"Qız evində toydur, oğlan evinin xəbəri yoxdur!"

Yenə də şaiyələr baş alıb getməkdə, yenə də kimlərsə öz dar və cılız maraqlarından çıxış edərək, suyu bulandırmaqda, süni gundəm yaratmaqda və onun ətrafında manipulyasiyalar, spekulyasiyalar etməkdədir…

Gah ölkədə Konstitusiya dəyişiklikləri ilə bağlı referenduma gediləcəyi, gah da son bir il yarımda uğurlu fəaliyyəti ilə seçilən yeni tərkibli 6-cı çağırış Milli Məclisin vaxtından əvvəl buraxılacağı, növbəti növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı sosial şəbəkələrdə, bəzi saytlarda əsası, həqiqətlə, gerçəkliklə yaxından-uzaqdan bağlılığı olmayan “məlumat”lar, dezinformasiyalar dövriyyəyə buraxılmaqda, tirajlanmaqdadır.

Bu “məlumat”ları oxuduqca, bu şaiyələri eşitdikcə də, məşhur atalar, el məsəlimiz yada düşür: "Qız evində toydur, oğlan evinin xəbəri yoxdur!"

Bəli, illərdir siyasətin, ictimai-siyasi proseslərin içərisindəyik, çoxumuzun uzun müddətlik parlament, parlamentarilik təcrübəsi var, indi necə ola bilir, yaxud necə ola bilər ki, bizim bunlardan xəbərimiz yoxdur və ya olmasın, amma siyasətdən, proseslərdən, parlamentdən çox-çox kənarda dayanan bəzi “çoxbilmişlər”in, münəccimlik, siyasi falçılıq iddiasında olanların bunlardan xəbəri olmuş olsun?!...
Mümkündürmü??? Və yaxud gülməlidir, deyilmi?!

Görünür ki, kimlərəsə, sadəcə və sadəcə, süni gündəm, ölkə reallıqlarını təhrif, təftiş etmək, ağa qara, qaraya da ağ demək lazımdır və sərfəlidir.

Yəni, təki onların “bazar”i işləsin, tək onların “könlü”nə xoş olsun, başqa heç kim, heç nə, dövlətçilik və milli maraqlar umurlarında deyil.

Ancaq faktlar da çox aydın və sərt olan amillərdir, necə deyərlər, ƏLAHƏZRƏT faktdan başqa FAKT yoxdur!

Faktlar isə deyir ki, Azərbaycanda nə Konstitusiya dəyişikliklərinə ehtiyac var, nə deputat yerlərinin artırılması zərurəti ortadadır, nə proporsional seçki sisteminin bərpası gerçəkliyi ciddi şəkildə qapımızı döyür, nə ciddi referendum hazırlıqları gedir, nə də il yarım öncə formalaşdırılmış yeni tərkibli və yeni ruhlu 6-cı çağırış Milli Məclisin buraxılması, növbəti parlament seçkilərinin keçirilməsi zərurəti mövcuddur. Bunların olmasını, baş verməsini gərəkdirən səbəb və ya səbəblər ortada yoxdur, mövcud deyil. Xüsusilə də, Milli Məclislə bağlı ortaya atılan iddialar tam əsassız və gülüncdür.

2020-ci ilin fevralında demokratik əsaslarla formalaşdırılan və ötən ilin mart ayının 10-unda fəaliyyətə başlayan 6-cı çağırış Milli Məclis ötən dövr ərzində istər qanunvericilik bazasının təkmilləşdirilməsi, istərsə parlamentlə birbaşa bağlı olan digər məsələlərin həlli baxımından öz üzərinə, çiyinlərinə düşən vəzifə və missiyanın öhdəsindən tam və layiqincə gəlib desək, yanılmarıq. Son parlament seçkilərindən təqribən bir neçə ay əvvəl - 2019-cu ilin noyabr ayında Prezident Administrasiyasında yeni şöbənin - Siyasi Partiyalar və Qanunverici Hakimiyyətlə Əlaqələr şöbəsinin yaradılması və bu şöbənin rəhbərliyinə təcrübəli, peşəkar ictimai xadim, dəyərli ziyalımız Ədalət Vəliyevin təyin edilməsi, Azərbaycan Parlamentinin öz işini daha səmərəli və faydalı şəkildə qurmasında, parlamentarilərin öz fəaliyyətlərini daha təsirli və effektli şəkildə həyata keçirməsində əhəmiyyətli rol oynadı.

Əlbəttə, fəaliyyətimiz daha da geniş, daha da görünən, daha da əlçatan ola bilərdi, amma təəssüflər olsun ki, 6-cı çağırış Milli Məclis fəaliyyətə başlayar-başlamaz dünyanı cənginə alan və “gizli düşmən” kimi qiymətləndirilən koronavirus adlı bəla bütün qabaqlayıcı tədbirlərə rəğmən ölkəmizdən, bizlərdən də yan keçmədi, bizim də qapımızı “çağırılmamış qonaq” kimi döydü və bu da nəticə etibarı ilə istər-istəməz fəaiyyətimizə müəyyən təsirlər göstərdi, necə deyərlər, fors-major bir vəziyyətdə, situasiyada işləmək məcburiyyətində qaldıq.

Amma bununla belə, istər qanunların təkmilləşdirilməsi, yenilənməsi, istər yeni qanunların hazırlanması, müzakirələrə çıxarılması, istər parlament qarşısında hesabatlılığı olan qurumların hesabatlarının dinlənilməsi, istər növbəti ilin dövlət büdcəsinin hərtərəfli müzakirəsi və qəbulu, istər əhalini, seçiciləri maraqlandıran, istər ölkəmizi və dünyamızı narahat edən məsələlərin dilə gətirilməsi baxımından 6-cı çağırış parlamentin bir il yarımlıq fəaliyyəti yetərincə qənaətbəxş oldu, onun iki yaz, iki növbədənkərar, bir payız sessiyası olduqca səmərəli və məhsuldar keçdi.

Ölkənin, Azərbaycan insanı və vətəndaşının koronavirus bəlasının təsirlərinə az məruz qalması, ondan minimum itkilərlə ötüşməsi baxımından gərəkən və lazım olan bütün addımlar atıldı, İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsinə, Cinayət Məcəlləsinə, sosial sığorta ilə bağlı qanunvericiliyə və digər qanunlara önəmli və vaxtında dəyişikliklər edildi, 2020-ci ilin dövlət büdcəsi xərclərinin daha 600 milyon manat həcmində artırılmasına qərar verildi. Hər halda nəticələr də göz qarşısındadır və bunları danmaq, etiraf etməmək ən azı insafsızlıqdır.

Ən əsası 6-cı çağırış Milli Məclis tarixi İkinci Vətən Müharibəsində, müqəddəs Qələbə və Zəfərimizdə öz sözünü deyə bildi, hələ ötən ilin payız sessiyasının başlamasından bir neçə gün öncə, sentyabrın 27-sində parlament təcili toplaşaraq, xüsusi iclas keçirərək, tarixi qərar layihəsi qəbul etdi, ölkədə hərbi vəziyyətin elan olunması məsələsinə, əslində isə Qələbə və Zəfərimizə öz xeyir-duasını verdi. 6-cı çağırış parlament həm də Qələbə, Zəfər və Qalibiyyət parlamenti oldu.

Həm də təqribən 30 ilə yaxın bir müddət ərzində ilk dəfə Qələbə və Zəfər büdcəsini müzakirə və qəbul edən parlament kimi tarixə düşdü, tarixə özünü qızıl hərflərlə həkk etdirdi.

Bəli, bizləri son yaz sessiyası və növbədənkənar sessiyadan da çox böyük olmayan zaman məsafəsi ayırır. Cəmi bir müddət öncə parlament, daha doğrusu parlamentarilər bu dövr üçün işlərinə yekun vuraraq, fəaliyyətlərinə mövcud prosedurlara uyğun olaraq ara verərək, yay tətilinə yollanıb.

Amma bununla belə, hər gün millət vəkilləri bu və ya digər önəmli məsələlərlə bağlı mövqe ortaya qoyur, mətbuatda məqalələrlə çıxış edir, açıqlamalar verir, seçiçilərlə görüşür, onların problemlərini dinləyir, qaldırdıqları məsələləri aidiyyatı qurumlarla qanuna uyğun şəkildə həll etməyə çalşır. Yeri gəlmişkən parlament rəhbərliyinin, hörmətli sədrimiz Sahibə xanım Qafarovanın hər gün çoxsaylı qəbullar, görüşlər keçirdiyini, ölkə və parlament reallıqlarını bir daha dünyaya çatdırdığını mütləq qeyd etməliyik.

Cəmi bir neçə gün öncə qardaş Türkiyə və Pakistan parlament sədrlərinin Azərbaycana yüksək səviyyəli səfərləri, Milli Məclisdə keçirilən görüşlər və ən əsası Bakı Bəyannaməsinin imzalanması bir daha Milli Məclisin fəaliyyətini, bu fəaliyyətin Azərbaycanın maraqlarına tam mənada cavab verdiyini bütün açıqlığı ilə gözlər önünə sərir.

İndi bütün bunlardan sonra yalan-dolan məlumatların, dezinformasiyaların dövriyyəyə buraxılması, tirajlandırılması insaf və vicdan mizanından çox-çox uzaqda dayanır.

Bəli, iş, fəaliyyət olan yerdə problemlər də, nöqsanlar da olur, parlament və parlamentarilər də bundan xali deyil. Amma başqa bir atalar məsəlində deyildiyi kimi, insaf da dinin yarısıdır. Ədalətli olmağın, həqiqəti danmamağın özü də imandandır.

Bir sözlə, 6-cı Çağırış Milli Məclis zamanında, 5 illik müddətinin başa çatdığı tarixdə, yəni 2025-ci ildə öz işini bitirəcək, yekinlaşdıracaq və yerini, estafeti 7-ci çağırış Milli Məclisə təhvil verəcək.
Hər kəs buna əmin olsun!

Jalə ƏLİYEVA
Millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini,
Filologiya elmləri doktoru, professor

Bütün xəbərlər Facebook səhifəmizdə