Dünyanın ən qədim xalqlarından olan azərbaycanlılar milli mədəniyyətini, zəngin ənənə və dəyərlərini yaşadaraq yad təzahürlərdən hifz etməklə, tarixi etnos kimi mövcudluqlarını daim qoruyublar. Azərbaycanın milli mədəniyyəti, ənənə və dəyərləri, dini baxışları xalqın müqəddəs etiqadına söykənməklə, özündə çox böyük mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir. Əsrlərin sərt sınaqlarından üzüağ çıxan xalqımız tarixinin ən kəşməkəşli, çətin anlarında belə, insanlığın yüksəlişinə, mənəviyyatın təntənəsinə xidmət edən dini dəyərlərdən dönməyib, onları daim uca tutub. Müqəddəs etiqada, yüksək daxili inam və ruhi saflığa tapınan Azərbaycan xalqının uzun əsrlər boyu islami dəyərlərə sadiq müsəlman hümməti kimi tanınması da məhz bu həqiqətin bariz təcəssümüdür.
Sovet imperiyasının tərkibində yaşadığımız 70 il ərzində də xalqımız tarixi keçmişindən, dini və milli-mənəvi dəyərlərindən uzaqlaşmadı. Bütün dövrlərdə Azərbaycan xalqı insani kamilliyə, mənəvi paklığa qovuşmağa, xeyirxah işlər görərək savab qazanmağa can atıb, islam dininin mahiyyətini dərk edərək onun müqəddəs çağırışlarına, mərasim və ayinlərinə əməl etməyə çalışıb. Azərbaycan xalqı hələ sovet dönəmində bütün qadağalara baxmayaraq müqəddəs Qurban və Ramazan bayramlarını da qeyd edirdi.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram edilir. Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir.
Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Qurban bayramı xeyirxahlıq və mərhəmət duyğularının təcəssümü olmaqla yanaşı, bərabərlik və dözümlülük ovqatını da insanlarda gücləndirir. Dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza sevinclə qeyd edirlər. Bu, xalqımızın mənəvi dəyərlərinə dövlət qayğısının nəticəsidir. Ümumilikdə, dini-mənəvi dəyərlərə həssas münasibət, müxtəlif dinlərə və sivilizasiyalara hörmət, tolerantlıq demokratik Azərbaycan cəmiyyətinin mənəvi əsaslarını təşkil edir.
Ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra respublikamızın ərazi hüdudlarında yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənəsinə, dini baxışlarına tolerant münasibətin vacibliyini xüsusi vurğulamışdır. Konstitusiyanın qəbulundan sonra ölkədə dini-mənəvi münasibətləri tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir. Ulu öndər 2003-cü ildə Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində demişdi: "Qoy bütün milli və dini bayramlarımız kimi mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha sıx birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin!".
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də, dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına da xüsusi diqqət yetirmişdir. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənlərin əyani təsdiqidir.
"Milli-mənəvi dəyərlər bizim üçün hər şeydən üstündür. Biz öz dini və milli ənənələrimizə sadiqik", - deyən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncam və tapşırıqları ilə Azərbaycanda olan bütün dini abidələr bərpa və təmir olunur.
Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, islam və qeyri-islam dini icmalar öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər.
Dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan Qurban bayramının Azərbaycanda hər il yüksək səviyyədə qeyd olunması dövlətimizin milli-mənəvi dəyərlərimzə göstərdiyi diqqətin parlaq təzahürüdür.
Ümummilli Lider Heydər Əliyev hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqı təbrik etmişdir. Ulu Öndər müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirmişdir. Bu gün bu ənənə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbriki ünvanlanır və xoş arzuları çatdırılır. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etmişdir.
Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Cəmiyyətimizdə bütün xalqların, bütün dinlərin nümayəndələri bərabər hüquqlara malikdirlər. Dövlətin
gücünü əhalisinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Prezident İlham Əliyev bütün dünyaya göstərir və sübut edir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır və bu baxımdan Azərbaycan bir ölkə kimi dünyanın digər dövlətlərinə nümunə ola bilər.
Xəyalə Eminova
124 nömrəli tam orta məktəbin direktor müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB