“Fazilin Allah dərgahına gedən ömür yolu” adlı kitabın təqdimatı keçirilib
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon Təşkilatında Azərbaycanın Milli Qəhrəmanı Fazil Umud oğlu Mehdiyev haqqında yazılan "Fazilin Allah dərgahına gedən ömür yolu" adlı kitabın təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, kitab Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzinin sədri, "Milli Qəhrəman" qəzetinin baş redaktoru Mirbəşir Seyidzadənin maliyyə dəstəyi və yazıçı Elbrus Şahmarın müəllifliyi ilə işıq üzü görüb. Təqdimat Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzinin sədri, "Milli Qəhrəman" qəzetinin baş redaktoru Mirbəşir Seyidzadənin təşkilatçılığı və YAP Yasamal rayon təşkilatının dəstəyi ilə keçirilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, Milli Qəhrəman Fazil Mehdiyevin valideynləri və başqa qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon Təşkilatının sədri Fikrət İsmayılov bildirib ki, vətənin müstəqilliyi uğrunda canını fəda verən bu qəhrəmanların fəaliyyətini bir yerə toplamaq, ətrafa yaymaq, gəncləri bunların əsasında vətənpərvərlik ruhunda tərbiyə etmək hər bir vətəndaşın borcudur: "Biz xoşbəxt nəslin nümayəndəsiyik. Bu müstəqilliyin əldə olunmasında da öz canını fəda verən qəhrəmanların əvəzolunmaz xidmətləri olub. Bu insanların qəhrəmanlıqlarını yad edib, onları gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur. Arzu edərdim ki, torpaqlarımızın işğaldan azad olunması qələbəsini qeyd edək və buradan Qarabağa yollanaq".
Tədbirin davamında çıxış edən Mirbəşir Seyidzadə bildirib ki, Azərbaycanda 221 Milli Qəhrəman var və onlardan 193-ü torpaq, vətən uğrunda canlarını qurban veriblər. Onun sözlərinə görə, Azərbaycan gəncliyi belə oğullardan örnək götürməlidirlər: "Belə kitabların yazılması milli qəhrəmanların cəmiyyət arasında tanıdılması istiqamətində təbliğat rolunu oynayır. Belə təbliğatların gəncliyin vətənpərvərlik ruhunda böyüməsində çox böyük rolu var. Milli Qəhrəman Fazil Mehdiyev haqqında yazılan kitabda Azərbaycan polisində əsrə bərabər ilyarım şərəflə xidmət edən, ömrünü ictimai asayişin mühafizə edilməsində keçirən, torpaqların bütövlüyü uğrunda gedən döyüşlərdə mücahidlik edən və bu istiqamətdə şəhid olan Fazilin ömür yolundan bəhs olunur. Bu kitabda zaman-zaman torpaqların işğal olunmasından və onun səbəblərindən yetərincə söhbət açılır".
Tədbirin davamında çıxış edən millət vəkili Aqil Abbas, milli qəhrəmanın uşaqlıq dostu Qulu Ağsəs vəı digər qonaqlar onun haqqında xatirələrlə bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB