"Azərbaycan Milli Mətbuatımızın bünövrəsi 1875-ci ildə maarifpərvər alim Həsən Bəy Zərdabi tərəfindən "Əkinçi" qəzetinin yaradılması ilə qoyuldu". Bunu SİA -ya açıqlamasında Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dosenti, Əməkdar jurnalist Qərənfil Dünyaminqızı deyib.

Əməkdar jurnalistin sözlərinə görə, Milli Mətbuatımızın yaranması eyni zamanda maarifçiliyimizin, milli mədəniyyətimizin təbliğinin, ictimai fikir tariximizin, xeyriyyəçiliyimizin inkişafına səbəb oldu: "Həsən bəy Zərdabidən əvvəl də ziyalılarımız Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Eynəli bəy Sultanov da milli mətbuat nümunəsi yaratmaq istədilər. Amma Azərbaycan ziyalısının arzularına hər zaman çar Rusiyası qadağa qoydu və hər cür maneələrə əl ataraq milli mətbuatımızın yaranmasının qarşısını aldı. Buna baxmayaraq Həsən bəy Zərdabi uzun illər böyük çətinliklər çəkdikdən sonra 1875-ci ilin iyul ayında milli mətbuatımızın ilk qaranquşu, müjdəçisi - "Əkinçi" qəzetinin işıq üzü görməsinə nail oldu. "Əkinçi" çox təssüflər olsun ki, uzun illər yaşaya bilmədi. Cəmi 56 sayı işiq üzü gördü. Amma buna baxmayaraq "Əkinçi" qəzeti nurlu bir yol açdı və bərəkətli toxumlar əkdi. Çar höküməti nə qədər güclü maneələr törətsə də bir daha milli mətbuatımızı susdura bilmədi və milli oyanışın, milli dirçəlişin və özünədərkin qarşısını ala bilmədi. Bakıda "Əkinçi" qəzetindən sonra uzun illər ana dilində qəzet çıxarmaq mümkün olmadı. Tiflis ədəbi məktəbinin də Azərbaycan mətbuatının inkişafında çox böyük rolu oldu. 1905-ci ildə Çar rus höküməti manifest imzaladı və bu manifetsin imzalanması hökümətin ürəyincə deyildi. Amma Rusiyanın əyalətlərində baş verən hadisələr inqilablar, ixtişaşlar höküməti məcbur etdi ki, manifest imzalansın. Bizim ziyalılarımız ələ düşən fürsətdən istifadə edərək uzun müddət fasilədən sonra "Həyat" qəzetinin çapına nail olundu. Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu və bu işin bütün maliyyə dəstəyi də Hacı Zeynalabdin Tağıyevin üzərində idi. "Həyat"ın fəaliyətə başlaması artıq Azərbaycanda ana dilli mətbuatın dircəlişinə səbəb oldu. "Həyat"dan sonra "İrşad", "İqbal", "Füyüzat" , "Yeni iqbal" , "Açıq söz", "Şəlalə", "Dircəliş" və s. mətbu orqanlar fəaliyyətə başladı ki, Çar rus höküməti nə qədər güclü senzura qoysa belə bu oyanışın qarşısını ala bilmədi. 1911-ci ildə kütləvi şəkildə jurnalistlər, publisistlər həbs edildi. Bunlar arasında "Füyuzat" ədəbi məktəbinin və "Molla Nəsrəddin" ədəbi məktəbinin görkəmli nümayənələri də var idi. Lakin, sürgünlər və qadağalar ziyalılarımızın müqəddəs yolundan döndərə bilmədi. "Həyat"ın zühuru Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsinə yol açdı və bir daha sübut olundu ki, Azərbaycan Xalq Cumhuriyyəti qələbə çalmasında milli ruhlu mətbu orqanlarımız çox böyük rolu var. Milli mətbuatımızın üzərinə çox böyük və məsuliyyətli iş düşmüşdü. Ziyalılarımız bu məsuliyyətli işin öhdəsindən çox gözəl gəldilər. İlk dəfə olaraq Azərbaycan mətbuatı senzuranın çəngindən qurtuldu. 1918-ci ilin noyabrda senzura ləğv edildi. 1919-cu ilin oktryabr ayında uzun müzakirələrdən sonra Mətbuat haqqında nizamnamə qəbul edildi. Bu dövrdə mətbuatımızla bağlı çox önəmli qərarlar verildi və sərəncamlar, fərmanlar həyata keçirildi".
Qərənfil Dünyaminqızı bildirib ki, AXC-nin süqutundan sonra uzun müddət Sovet Rusiyasının çəngində qalan Azərbaycan mətbuatı yenə senzuranın "amansız" qayda qanunlarına məruz qaldı: "Qəliblənmiş bir mətbuat oldu. Çox çətin də olsa jurnalistlərimiz və publisistlərimiz öz sözlərini deyirdilər. Əlbəttə, bu, onlara çox baha başa gəlirdi. Məsələn, Hüseyn Cavid sürgünə göndərildi. Bir çox ziyalılarımız sürgün və ya həbs edildi. Azərbaycan mətbuatı uzun bir inkişaf yolu keçdi. Bu gün mətbuatımızın bu gözəl dövrünə gəlib çatmasında və inkişaf etməsində başda Həsən bəy Zərdabi olmaqla klassiklərimizin əməyi və rolu danılmazdır. Mətbuatımız çox böyük çətinliklərlə üzləşməsinə baxmayaraq Azərbaycan mətbuatı maarifçilikdən milli dircəlişə qədər hər sahəyə nüfuz etdi. Beləliklə, Demokratik mətbuatın formalaşmasına yol açıldı. 1988-ci illərdə mətbuat 1918-1920 ci illərədə ki, kimi fəaliyyət göstərdi. Bu dövrlər arasında mənəvi bir körpü yaradıldı. Klassiklərimizə yenidən müraciət edildi və tədqiqata cəlb olundu. Bugün söz qələm əhli olaraq bütün qələm yoldaşlarmı təbrik edirəm. Cəlil Məmmədquluzadənin gözəl bir sözü var ki, senzura hər kəsin içində olmalıdır. Hər birimiz dövlətimizə və dövlətçiliyimizə, xalqımıza, millətimizə xələl gətirən heç bir sözə imza atmamalıyıq. Hər birimiz sözümüz və amalımızla dövlətçiliyimiz və müstəqilçiliyimizin qorunub saxlanmasına, daimi əbədi olmasına dəstək olmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB