Pandemiya fonunda və məhərrəmlikdə milli toy: Olar, yoxsa olmaz? - Ekspert rəyləri

Pandemiya fonunda və məhərrəmlikdə milli toy: Olar, yoxsa olmaz? - Ekspert rəyləri

Hər millət özünün milli dəyərləri ilə fərqlənir, bir millətin normal hesab etdiyi adət başqa bir millətə bayağı, lüzumsuz gələ bilər. Milli adətləri əks etdirən hər mərasim özündə mənsub olduğu xalqa xas psixologiyanı da nümayiş etdirir.

İyul ayının 1-dən etibarən ölkə ərazisində xüsusi karantin qaydaları çərçivəsində nişan və toy mərasimlərinin keçirilməsinə icazə verildi. İki ilə yaxındır ki, mövcud qadağa ilə üz-üzə qalan cütlüklər üçün isə bu qərarı göydəndüşmə olsa da, qərara narazılıq edən qisim də çox oldu. Səbəbi sadədir, qadağalar. Əvvəl 5 nəfərlə belə toy mərasiminə icazə yox ikən indi 50 nəfərlik mərasimlərə də etiraz edirik. Axı biz 500 nəfərlik toylara adət etmişik. Amma qadağa qadağadır və elliklə riayət etmək lazımdır. Covid pasportu əngəlini aşanlar üçün 50 nəfərlik mərasim 150 nəfərlik mərasimlər əvəz oluna bilir, lakin bu da hər toy edən üçün əlçatan olmur. Əvvəla dəvət ediləcək qonaqların siyahısından yalnız peyvəndli qismi seçmək lazım gəlir, ikincisi peyvənd edilənlərin toya dəvət edilməsi məsələsi gündəmdə olmur.

Daha problemli hala çevrilən bir məsələ də var ki, bu da hamının iyul ayında toy etməyə çalışmasıdır. Bu səbəbdən də indi şadlıq evlərində yer tapmaq müşkül məsələdir. Hər kəsin toy və nişan mərasimini iyul ayında etmək istəyi isə avqustun 10-dan etibarən Məhərrəmlik ayının başlaması ilə əlaqədardır. Artıq illərdir ki, xalqımız İslam dəyərlərini rəhbər tutaraq Məhərrəmlik ayında toy, şənlik keçirməyi günah hesab edir.

Maraqlıdır, bəs, görəsən doğrudan da Məhərrəm ayında toy, yaxud nişan etmək günah sayılır?

İlahiyyatçı Elşad Miri Məhərrəmlikdə toy və nişan mərasimlərinin keçirilə biləcəyini deyir: “Dində məhərrimlik ayında toy etməklə bağlı qadağa yoxdur. İslamın əsas anlayışı Quran kitabıdır. Quran kitabında isə toy, nişan mərasimi etmək mövzusunda hansısa qadağa, göstəriş yoxdur. Əgər Quran kitabında belə bir anlayış yoxdursa, o zaman “din icazə vermir” demək olmaz. Peyğəmbərin özünün də bu mövzu ilə bağlı hansısa qadağası yoxdur. Məhərəmlik Aşura ilə əlaqədar bir məsələdir. Aşura isə peyğəmbərin vəfatından çox-çox sonra, onun nəvəsinin qətlə yetirilməsi ilə bağlıdır. Məsələyə eyni şəkildə yanaşsaq, gərək 44 günlük müharibədə qəhrəmanlıq simvoluna çevrilən əsgərlərimizin şəhid olduğu günlərdə də toy etməyək”.

Sosioloq Lalə Mehralı məhərrəmlik ayında spirtli içki olmadan toy keçirilməsinin tərəfdarı olduğunu deyib: ”Məhərrəm ayında, yəni avqust-sentyabr ayları üçün toyların keçirilməsi məsələsinə normal baxıram. Sadəcə olaraq, mərasimdə spirtli içki vermədən mərasim təşkil etmək olar. Bizim insanlar Məhərrəm ayında spirtli içki qəbul edə bilmədikləri üçün toyların da keçirilməsinə müsbət yanaşmırlar. Spirtli içkinin əziz günümüzdə qəbul edilib-edilməməsinin bizim üçün fərqi olmamalıdır. Əgər insanlar bu qayda ilə barışsalar, Məhərrəmlik ayında da toy təşkil etmək mümkündür”.

Sosioloqun fikrincə, toylar indi biznes maraqları daşıyır, el adətləri ilə edilən toylar yox olub: O qədər bayağı toylar görür insan, az qalırsan toylara getməkdən ömürlük imtina edəsən. Problemlər bir deyil, iki deyil. Səsin düzgün tənzimlənməməsi bir, yeməklərin israfçılığı iki, bahalıq üç, səviyyəsiz mahnılar dörd. Bu kimi problemləri çox sadalamaq olar. Tamada alır əlinə mikrofonu, bir-bir pullu qonaqlar dəvət edilir səhnəyə, pulunu alırlar, bir bayağı mahnı da hədiyyə edirlər. Toyu olan gənclər bir tərəfdə qalıb, qonaqlar mahnı üstündə bir-birini qırır. Bu toy kiminçün çalınır, kimin ən yaddaqalan günüdür - bunu yada salan yoxdur. Ümumiyyətlə, mən anlamıram ki, bu qədər dəm-dəstgah nəyə gərəkdir. Kiçik bir məclis və ən yaxın adamlarla da gözəl toy etmək olar. Daha o qədər böyük xərcin altına girib sonra da neçə il borc ödəmək kimə, nəyə lazım?”

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə