Jurnalistlər şəhərciyində infrastruktur şəraiti genişləndirilir YENİLİK

Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə yeni market fəaliyyətə başlayacaq

Bakının Yeni Salyan yolu 22 ünvanında yerləşən Jurnalistlər şəhərciyində daha bir yenilik həyata keçirilir. SİA xəbər verir ki, Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə şəhərcikdə “Oba” marketlər şəbəkəsinə aid mağaza qurulur. Artıq iki gündür ki, bu istiqamətdə işlər aparılır, marketin fəaliyyət göstərəcəyi ərazidə betonlama və bərkidilmə prosesi davam etdirilir.

Qeyd edək ki, 155 mənzildən ibarət olan birinci binanın, eləcə də 255 mənzildən ibarət ikinci binanın sakinləri uzun müddət idi ki, ərzaq və s. alış-veriş şəraitinə görə əziyyət çəkirdilər. Marketlər şəbəkələrinin isə əraziyə gələrək fəaliyyət qurmaq prosesləri isə gecikirdi. Məhz bir qrup jurnalistlərin Medianın İnkişafı Agentliyinə müraciətindən sonra bu problem də aradan qaldırılmaq üzrədir.

Buna qədər isə şəhərcikdə Bakıkart sistemi terminalı, eləcə də bankomat quraşdırılıb.

Qeyd edək ki, bir neçə gündən sonra açılışı gözlənilən yüksək standartlara cavab verəcək marketdə ərzaq və qeyri-ərzaq məhsullarının satışından başqa Milli Ön və s. ödəmə terminalları da fəaliyyət göstərəcək. Belə ki, hazırkı dövrə qədər şəhərcikdə sözügedən sahələrdə də bir sıra çətinliklər yaşanırdı, jurnalistlər müxtəlif ödəmə şərtlərini həyata keçirmək üçün soyuq qış və qızmar yay aylarında ərazidən xeyli uzaqda yerləşən 20-ci dairəyə tərəf üz tuturdular.

Bu arada, onu da qeyd edək ki, jurnalistlər şəhərciyində abadlıq işləri ilə yanaşı, azyaşlı uşaqlar üçün əyləncə sahələrinin yenilənməsi, yaşıllaşdırma işlərinin həyata keçirilməsi və s. ətrafında da qarşıda dayanan perspektivlər müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə