Əlavə ödəniş olmalıdır, yoxsa yox? – ARAŞDIRMA

Əlavə ödəniş olmalıdır, yoxsa yox? – ARAŞDIRMA

Havanın hərarəti artdıqca insanlar istər-istəməz sərinləşdirici vasitələrdən istifadə etməli olurlar. Ələlxüsus, yay aylarında istər iş yerlərində, istərsə də mənzillərdə müxtəlif sərinkeşlər işə salınır, qapalı mühitdə kondisionerdən istifadə edirlər. Bir sözlə, istilər düşdüyü zaman sərinləşdirici vasitələrə tələbat artır. Bu halda, yəni həmin vasitələrə ehtiyac duyulduğu üçün istehlak bazarında bir canlanma müşahidə edilir. Hətta, qiymətlərdə də ciddi dəyişikliklər, bəzən müxtəlif kampaniyalar gözə çarpır, çünki, tələb və təklif arasındakı təkzibedilməz bir asılılıq mövcuddur. Beləki, insanların tələbatı, ödəmə qabiliyyətli müştərilərin tələbi artdıqca, təklif də buna müvafiq dəyişə bilir.

Heç şübhəsiz ki, tələbatın və tələbin artması ilə təklif olunan məhsulun satış qiymətlərində, eləcə də satış şərtlərində dəyişiklik dərhal özünü göstərir. Tutaq ki, soyuq aylarda sərinləşdirici vasitələrin təklif olunmasında, istər qiymət baxımından, istərsə də çatdırılma və xidmət baxımından müəyyən güzəştlər olurdusa, artıq havaların hərarəti yüksəldikcə, insanların tələbatı artdıqca, belə güzəştlər də aradan qaldırılır, üstəlik şərtlərdə də elə dəyişikliklər olur ki, bu, insanaları, müştəriləri qane etməyə bilir. Doğrudur, tələb artdıqca təklif üçün ən arzuolunan şərait yaranır və bir növ, yay fəslində, isti aylarda sərinləşdirici vasitələr üzrə təklifdə olan dəyişiklik anlaşılandır. Amma, bütün bunlarla yanaşı nəzərə almaq lazımdır ki, hər bir halda tələb və təklifin rastlaşdığı müstəvidə, məkanda, yəni alqı-satqı yerində, məqamında razılaşmalar ən vacib şərtdir. Yəni, müştərilərə təklif olunan məhsullar realizə olunduğu, müştərilərə satıldığı zaman, istər qiymət, istərsə də xidmət baxımından razılaşma sənədi ən vacib, daha doğrusu hüquqi sənəd hesab olunur. Bir sözlə, tələb və təklif olmaqla, tərəflər öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək barədə hüquqi sənədə imza atırlar və bu yöndə də mükəlləfdirlər. Deyək ki, alıcı məhsulun dəyərinin tam, yaxud hissələrlə, ya da kredit üsülu ilə ödənişini boynuna götürürsə, bu yöndə razılaşma sənədinə imza atırsa, ödənişi, təbii ki, şərtlərə müvafiq şəkildə ya tam etməli, ya hissələrlə çatdırmalı, ya da krediti vaxtlı vaxtında ödəməli, gecikdirməməli, aylıq ödənişdən boyun qaçırmamalıdırsa, məhsulu təklif edən tərəf də müqavilədə göstərilən, çatdırılma, quraşdırılma, zəmanət, lazım olduğu təqdirdə təmir məsələləri ilə bağlı öhdəliklərinə görə cavabdeh olmalıdır.

Məsələ burasındadır ki, müştərilərin öhdəliklərinin tələb edildiyi halda bəzən qarşı tərəf, yəni, məhsulu təklif edən tərəf öhdəliklərini ya nəzərə almır, ya bu öhdəliklərdən imtina etməyə cəhd edir, ya da müxtəlif bəhanələrlə böyün qaçırmaq istəyir. Məsələn, bilirik ki, sərinləşdirici vasitələr, xüsusən də kondisionerlər qapalı məkanda quraşdırılmalıdır və sonra istehlakçıya təhvil verilməlidir, hansı ki, bunu təklif edən tərəf öz üzərinə götürür və bu xidmət də məhsulun qiymətinə daxil olur. Amma, bir çox hallarda bundan imtina etmək məqsədilə müxtəlif bəhanələr uydurulur. Nümunə üçün deyə bilərik ki, bir çox hallarda yeni alınmış kondisionerlər köhnə, işlək olmayan kondisionerlərin yerində quraşdırıldığı zaman, məhz bunu bəhanə gətirərək, quraşdırmağı boynuna götürən tərəf məhsulun qiymətinə daxil olan quraşdırılma xidmətinə görə əlavə ödəniş istəyir. Daha dəqiq desək, yerində yenisi quraşdırılacaq köhnə, işlək olmayan kondisionerin çıxarılması üçün ödəniş edilməli olduğunu iddia edir. Halbuki, yerindən götürüləcək işlək olmayan kondisionerin özünün bir zaman quraşdırıldığı zaman hazır yeri var, hətta divardan keçən, avadanlığın digər hissəsi ilə əlaqə yaradan boru üçün dəliyi belə hazırdır. Bir növ, quraşdırma xidməti edənlər üçün əvvəlcədən işlər görülüb və onlar sadəcə, birini digəri ilə, yəni, yenisini köhnəsi ilə əvəz etməli olurlar. Maraqlıdır, bu zaman nəyə görə müştəri, istehlakçı əlavə ödəniş etməlidir?

Yaxud, kondisionerlərin quraşdırılması öhdəliyindən yayınma halları ilə bağlı digər bir faktla da rastlaşılır və qeyd olunur ki, avadanlığın digər hissəsi ilə əlaqə yardan borunun uzunluğu, məsələn, 2 ya da 3 metrdən uzun olarsa əlavə ödəniş edilməlidir. Ən maraqlısı odur ki, nəzərdə tutulduğu iddia edilən borunun uzunluğundan bircə metr artıq boru tələb olunduğunda bir metr boruya görə ödəniş deyil, daha çox vəsait istənilir ki, bu heç bir məntiqə sığışan deyil. Çünki, artan məsafə həmin məsafə qədər artıq boru deməkdir, bunun xidmət haqqının artmasına zərrə qədər aidiyyəti yoxdur.

Sadalanan faktlar istehlakçılar, müştərilər arasında heç şübhəsiz ki, narazılıqlara səbəb olur. Müştərilər məhsulu aldıqdan sonra şərtlərin dəyişməsinə görə heç də razı qala bilməzlər. Müştərilər məhsulu aldıqdan sonra çox nadir hallarda həmin məhsulu qaytarırlar və heç şübhəsiz ki, məhsulu təlkif edən tərəf də məhz buna görə diqtə edən tərəfə çevrilir. Əgər müştərilər hüquqlarını, aldıqları məhsulları 14 gün ərzində qaytarmaq hüququna malik olduqlarını bilsələr, yaxud da bildikləri bu hüquqlarından istifadə etsələr, o zaman qarşı tərəf, məhsulu təklif edən tərəf belə etməzdi. Ən azından məhsul satışında, yaxud quraşdırılma zamanı yaranan narazılıqlara görə məhsulun geri qaytarılması ilə qarşılaşan tərəf, sonradan hansısa şərtlər irəli sürməkdən, iddialarla çıxış etməkdən məhz buna görə ən azından ehtiyat edərdi. Amma, ehtiyat etmədiklərinə görə, alqı-satqı zamanı razılaşma predmeti olmayan şərtlər ortaya çıxır və məhz bu məqam istehlakçılarda, məhsul əldə etmək istəyən müştərilərdə, vətəndaşlarımızda haqlı narazılığa səbəb olur.

Məsələ ilə bağlı bir neçə istehlakçınin münasibətini öyrəndik və bu, hər kəs üçün çox maraqlı oldu. İstehlakçılar avadanlığı aldıqları zaman deyil, məhz onu evə gətirdikləri zaman əvvəlcədən qeyd olunmayan şərtlərlə qarşılaşdıqlarını bəyan etdilər. Əlbəttə ki, bu halla barışmadıqları da təkzib edilə bilməz. Nəzərə almaq lazımdır ki, hər bir halda müştəri haqlıdır və tələbləri ilə də, narazılıqları ilə də hesablaşılmalıdır. Amma, biz bunun şahidi deyilik, əksini müşahidə edirik. İstehlakçılar hansısa bir yöndə də olsa narazılıqlarını gizlətmirlər. Məsələn, istehlakçı Vəli Vəliyev bazarda təkliflə çıxış edənlərin satış siyasətindən razı olmadığını açıq-aşkar ifadə etdi.

"Ümumiyyətlə, müştərisi olduğum heç bir şirkətin, mağazanın satış siyasətindən razı deyiləm. Hər cür satış çox primitiv, əsasən də müştərilərdən pul qoparmaq istəyi üzərində qurulub. İstər kreditlə ev satışı olsun, istər ev əşyaları, istərsə də məişətdə işlətdiyimiz avadanlıqlar olsun, hansını almaq istəsən orada çoxlu suallarla qarşılaşmalı olacaqsan.

BakuElektroniks-dən iki il qabaq kondisioner aldım. Nağd qiyməti 720 manat idi, amma kreditlə satışını 900 manat yazmışdılar. Üstəlik faizsiz satdıqlarını da xüsusi olaraq qeyd etmişdilər. Satıcıya burada ziddiyyət olduğunu, faizsiz satışda qiymət dəyişikliyi baş verirsə deməli müştərilər aldadılır, dedim. Təbii ki, satıcı dialoqdan yayındı, suallarım cavabsız qaldı. Əlqərəz, kondisionerlərdən birini kreditlə aldım. Şərtə görə, şirkət bu qurğunun quraşdırılmasını da təşkil etməli idi və etdi. Amma elə etdi ki... İki ildir ki, səhv quraşdırılma səbəbindən qurğudan qaz (freon) sızır. Dəfələrlə mağazaya şikayət etsəm də əlac olmayıb. Kondisioneri mağazadan almışam, problemin həlli üçün məni başqa şirkətə yönləndirirlər. Təbii ki, bu, istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır”, deyə V.Vəlili narazılığını bildirib və hüquq pozuntuları faktını önə çəkib.

Sözügedən məsələ ilə əlaqədar olaraq müraciət etdiyimiz daha bir istehlakçı, jurnalist-ekseprt Rövşən Rəsulov məhsul təklif edənlərin əlavə, qanunsuz gəlir əldə etmək niyyətlərində olduğunu dedi. O, qeyd etdi ki, məsələnin görünməyən tərəfləri sonra ortaya çıxır. Yurnalist-ekseprtin sözlərinə görə, bütün bunlar tənzimlənməli və bağlanan müqavilələrdə şərtlər əvvəlcədən müəyyənləşdirilməlidir.

“Təəssüf ki, bu kimi hallarla tez-tez rastlaşırıq və yalnız kondisionerlərin quraşdırılmasında deyil, digər avadanlıqların təchizatı məsələsində firma və şirkətlərin əlavə, eləcə də qanunsuz gəlirlər əldə etmələrinin şahidlərinə çevrilirik. Misal üçün, mövzu ilə bağlı deyə bilərəm ki, kondisionerlərin satışı zamanı təklif edilən qiymət preyskurantında “çatdırılma və qurdaşdırılma pulsuz” ifadəsindən başqa heç nəyə rast gəlmirik. Ancaq gəlin görək, çatdırılma və quraşdırılmanın pulsuzluğunu pulla əvəz edən başqa hansı görünməyən tərəflər var?

Köhnə kondisionerin sökülməsi üçün əlavə xərc tələb olunur, kondisionerin borusu daha çox lazım olursa, ona görə də xərc tələb edilir və s. Əgər belədirsə, nəyə görə bu şərtlər də qiymət cədvəlində qeyd olunmur? Bəlkə kondisioneri kredit, yaxud nəqd şəkildə əldə edən istehlakçının əlavə maddi vəsaiti yoxdur? Göründüyü kimi, bütün bunlar istahlakçının hüquqlarını pozur və mən hələ əlavə ustapulu “hörməti”, maşınpulu “hörməti” kimi məsələləri demirəm. Lakin etiraf edək ki, bir sıra hallarda biz istehlakçılarda da müəyyən günahlar olur və əlavə vəsaitləri sanki cibimizdən çıxarıb tələb olunmayan məsələlərə xərcləməkdə maraqlı görünürük. Amma hər halda, bu kimi məsələlər daha ciddi şəkildə tənzimlənməli və alıcı-satıcı arasında bağlanan müqavilələrdə bütün şərtlər əvvəlcədən müəyyən edilməlidir.”, deyə R. Rəsulov bu məsələnin tənzimlənməli olduğunu qeyd edib.

Bütün bu məsələlərə, müştərilərin hüquqlarının qorunmasına, alqı-satqı müqaviləsinə diqqət edilməməsinə münasibət bildirən jurnalist-sosioloq Elçin Bayramlı qeyd edib ki, daşınma, quraşdırma və xidmətlərə görə müştərilərdən əlavə ödəniş alırlar. Onun sözlərinə görə, ticarət sahəsində xeyli özbaşınalıq, nizamsızlıq var və bu sahəyə nəzarət edən qurum yaradılmalıdır.

“İstehlakçı hüquqları ilə bağlı qanunvericilik müştərilərin hüquqlarını qoruyur. Lakin bizdəki mağazalar reklamlarda dediklərini və alqı-satqı müqaviləsində əks olunanları çox vaxt yerinə yetirmirlər. Bilirlər ki bizdə istehlakçıların çoxu öz hüquqlarını bilmir, tələb etmir, heç müqaviləni belə oxumurlar. Bu halda mağazalar qiymətə daxil olan daşınma, quraşdırma və xidmətlərə görə müştərilərdən əlavə ödəniş alırlar. Bundan başqa zəmanət talonunu elə yazırlar ki, faktiki olaraq heç nəyə zəmanət verməmiş olurlar. Alınan aparat, cihaz xarab olduqda deyirlər ki düzgün işlətməmisiniz, təmir xərcini ödəməlisiniz. Məhsulu dəyişdirməkdə də problem yaradırlar. Azərbaycanda bununla bağlı dövlət orqanı yoxdur, yalnız ictimai təşkilatlar var. Bir də məhkəmə yolu var ki, ondan da istifadə edilmir, çünki 200 manatlıq təzminatı almaq üçün 500 manat xərc çəkməlisən. Ümumiyyətlə ticarət sahəsində xeyli özbaşınalıq, nizamsızlıq var. Ona görə də bu sahəyə nəzarət edən Ticarət Nazirliyi yaradılmalıdır.”, deyə E. Bayramlı təkliflə çıxış edib.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova sual ünvanladıq və avadanlıqların quraşdırılmasında istehlakçılardan əlavə vəsait tələb olunmasına münasibət bildirməsi üçün müraciət etdik. Birliyin sədri vurğuladı ki, hələ də bununla bağlı şikayətlər daxil olur və fırıldaqçılıq, hərcmərclik çoxdur.

“Avadanlıqların quraşdırılması ilə bağlı fırıldaqçılıq çoxdur. İnsanları faktla üzbəüz qoyub, onları məcbur edərək pul qoparırlar. Belə hallar çoxdur. Təəssüflər olsun ki, məişət cihazlarının satışında vətəndaşlarla heç bir yazılı müqavilə yoxdur ki, orada həmin məsələlər göstərilsin. Müqavilə ya şifahi, ya da yazılı ola bilər. Şifahi olduğu təqdirdə tərəflərin yanında şahidlər olmalıdır ki, lazım olduqda müəyyən məhkəmə məsələlərində müdafiə olunsunlar. Yaxşı olar ki, yazılı müqavilə olsun və orada bütün şərtlər göstərilsin. Pis olmaz ki, satıcı tərəf birinci gəlib vəziyyətlə tanış olsun, hara quraşdırılacağını bilsin, qiymətin necə olacağını və sair əvvəlcədən qeyd etsin.
Biznes qurum istəsə vətəndaşa, istehlakçıya quraşdırma işini hədiyyə də edə bilər. Ona görə də bütün bunlar hamısı öncədən aydınlaşdırılmalıdır. Bu kimi problemlər doğrudan da yaşanır və hər ay bir neçə telefon zəngi gəlir Azad İstehlakçılar Birliyinə. Çox təəssüflər olsun ki, bu məsələdə böyük hərcmərclik, eləcə də vergidən yayınma var. Həmin quraşdırma işi ilə məşğul olan ustaların aldığı heç bir vergi uçotuna götürülmür, vergidən yayınma baş verir. Təəssüflər olsun ki, İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Qanun 1995-ci ildə qəbul olunandan sonra orada altı dəfə dəyişiklik olsa da yenə belə hallara rast gəlinir. Ona görə də bu qanun artıq dəyişməlidir və bu kimi amillər nəzərə alınmalıdır. O cümlədən, mürəkkəb texniki vasitələrin satışında serviz xidmətlərinin olması öz əksini tapmalıdır. Gərək bütün bu məsələlər öz həllini tapsın və təəssüf ki, hələ də həll olunmamış çoxsaylı məsələlər var”, deyə Eyyub Hüseynov bildirib.

Əlbəttə ki, hər bir müştəri, istehlakçı aldığı avadanlığı özünə məxsus olan qapalı məkanda quraşdıracaqsa, deməli, quraşdırılmanı öz üzərinə götürənlərin hər bir müştəriyə görə fərqli şəraitlə rastlaşmaları təkzibedilməzdir. Bir sözlə, avadanlığı quraşdırmağı öz üzərinə götürənlər fərqli şəraitlə rastlaşacaqlarını bilməlidirlər. Əslində, bunu digərləri bilirsə, deməli, onlar lap yaxşı bilirlər. Çünki, belə hallarla rastlaşan bilavasitə onlar özləridir. Maraqlı bir sual ortaya çıxır ki, nəyə görə avadanlığı quraşdıranlar yaranmış şərait və əlavə ödənişlər barədə məhz məhsul alınıb istehlakçının ünvanına gətirildikdən sonra bildirirlər? Quraşdırılacaq yerin vəziyyəti, orada görüləcək işlər barədə əvvəldən niyə məlumat öyrənmirlər, əgər başqa sual doğuran niyyətləri yoxdursa? Məsələn, avadanlığı quraşdıranlar onun yerində köhnəsinin olub-olmadığı barədə istehlakçıdan soruşa və olduğu təqdirdə buna görə əlavə ödəniş ediləcəyi barədə xəbərdar edə bilməzmi? Yaxud, alqı-satqı müqaviləsi bağlanarkən bu barədə niyə sənəddə heç bir kəlmə də yazılmır? Bu sənəd hazırlanarkən yeni quraşdırılacaq avadanlığın yerində köhnəsinin olma ehtimalı yoxsa heç nəzərə çarpmayıb? Uzun müddət bu fəaliyyətlə məşğul olanların belə bir hadisə ilə vaxtaşırı rastlaşma etimalını təkzib etmək mümkündürmü? Mümkün deyil və elə isə həmin hallar mütləq alqı-satqı zamanı bağlanan müqavilədə, sənəddə də öz əksini tapmalıdır. Əgər bu öz əksini tapmırsa, deməli, qarşı tərəfin maraqları var və vətəndaşlardan əlavə vəsaitlərin alınmasında maraqlıdırlar. Hər bir halda alıcı, istehlakçı aldadılır və bu barədə görünür müəyyən tədbirlər görülməsinin çoxdan zamanı çatıb. Çünki, bu, avadanlıqların quraşdırılması ilə əlaqəli əlavə vəsait ödənişi tələbi barədə fırıldaqçılıq artıq adi hala çevrilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə