Həsən bəy Zərdabinin məzarı ziyarət edilib - FOTO

22 İyul Azərbaycan Milli Mətbuatının 146 illiyi münasibəti ilə “Həsən Bəy Zərdabi İrs Mərkəzi”nin həmtəsisçiləri – millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva, Həsən Bəy Zərdabi nəslinin nümayəndəsi, iqtisadçı alim Nüsrət Məlikov, Mərkəzin sədri, gənc ictimai fəal Seymur Bayramov, Milli Məclisin deputatları əslən Zərdab rayonundan olan Elnur Allahverdiyev, Bəhruz Məhərrəmov və deputat köməkçisi Firdovsi Eyvazov Ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə Əliyevanın, ictimai xadim, ziyalı, maarifçi-publisist, Azərbaycan mətbuatının banisi Həsən Bəy Zərdabinin məzarını ziyarət edərək gül dəstələri qoymuş və xatirələrini xüsusi ehtiramla yad ediblər. SİA-nın verdiyi məlumata görə, mərkəz yarandığı qısa müddət ərzində görkəmli şəxsiyyət, milli mətbuatın banisi Həsən bəy Zərdabinin zəngin irsinin qorunması və bu irsin gələcək nəsillərə sağlam bir şəkildə ötürülməsi məqsədi ilə uğurlu layihələr həyata keçirməkdədir.

Azərbaycan müstəqillik qazanandan sonra Həsən bəy Zərdabinin ağır sınaq və maneələrlə keçən keşməkeşli həyat yoluna maraq və diqqət artıb, onun əvəzsiz əsərləri, bütün yaradıcılığının daha dərindən araşdırılması üçün əhəmiyyətli addımlar atılıb. Belə ki, Ümummilli lider Heydər Əliyevin 27 mart 2000-ci il tarixli fərmanı ilə “Əkinçi”nin 125 illiyinin və eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 iyun 2005-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Milli Mətbuatının 130 illik yubileyinin, 10 iyun 2010-cu il tarixli sərəncamına əsasən, Azərbaycan Milli Mətbuatının 135 illik yubileyinin, eyni zamanda 4 iyun 2012-ci il tarixli sərəncamına əsasən, Həsən bəy Zərdabinin anadan olmasının 170 illik yubileyinin təntənəli surətdə qeyd edilməsi tarixi əhəmiyyət kəsb etməklə yanaşı, təkcə ölkəmiz üçün deyil, bütövlükdə Azərbaycan ziyalıları və dünya azərbaycanlıları üçün böyük bir bayrama çevrilmişdir. Bu yüksək səviyyəli tədbirlər böyük qədirbilənlikdən xəbər verdiyi kimi, “Əkinçi” qəzetinin naşiri, redaktoru, milli mətbuatımızın, milli teatrımızın banisi, Azərbaycanın ilk ali təhsilli müəllimi, müsəlman Şərqində xeyriyyəçilik hərəkatının yaradıcısı, müsəlman dünyasının ilk təbiətşünas alimi, ensiklopedik bilik sahibi, millətin inkişafı, tərəqqisi yolunda müstəsna xidmətlər göstərmiş ictimai-siyasi xadim Həsən bəy Zərdabiyə ölkəsinin və xalqının verdiyi dəyərin, mədəni irsimizə olan ehtiramın bariz nümunəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə