Mediada yeni bir dövr başlayır - BAŞ REDAKTORLARIN BAXIŞI - SORĞU

Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 146 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. Bu 146 il ərzində Azərbaycan mətbuatı keşməkeşli və çətin yollardan keçib. Bir çox təqiblərə, senzuralara, repressiyalara məruz qalan Azərbaycan mətbuatı söz azadlığı baxımından bu gün ən parlaq dönəmini yaşayır. Azərbaycan mətbuatına dövlət qayğısı cənab Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bəs, məsələ barədə müxtəlif mətbu orqanlarının rəhbərləri nə düşünür? SİA həmin sorğunu təqdim edir:

“Olaylar” qəzetinin Baş redaktoru Yunus Oğuz: “Bu il 22 iyul Milli Mətbuat Günü yubiley ili olmadığı üçün özünəməxsus qarşılanacaq. Təbii ki, redaksiyaların daxilində bu gün həmişə olduğu kimi xüsusilə qeyd ediləcək. Bu il Mətbuat Gününü "Media haqqında" qanunun müzakirəsi, yeni media çalarlarının ortaya çıxması, medianın inkişaf etdirilməsi fonunda qeyd edirik. Burada söhbət təkcə çap mediasından deyil, eyni zamanda bütövlükdə KİV-lər nəzərdə tutulur”.

Y.Oğuz vurğulayıb ki, mediada yeni bir dövr başlayır: “Bu il məhz bunlarla əlamətdardır. Düşünürəm ki, Azərbaycan mətbuatının daha da inkişafı üçün yeni yaranmış Medianın İnkişafı Agentliyi bu məsələləri yeni qəbul ediləcək qanun çərçivəsində həll edəcək. Ümidvarıq ki, parlamentin payız sessiyasında qanun qəbul olunacaq və bu yeni bir mərhələinin başlanğıcı olacaq”.

“Paralel” qəzetinin Baş redaktoru Tapdıq Abbas: “Azərbaycanda bütün sahələrə olduğu kimi media sahəsində də ciddi islahatlar aparılır. Ölkə Prezidentinin 2008-ci ildə imzaladığı Medianın İnkişafına Dövlət Dəstəyi konsepsiyasına uyğun olaraq xüsusilə son 1 ildə görülən tədbirlər daha uğurlu və perspektivli işlərdən xəbər verir. Hesab edirəm ki, cənab Prezidentin mətbuata bu qədər diqqətlə yanaşması çox böyük əhəmiyyət kəsb edir. Ölkə mediası hazırda o qədər də özünün yaxşı günlərini yaşamır və Azərbaycan mediası digər sahələrdən xeyli geri qalır. Ona görə də cənab Prezident İlham Əliyevin yanvar ayında imzaladığı yeni Sərəncam, xüsusilə Medianın İnkişafı Agentliyinin yaradılması ölkə Prezidentinin bu sahələyə ayırdığı diqqətin nəticəsidir”.

T.Abbasın fikrincə, son 6 ayda görülən işlər göstərir ki, bu sahədə ciddi işlər aparılır və yeni rəhbərlik ölkə mediasının inkişafında yeni uğurlar əldə etmək üçün ciddi əmək sərf edirlər: “Mən də məbuat işçilərimizi, jurnalistlərimizi təbrik edirəm. Azərbaycanda 4-cü hakimiyyət deyilən media nümayəndələrinin bu bayramı əslində ölkəmizin 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük qələbə ilə səsləşir. Mən də öz növbəmdə SƏS Media Qrupunun əməkdaşlarını “Paralel” qəzetinin əməkdaşları adından təbrik edirəm.

“Həftə içi” qəzetinin Baş redaktoru Sevinc Seyidova: “Son illərdə Azərbaycanda azad, özünü təsdiqləməyi bacaran media subyektlərinin formalaşdırılması və inkişafı istiqamətində bir çox addımlar atılıb. Ənənəvi və müasir medianın təmərküzləşməsi, müsbət təcrübələrin mənimsənilərək yeni dövrün tələblərinə uyğun milli mətbuatın formalaşması bu sahədə aparılan dövlət siyasətinin ana xəttini təşkil edir. Dövlət səviyyəsində mediaya ayrılan diqqət və qayğı Prezident İlham Əliyevin timsalında qəbul edilmiş qərar və sərəncamlarda öz əksini yetərincə tapır. Çap mediasının üzləşdiyi çətinliklərlə ayaqlaşması, inkişafı üçün dövlət tərəfindən maliyyə yardımının göstərilməsi mexanizminin tətbiqi, jurnalistlərin sosial və iqtisadi rifah halının yaxşılaşdırılması məqsədi ilə dövlət hesabına mənzillərlə təmin olunması təcrübəsi, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi, medianın peşəkarlığının artırılması ilə bağlı atılan çoxsaylı addımlar bu siyasətin sadəcə kiçik bir hissəsidir”.

S.Seyidova vurğulayıb ki, dövlət tərəfindən maliyyə yardımı göstərilən media subyektlərinin əhatə dairəsinin genişləndirilməsi, onlayn medianın da bu kateqoriyaya daxil edilməsi əslində uzun müddətdir bu addımın atılmasının zəruriliyinin vurğulandığı müzakirələrin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər: “Mediamızın beynəlxalq standartlara uyğunlaşdırılması üçün seminarlar, təlimlər təşkil edilir. Dünyanın aparıcı media orqanlarının təmsilçiləri təcrübələrini bizimlə bölüşürlər. Bu da jurnalistlərin peşəkarlığının artırılması baxımından əhəmiyyətlidir. Hazırda media ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər görülür. Yeni qanun layihəsinin ictimai müzakirələri təşkil edilir, birbaşa media təmsilçilərinin iştirakı ilə onları narahat edən problemlərin, mətbuatın fəaliyyətinə maneə yaradan məqamların hüquqi cəhətdən tənzimlənməsi üçün təklifləri öyrənilir. Əminəm ki, yeni qanun layihəsi dövlətimizin maraqlarına xidmət edən daha müasir və peşəkar medianın formalaşdırılması üçün aparılan islahatlara dəstək verəcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə