Şəhidin ailəsi doğum günündə ziyarət edilib - FOTOLAR

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov və digər rəsmi şəxslər Əmircan qəsəbə sakini, Vətən Müharibəsi şəhidi, “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni, “Vətənuğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş baş leytenant Hüseynov Orxan Bəhman oğlunun doğum günündə məzarını ziyarət etmiş, ruhuna dualar oxunmuş və onun əziz xatirəsi ehtiramla yad edilib. SİA-nın verdiyi məlumata görə, ailədə görüş zamanı şəhidlərimizə olan hörmət və ehtiramını bildirən Vüqar Seyidov Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb, bildirib ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək təşkilat adından "Anım löhvhəsi"ni şəhid ailəsinə təqdim edib.

Görüşdə iştirak edən şəhid Kazımlı Mürsəlin atası, şəhid Quliyev Rəşadın anası, şəhid Hüseynov Orxanın döyüş yoldaşları çıxış etmiş, əsgər və zabitlərimizin 44 günlük Vətən Müharibəsində göstərdikləri igidlik və şücaətdən danışmış, müharibədən sonra dövlətimizin və xalqımızın şəhid ailələrinə, qazilərə göstərilən diqqətdən razılıqlarını bildiriblər.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə