Səs İnformasiya Agentliyi 13 yaşını qeyd edir

Səs İnformasiya Agentliyi 13 yaşını qeyd edir

Bu gün 13 illik çətin və məsuliyyətli, şərəfli və qürurlu yolda uğurla addımlayan, üzü ağ, alnı açıq, peşəsini sevən və ona hörmətlə yanaşan insanların zəhmət çəkdiyi, fədakar, vətənpərvər insanların əsl mücadilə apardığı Səs İnformasiya Agentliyinin (SİA) yarandığı, media ailəsinə qəbul olunduğu gündür.

15 iyul 2008-ci ildə SİA-nı təsis edərək bu çətin yükün altına böyük ümidlərlə girdik. İnandıq ki, çəkdiyimiz zəhmət hədər getməyəcək. Əsl vətənpərvərlik nümunəsi göstərərək ilk öncə Ulu Öndərimiz Heydər Əliyevin müdrikcəsinə söylədiyi fikirləri özümüzə daimi şüar etdik. Vaxtilə Ulu Öndərimizin "Səs" qəzeti haqqında dediyi: "Mən inanıram ki, "Səs" qəzeti bundan sonra da inkişaf edəcək və modernləşəcək" fikirləri yaradıcı heyətimizin əsl ilham mənbəyinə çevrildi. Gecə-gündüz görülən işlər, yeni layihələr, çoxsaylı konfrans və dəyirmi masalar SƏS ailəsinə yeni daxil olmuş SİA-nı təkmilləşdirdi, yeni-yeni üfüqlərə daşıdı. Tanındıq və əldə etdiyimiz məlumatlara hər kəsi, dəyərli oxucularımızı şərik etdik. Maarifləndik və maarifləndirdik, jurnalist peşəsinə sadiq qaldıq, "Əkinçi"dən bu günümüzə qədər gəlib-getmişlərin mətbu ənənələrindən pay qopardıq. Və budur, artıq 13 yaşımız var.

13 ildə kimlər çalışmadı bu media məbədində, kimlərə yer vermədik bu kollektivdə? Sağ olsunlar, SƏS-in də, bu məktəbin bir sinifi olan SİA-nın da zəhmətini yerə vurmadılar, hər biri böyüdü, pöhrələndi. İndi fəxrlə deyə bilərik ki, bəli, SƏS bir akademiyadır, jurnalist məktəbidir. SİA-nın da bu məktəbdə öz payı var və daim axtarışdadır. Bunun nəticəsidir ki, fəaliyyətinin 3-cü ilində - 2011-ci ildə SİA-nın bazasında SƏS TV internet televiziyası fəaliyyətə başladı. İndi qarşıda yeni planlar, yeni layihələr var...

Azərbaycanın müstəqil, özəl və beynəlxalq arenada tanınmış informasiya agentliklərindən biri - “Səs” Media Qrupuna daxil olan və fasiləsiz olaraq Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən SİA-nın ölkəmizin bütün bölgələrində, eyni zamanda Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Şərqi Avropa ölkələri, Qazaxıstan və Orta Asiya ölkələrindəki büroları vasitəsilə “on-line” xəbər xidməti göstərir və ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır.

Agentlik abunəçilərinə gündəlik xəbərlərlə yanaşı, video görüntülər, həftəlik və aylıq təhlillər, statistika, proqnozlar, xüsusi fotosessiyalar təqdim edir. Regionun etimad qazanmış media şirkətləri sırasında olan SİA-nın tanınmış politoloq və mütəxəssislərdən ibarət ekspertlər qrupu təhlillər hazırlayır, monitorinqlər keçirir. SİA foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır. Agentliyin multimedia və videoxəbər xidməti SƏS TV müxtəlif layihələr hazırlayır.

Agentlik xarici ölkələrin xəbər resursları ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır. Müxtəlif tədbirlərin təşkilatçısı və informasiya dəstəkçisi rolunda çıxış edən SİA Azərbaycan mediasının yeni qolu sayılan internet medianın inkişafında xüsusi rol oynayır.

Əlamətdar gün münasibətilə Səs İnformasiya Agentliyinin əməkdaşlarını, dəyərli oxucularımızı, tərəfdaşlarımızı ürəkdən təbrik edir, onlara yeni-yeni yaradlcılıq uğurları arzulayırıq!

Bütün xəbərlər Facebook səhifəmizdə