Sənədsiz evlər problemi nə zaman çozüləcək? - EKSPERT VACİB MƏQAMLARA TOXUNDU

Çoxmənzilli binalarla bağlı 2019-cu il 19 fevral tarixli, çoxmənzilli binaların istismarına icazənin sadələşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Fərmanı var. Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Ekspertin sözlərinə görə, Fərman 2020-ci il yanvar ayının 1-nə qədər qüvvədə idi və fərman çərçivəsində demək olar ki, 100 faiz olmasa da, 90 faiz təqribən 2000-ci illərin əvvəllərindən bu yana paytaxtda inşa olunmuş, amma problemlər yaradan, yəni, müəyyən prosedur pozuntularına yol verən tikinti şirkətlərinin inşa etdiyi binaların əksəriyyəti demək olar ki, sənədləşdirildi.

“Təqribən 400-dən artıq binada 60 minə qədər mənzilin həmin Fərman çərçivəsində sənədləşdirilməsi həyata keçirildi və bu o demək idi ki, çoxmənzilli binalarda həmin dövrə qədərki mərhələni əhatə edən o sənəd problemi həll olundu. Sadəcə, ondan sonrakı dövr üçün tikinti qaydalarındakı müəyyən dəyişikliyə görə hesab edirəm ki, gələcəkdə belə problemlər ya olduqca az olacaq, ya da ola bilsin, heç olmayacaq. Hər bir halda mən düşünürəm ki, çox az olacaq. Fərdi yaşayış evləri ilə bağlı da 2019-cu ilin əvvəlində ölkədə sənədləşdirmə ilə əlaqədar konsepsiyanın icrasına başlanılıbdır. Konsepsiya nəyi nəzərdə tutur? Təqribən Bakı və respublikanın digər regionlarında bu dövrə qədər inşa olunmuş, amma sənədləşdirilməmiş, problemlər yaranan, qeyri-təyinatlı, digər təyinatlı, sənaye təyinatlı torpaqlarda, yaşayış təyinatlı sənədi olmayan torpaqlarda qanunsuz aparılan tikililərin sənədləşdirilməsi nəzərdə tutulur. Yəni, konsepsiyanın icrası Əmlak Məsələləri Dövlət Xidmətinə tapşırılıbdır və xidmət komitə olduğu vaxtda inventarizasiya həyata keçirildi və 2019-ci ilin oktyabr ayında komitə İqtisadiyyat Nazirliyinə birləşdirildi. Əsasnamənin təsdiq olunması, bəzi müəyyən prosedur qaydalara görə bu proses bir qədər ləngidi və sonradan pandemiya şərtləri və sair bu prosesi bir qədər də ləngitdi. Amma, yenidən artıqbu istiqamətdə işlərə başlanılıbdır. Respublikanın regionlarında təqribən 70 mindən artıq, Bakı şəhərində də 180 minə yaxın fərdi yaşayış evi inventarlaşdırılıbdır. İnventarlaşdırma prosesi yekunlaşdırıldıqdan sonra istismarın sadələşdirilməsi haqqında fərmana oxşar bir fərman da bu istiqamətdə olacaq. Çünki, bu, müvafiq icra hakimiyyəti orqanlarının həll edə biləcəyi məsələ deyil. Qeyd etdiyim kimi, burada kənd təsərrüfatı təyinatlı, digər təyinatlı, sənaye təyinatlı torpaqlarda inşa olunmuş heç bir sənədi olmayan dövlət torpaqlarında inşa olunmuş fərdi yaşayış evləri var. Konsepsiyanın əsas mahiyyətindən biri də ondan ibarətdir ki, konsepsiya çərçivəsində mühafizə zolaqlarına düşən, bir də aktiv mədən ərazilərindəki fərdi yaşayış evləri istisna olmaqla, demək olar ki, digər bütün tikililərin, fərdi yaşayış evlərinin sənədləşdirilməsi nəzərdə tutulur və yəqin ki, konsepsiya çərçivəsində gələcəkdə yenidən bu cür sənədsiz evlərin ortaya çıxmasının qarşısını alacaq bir qərar da ola bilər”, deyə Ramil Osmanlı bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...