Narkomaniya cəmiyyətin qorxulu kabusudur TƏHLİL

Dünyanı narahat edən, bəşər övladının bəlasına çevrilən, bir çox gənclərin aludə olduğu narkomaniya bu gün demək olar ki, öz sferasını genişləndirib. Cəmiyyət üçün çox qorxulu, təhlükəli olan narkomaniya insan sağlamlığına bərpaedilməz ziyan vurmaqla yanaşı, cəmiyyətdə neqativ halların yaranmasına da səbəb olur. Çünki narkomaniya cinayətkarlığa, zorakılığa və korrupsiyaya rəvac verir, immunçatışmazlığı sindromunun sürətlə artmasına təkan verir. Bunun təsirindən ailələri dağıdılır, ömürlər yarımçıq qalır. Əlbəttə ki, cəmiyyətin yarasına çevrilən "ağ ölüm" sosial partlayışlara səbəb olub. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq cəmiyyətin intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə, bir çox mənfi hallara gətirib çıxarır. Bu, həm də və ən əsası, cinayətkarlığın artmasına səbəbdir. Narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir.

Azərbaycanda da narkomaniyaya qarşı mübarizə sahəsində dövlət tərəfindən kifayət qədər işlər görülüb. Bu sahədə fəaliyyət, ardıcıl olaraq, davam etdirilir və daha da genişləndirilir. Belə ki, "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli Fərmanı narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdə mühüm bir Sənəd oldu. Daha sonra, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli Fərmanı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı", 2007-ci il 28 iyun tarixli Sərəncamla "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı (2007-2012-ci illər üçün)", 2013-cü il 24 iyun tarixli Sərəncam ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmiş və uğurla həyata keçirilmişdir. Dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarət olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi görülən işlərin davamı oldu. Dövlət Proqramından irəli gələrək respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib və bu davam etməkdədir. Eyni zamanda, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsullar tətbiq olunur.

Son illər respublikamızda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər bihuşedici maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə xeyli güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların, qeyri-hökumət təşkilatlarının da fəallığı nəzərə çarpacaq dərəcədə artmışdır. Bu gün narkomaniyanın gəncləşməsi prosesi gedir. Narkotik maddə alverçiləri uşaqlardan sui-istifadə edərək, onlara həmin məhsulları təklif edirlər. Beləliklə, uşaqlarda aludəçilik yaranır. Bu gün sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edənlər əlbəttə ki, qanun qarşısında məsuliyyət daşıyırlar. Tiktok platformasında narkotik vasitələri təbliğ edən musiqili meyxana janrında videoların yayılması kəskin etirazlara səbəb oldu. Daxili İşlər nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən tədbirlər həyata keçirilib. Həmin videoları yayan şəxslərin anket məlumatları Baş İdarə və ərazi polis orqanları tərəfindən qısa zamanda müəyyən olunub. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün barələrində toplanmış materiallar məhkəməyə göndərilib. Ölkəmizdə bu sosial bəlaya qarşı ciddi mübarizə aparılır. Xüsusilə, son dövrlər narkotik tərkibli dərman istifadəçilərinin sayının artması mübarizə tədbirlərinin daha da gücləndirilməsini zəruri edir.Son zamanlar "patı" adlanan narkotik vasitədən istifadə halları artır. Təəssüf ki, bu vasitədən istifadə qadınlar və uşaqlar arasında da geniş yayılıb. Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son günlərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz", "Göytəpə" və "Lənkəran" sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 28 kiloqram 390 qram narkotik vasitəyə bənzər maddələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır. Yardımlı rayonunun Perimbel kəndi, Cəbrayıl rayonunun Mahmudlu kəndi və Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən sərhəd zastavalarının xidməti sahəsində naməlum şəxslər tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunmuşdur. Bütün bunlar narkotik alverçilərinə qarşı mübarizədə öz müsbət nəticəsini verir.Bütün bu və ya digər tədbirlərin icrası narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində mühüm addımdır. Cəmiyyəti bu bəladan xilas etmək, yeni nəslin sağlam böyüməsi, gələcəyimiz olan gənclərin bu yoluxucu xəstəliyə tutulmalarının qarşısını almaq dövlətimizin başlıca vəzifələrindən biridir və daimi nəzarətindədir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə