Azərbaycan Türk Dünyası Bələdiyyələr Birliyinin iclasında təmsil olunub - FOTO

Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin əsasən 3 aydan bir təşkil edilən növbəti iclası Türkiyənin Konya şəhərində keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçılarını salamlayan TDBB-nin və Konya Böyükşəhər bələdiyyəsinin sədri Uğur İbrahim Altay iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, bu, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasından sonra türkdilli ölkələrin bələdiyyələrinin təmsilçilərinin iştirakı ilə keçirilən ilk geniştərkibli iclasdır.

Uğur İbrahim Altay Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə münasibətilə bütün həmkarlarını təbrik edib.

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə Heyətinin üzvü Təmraz Tağıyev ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən bu ilin iyununda imzalanmış tarixi Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin əhəmiyyətini qeyd edib. Həmçinin iclas zamanı Türkiyənin müxtəlif bölgələrində meşə sahələrində davam edən yanğınla bağlı Azərbaycan Respublikasının Prezidenti başda olmaqla, qardaş ölkə tərəfindən göstərilən mənəvi və əməli dəstək xüsusi vurğulanıb və buna görə dərin minnətdarlıq hissi ifadə edilib.

İclasda TDBB tərəfindən birliyə üzv olan dost və qardaş ölkələrin, o cümlədən Azərbaycanın yerli özünüidarəetmə orqanları ilə birgə görülən işlər, eləcə də hazırda həyata keçirilən və yaxın gələcəkdə nəzərdə tutulan fəaliyyət sahələri, tədbirlər və layihələr geniş müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...