Deputatdan bayram təbriki

Əziz həmvətənlər!

Sizi xeyirxahlığın və humanizmin rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, soydaşlarımızın ruzi-bərəkətinin, cəmiyyətimizin rifahının, dövlətimizin isə qüdrətinin daha da artmasını arzulayıram.

İslam dəyərləri xalqımızın milli dəyərlərinin tərkib hissəsidir. İslam dininə aid bütün müqəddəs günlər və bayramlar ölkəmizdə yüksək səviyyədə qeyd edilir, cəmiyyətin həyat tərzinə çevrilmiş dini və tarixi-mədəni ənənələr yaşadılır. Ümumiyyətlə, Azərbaycan dövlətinin uğurlu və nümunəvi multikulturalizm siyasəti ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh, sabitlik, təhlükəsizlik və mehribanlıq şəraitində bir ailə kimi yaşamalarına şərait yaradıb. Təsadüfi deyil ki, ölkəmiz bu gün dünyada tolerantlıq nümunəsi və multikulturalizm diyarı kimi tanınır.

Bu il dünya azərbaycanlıları müqəddəs Qurban bayramını fərqli ovqatda qeyd edirlər. Qalib xalqın nümayəndələri – öz ərazi bütövlüyünü təmin etmiş dövlətin məğrur vətəndaşları bu müqəddəs dini bayramı yüksək əhval-ruhiyyədə qarşılayır, “gün o gün olsun, bayramı işğaldan azad edilmiş torpaqlarımızda qeyd edək” arzusunun gerçək olmasının sevincini yaşayırlar. İnanırıq ki, dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə daim ən yüksək zirvələri fəth edəcək, xalqımız bütün bayramları fərəh hissi ilə qeyd edəcək! Bayramınız mübarək!

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə