Evdə iynə vuranlar - DİQQƏT - HƏKİMLƏR XƏBƏRDARLIQ ETDİ

“Ev şəraitində ümumiyyətlə iynə vurdurmaq düzgün deyil”. Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev deyib.

Onun sözlərinə görə, əgər, məcburi etdirirlərsə də, o zaman peşəkar tibb bacılarına müraciət etmək lazımdır: “Biz praktikada çox rast gəlirik evdə iynə vurdurublar, bir neçə gün sonra xəstənin yanında böyük gematoma əmələ gəlib. Bəzən o gematomanı məcbur olub cərrahi yolla (əməliyyat etməklə ), müalicə etmişik. Təbii ki, hər iynə vurmaq istəyən insan ən azından bir ildən az olmayaraq kurs keçməsi vacibdir”.

Mövzu ilə bağlı həkim-infeksionist Xatirə Əliyeva fikir bildirib: “Qeyri-peşəkar insanların, tibbi təhsili olmayan şəxslərin iynə vurulması yolverilməzdir. Əsasən son dövrlərdə evdə qeyri-peşəkar şəkildə iynə vurulması artıq adi hala çevrilib. İnsanlar iynə vurulmasına sadə bir prosedur kimi baxırlar. Lakin bilməlidirlər ki, orqanizmə daxil olan hər hansı bir maddə bədəndə müxtəlif ağırlaşmalar verə bilər. Bu ağırlaşmalardan da biri allergik reaksiyalardır. Bunları iki qrupa ayırmaq olar. Əzələ daxilinə və venaya vurulan iynələr nəticəsində baş verən ağırlaşmalar. Əzələ daxilinə vurulan iynələr nəticəsində baş verən ən çox ağırlaşmalardan biri antibiotiklərin vurulması nəticəsində olan ağırlaşmalardır. Bunlara ağır allergiyalar, anafilaktik şok aiddir. Bu da ölümə səbəb ola bilər”.

Həkim-infeksionist Xatirə Əliyeva sözlərinə davam edərək həmçinin qeyd edib ki, əgər, tibb bacısı əzələdə olan hissədə iynənin yerini düzgün təsbit etmirsə, həmin vaxt orada abseslər yarana bilər: “Venaya vurulan iynə nətcəsində baş verən ağırlaşmalar nəticəsində venaya vurulan maddənin dərialtına sızması ağrının yaranmasına səbəb ola bilər. Bundan başqa vurulan iynələr dəri səpkilərinin, şişin, abseslərin yaranmasına səbəb ola bilər. Ona görə də iynə vuran şəxslərin mütləq tibbi təhsili olmalıdır. İynə vurarkən mütləq məsuliyyətlə yanaşmalı, qarşısına çıxan hər bir ağırlaşmanın öhdəsindən gəlməyi bacarmalıdır”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə