"Hər yerindən duran müəllim ola bilməz" - EKSPERTLƏR İRAD BİLDİRDİ

"Hər yerindən duran müəllim ola bilməz" - EKSPERTLƏR İRAD BİLDİRDİ

“Müəllimlərin işə qəbulu imtahanı son 12 il ərzində ölkə təhsilində şəffaf olaraq həyata keçirilən bir prosesdir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, məhz bu müsabiqə nəticəsində imtahan iştirakçıları hər hansı bir kənar müdaxilə olmadan rahatlıqla orta təhsil müəssisələrinə işə qəbul edirdilər: “Hesab edirəm ki, Azərbaycan təhsilinin inkişafında məhz müəllimlərin işə qəbulu imtahanının çox böyük rolu var. Həm bura gələn gənclər, eyni zamanda savadlı şəxslər müsabiqə və müsahibə yolu ilə daxil olurlar. Mənə görə, Azərbaycan təhsilinin islahatlarının başında birinci yerdə müəllimlərin işə qəbulu imtahanlarının mərkəzləşmiş qaydada keçirilməsi gəlir. Bu proseslərin elektronlaşması ölkə təhsilinin əlçatanlığına, keyfiyyət baxımından inkişafına çox müsbət təsir göstərən amillərdəndir. Hesab edirəm ki, biz burada bir neçə vacib məqamı nəzərə almalıyıq”.

Kamran Əsədov həmçinin qeyd edib ki, bu il müəllimlərin işə qəbul imtahanında tərtib edilən test tapşırıları ilə bağlı çox ciddi narazıçılıqlar var: “Belə ki, riyaziyyat fənni ilə bağlı suallarda çox böyük narazılıqlar var. Daha sonra ibtidai sinif müəllimlərinin işə qəbulu imtahanında suallar çox asan idi. Üçüncü Azərbaycan dili fənninin təqdim edilmiş test tapşırığında konkret olaraq bilik və bacarıqlar yox, yaddaşı yoxlayan test tapşırığı olmasıdır. Qeyd edim ki, müəllimlərin işə qəbulu imtahanı elə bir imtahandır ki, burada təkcə bilikli yox, eyni zamanda psixoloji hazırlıqlı metodika baxımından savadlı şəxslər seçilir və yoxlanılır. Ona görə də, biz burada əsasən kiminsə hansısa təsadüfi nəticəsində test tapşırığına doğru cavab verməsi yoxluyub, ölçməməliyik. Müəllimlərin işə qəbulun imtahanında təqdim edilən suallar təsadüfən seçilib, doğru yazıla bilən suallar olmamalıdır. Ona görə də, bu tipli test tapşırıqlarının təqdim edilməsini müsbət hesab etmirəm və biz bununla yaxşı müəllimi seçib, inkişaf edən təhsil sistemini qura bilmərik”.

Mövzu ilə bağlı təhsil ekpserti İlqar Orucov da fikir bildirib: “Son günlərdə MİQ imtahanalarında sualların çətinliyi ilə bağlı mətbuatda, sosial şəbəkələrdə çox saylı paylaşımlar edildi. Bununla bağlı təhsil naziri “facebook” səhifəsindən açıqlama yaydı və bildirdi ki, bu məsələ ilə bağlı ekspert qrupu formalaşdırılacaq və 3 gün ərzində ekspert qrupu suallarla bağlı məsələni diqqətdən keçirək, analiz və təhlil edəcək. Məlumdur ki, müəllimlərin işə qəbulu üzrə müraciətlər xeylidir və yerlər azdır. Bu da öz-özündə diqtə edir ki, biz ən yaxşıları seçək”.

İlqar Orucov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, cəmiyyətimizdə müəllimlərlə bağlı birmənalı olaraq hər zaman fikirlər olmayıb: “Müəllim bütün parametrləri ilə müəllim olmağa hazır olmalıdır. Kobud şəkildə desək hər yerindən duran müəllim ola bilməz. MİQ imtahanına salınan suallar əlbəttə ki, Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanlarına salınan suallar kimi ola bilməz. Həmin suallar daha ciddi və çətin olmalıdır”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə