiş və qarşılıqlı səfərlər, fikir və təcrübə mübadilələri həyata keçirilmişdir. YAP nümayəndə heyətinin Ankarada Türkiyə Respublikası Prezidenti və AK Parti sədri cənab Rəcəb Tayyib Ərdoğan, daha sonra Bakıda AK Parti təmsilçilərinin Azərbaycan Respublikası Prezidenti, YAP-ın sədri cənab İlham Əliyev tərəfindən qəbul edilməsi cəmiyyətlərimiz arasında ehtimad mühitinin güclənməsinə xidmət etməkdədir. İyulun 28-də Gəncədə Yeni Azərbaycan Partiyası (YAP) və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında ikitərəfli Əməkdaşlıq Protokoluna uyğun olaraq, “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfransın keçirilməsi isə bir daha sübut edir ki, bir millət, iki dövlət siyasi-fəlsəfi yanaşması əslində hər iki dövlətin cəmiyyətlərinin, xalqlarının təkidli tələbidir.

Bu günlərdə Bakıda üç qardaş ölkə olan Azərbaycan, Türkiyə və Pakistan arasında imzalanan “Bakı Bəyannaməsi” bir qədər əvvəl “Şuşa Bəyannaməsi”nin bir qardaş daha güclənmiş modeli idi. Cəmiyyətlərin, xalqların, ortaq mənəvi dəyərlərinin siyasətə və parlamentə sirayət etmiş bir forması olan “Bakı Bəyannaməsi” ilə Azərbaycan NATO-nun ABŞ-dan sonra ən güclü ordusuna sahib Türkiyədən sonra nüvə silahına malik Pakistanın da mənəvi-siyasi və hüquqi dəstəyini ala bilmişdir. Bu ali sənədə görə hər üç ölkə arasında nəqliyyat, ticarət, energetika, xalqlararası təmas, təhsil, sosial və mədəniyyət mübadiləsi, turizm, informasiya və kommunikasiya texnologiyası sahəsində regional əməkdaşlıqların həyata keçirilməsi öhdəlikləri götürülməkdədir. Eyni zamanda hibrid müharibələr və islamafobiyaya meyilli ölkələrə görə ortaya çıxan təhdidlərə qarşı mübarizə, qarşılıqlı maraq kəsb edən regional və qlobal mövzularda yaxından fəaliyyət göstərmək haqqında əməkdaşlıq “Bakı Bəyannaməsi”nin əsas müddəalarındandır. Ölkələrimiz həm də xaricdən dəstəklənən terror hücumları, kiber hücumlar, dezinformasiya kampaniyalarına qarşı əməkdaşlığı genişləndirmək haqqında razılaşıblar. Azərbaycan, Türkiyə və Pakistan “Bakı Bəyannaməsi” ilə hətta bir-birilərinin təmsil olunmadığı bütün platformalarda partnyorlarının hüquqlarını müdafiə etmək və parlamentlərarası dərin münasibətlər qurmaq imkanları əldə etmişdir.

Hesab edirəm ki, Azərbaycan və Türkiyə hakim partiyalarının arasında mövcud olan təcrübə və fikir mübadiləsinə Pakistanın iqtidar partiyası olan Pakistan Təhriki-İnsaaf partiyası da qoşula bilər. Bununla da cəmiyyətlərimiz və dövlətlərimiz arasındakı münasibətlərin əhatə dairəsi genişlənmiş olardı. Güman edirəm ki, yaxın gələcəkdə bu formatda cəhdlərin meydana çıxması bizi təəccübləndirməməlidir.

Bu gün baş verən siyasi, sosial-iqtisadi, hümanitar və hətta təbii fəlakətlər zamanında Azərbaycan öz dostlarının, qardaşlarının yanındadır. Bu, Azərbaycanın bütün qərarlarında hiss olunur. Milli vaksinləşməyə qarşı və ümumiyyətlə, pandemiya dönəmində Qoşulmama Hərakatının sədri kimi Azərbaycan tarixi bir missiya yerinə yetirmişdir. Dəfələrlə beynəlxalq təşkilatlar tərəfindən ölkəmizə və dövlət başçımıza minnətdarlıq ünvanlanmışdır.

Son günlər Türkiyə ərazisində baş verən kütləvi meşə yanğınları yalnız qardaş ölkənin cəmiyyətində deyil, ölkəmizdə də diqqət, qayğı və ürək ağrısı ilə izlənməkdədir. Çünki iki dövlət arasında olan münasibətlər sevgi və hörmətə əsaslanır. Bu gün də Azərbaycan öz qardaşlıq borcunu ləyaqətlə yerinə yetirməkdədir. Xalqımız və dövlətimiz sübut edir ki, çətin və dar gündə yanımızda olan qardaşlarımızı unutmuruq və heç vaxt unutmarıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri qardaş Türkiyə Respublikasında yanğın söndürmə fəaliyyətinə intensiv olaraq başlamışlar. Ümumilikdə tərəfimizdən qardaş ölkəyə 500 nəfərdən ibarət şəxsi heyət, helikopterlər, digər lazımi avadanlıq və ləvazimatların çatdırılacağını bildirib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qəhrəman yanğınsöndürənlərimizin nəzarət etdiyi bir çox ərazidə yanğınları lokallaşdırmaq mümkün olmuşdur.

Əminəm ki, qardaş ölkələrin də yardımı ilə Türkiyə bu imtahandan da başı dik, alnıaçıq və üzüağ çıxacaqdır.

Ənvər Haqverdiyev

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...