"Hər bir Azərbaycan vətəndaşı bu qayğıya layiqdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Hər bir Azərbaycan vətəndaşı bu qayğıya layiqdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Cənab Prezident İlham Əliyevin siyasətinin əsas tərkib hissəsi cəmiyyətin həssas təbəqəsi olan şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdır. Hələ birinci Qarabağ savaşında şəhid olmuş vətəndaşlarımızın ailələri və əlil olmuş qazilərimizin bütün problemləri hər zaman dövlətin diqqətində olub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputatın sözlərinə görə, şəhid övladlarının Ali təhsil müəssisələrində ödənişsiz əsaslarla təhsil almasının təmin olunması, həmçinin bütün şəhid ailələrinə mənzil verilməsi, mütəmadi sosial yardımların edilməsi cəmiyyətin həssas təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün görülən tədbirlərin sadəcə bir neçəsidir: “Heç də təsadüfi deyil ki, istər birinci Qarabağ müharibəsi, istərsə də 44 günlük vətən müharibəsində əlil olmuş şəxslərin protezlərin hazırlanması üçün dünyanın ən müasir texnologiyasına sahib olan avadanlıqlarla təmin olunması Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə geçəkləşdirilib”.

İ.Məmmədov vurğulayıb ki, qazilərimizin qardaş ölkə Türkiyədə yüksək tibbi şəraitdə müalicələr alması üçün göndərilməsi və bu qəbildən olan bir çox həssas məsələlər cənab Prezidentin siyasətinin ən əsas tərkib hissəsidir: “Xocahəsəndə şəhid ailələri və qazilərə mənzillərin paylanması zamanı cənab Prezident İlham Əliyev bir daha bu siyasətə sadiqliyini və bundan sonra da bu siyasətin davamlı olacağını heç bir şəhid ailəsinin, qazinin diqqətdən kənarda qalmayacağını nümayiş etdirmiş oldu. Bu gün Azərbaycanın bütövlüyü uğrunda canından-qanından keçmiş hər bir Azərbaycan vətəndaşı bu qayğıya layiqdir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə