"Enerji içkisini içib özlərini daha da bərbad günə qoyurlar” - MÜTƏXƏSSİSLƏR AÇIQLADI

"Enerji içkisini içib özlərini daha da bərbad günə qoyurlar” - MÜTƏXƏSSİSLƏR AÇIQLADI

“Azad İstehlakçılar Birliyi enerji içkiləri Azərbaycana daxil olduğu gündən ona qarşı mübarizə aparır. Biz çalışırıq ki, enerji içkilərinə əlçatanlıq mümkün qədər azalsın. Təsadüfi deyil ki, il yarım öncə biz dövlət orqanlarına müraciətimiz nəticəsində enerji içkilərinə rüsumlar artırılaraq, qiyməti xeyli bahalaşdı. Biz bundan çox məmnun olduq. Dövlət də Azad İstehlakçılar Birliyinin təşəbbüsünü dəstəklədi. Lakin, enerji içkilərinə tələbat durmadan artır. Bunun səbəbi dünyanın hər yerində yayılan ciddi reklamların olmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyi İctimai Şurasının üzvü Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, enerji içkilərinin insana zərərli olması ilə bağlı xaricdə istehsal olunan enerji içkilərinin destributerinin Norveçdən gəlmiş nümayəndəsi ilə ciddi bir mübahisə olub: “Bu mübahisə qəzetlərdə də dərc olunub. Mən ona sübut etdim ki, bütün dövlətlərin büdcəsində pul lazımdır. İnsan sağlamlığının qorunmasına dair yönəlmiş ÜST-ün çağırışları heç də səmimi deyil. Bilirik ki, silah öldürmək üçündür. Lakin, bir çox ölkələrdə pul naminə silah belə satılır. Çünki, dövlət büdcəsinə pul lazımdır. Çox şükür ki, Azərbaycanda bu hallar yoxdur. Tələb varsa, təklif də mütləq meydana çıxır”.

“Azad İstehlakçılar Birliyi çox məmnundur ki, AQTA bir il öncə enerji içkilərinin tərkibindəki asılılıq yaradan maddələrin miqdarının azaldılması üçün təşəbbüs qaldırdı. Hazırda, ölkəmizdə asılılıq yaradan maddələrin miqdarının xeyli azalmış şəkildə enerji içkiləri idxal olunur. Eləcə də yerli enerji istehsalçıları da AQTA-nın həmin verdiyi resept əsasında asılılıq yaradan maddələrin az olması şəraitində istehsalla məşğul olurlar. Lakin, bütün bunlara baxmayaraq həmin içkilər yenə də insan həyatı üçün təhlükədir. Çünki, enerji içkilərinin üzərində istehsalçı özü yazır ki, bu, yaşlılara, uşaqlara və hamilə qadınlara məsləhət görülmür. Bu hansı məntiqə əsaslanır ki, zəifə zərər verən şey, güclüyə xeyir edə?! Zərərdirsə ikisinə də zərərdir. Çünki, insanlar eyni orqanizmdən təşkil olunub”.

Eyyub Hüseynov sözlərinə belə davam edib: “Azad İstehlakçılar Birliyi birmənalı şəkildə iş aparır ki, reklam haqqında qanuna dəyişiklik edilsin və enerji içkiləri reklamı tam qadağan olunsun. Mən üzümü tuturam o idmançılara ki, onlar pul naminə enerji içkilərini reklam edirlər. Bu yolverilməzdir. İdman yarışlarında enerji içkilərinə sponsorluq edilməsi və onun nümayiş olunması da yolverilməzdir. Düşünürəm ki, bunlara son qoyulmalıdır”.

Məsələ ilə bağlı qida texnoloqu Ağa Salamov da münasibət bildirib: “O ki qaldı saxta enerji içkilərinə, mən arzu edərdim ki, əgər Azərbaycan istehlakçısı elə enerji içkisi adı yazılmış mal alırsa, elə onun tərkibində heç də enerji içkisi olmasın. Yəni, adi su olsun. Bu yolla o, özünü aldadaraq təhlükəli enerji içkisindən uzaq olsun. Biz elə bir iş aparmalıyıq ki, enerji içkilərindən tamamilə imtina edilsin və Azərbaycanda buna tələbat olmasın.

Enerji içkilərinin saxtası dedikdə, mən birmənalı olaraq onu qeyd edə bilərəm ki, bu içkilərin ya saxtası, ya da normalı olur. Əgər içkinin üzərində “enerji” içkisi yazılıbsa deməli orada taurindən, kofeindən, insanları süni həyəcanlandıran, ürək ritmini artıran, onlara süni güc verən bir enerjidən söhbət gedir. Enerji içkisi saxta olsa da, olmasa da ziyandır. Bəzən mütəxəssislər nəyinsə qarşılığında bu içkiləri tərifləməyə başlayırlar ki, bəs bunu için və s. Bunlar yalnış fikirlərdir. İnsan orqanizminə su lazımdır, enerji içkisi yox. Enerji içkisinin insan orqanizminə heç bir faydası yoxdur və verdiyi enerjini də insanının yorğunluğu, baş ağrısı ilə geri alacaq. Çünki, həmin bu içkilər enerjini borca verir. Bu vitamin deyil”.

Ağa Salamov sözlərinə belə davam edib: “Taurin maddəsi insan orqanizmində hər kiloqramda bir milliqram olur. Amma bu maddənin kənardan da əlavə olunması insan üçün çoxluq təşkil edir və ziyandır. İnsanlar düşünür ki, enerji içkisi içəcəklər və yorğunluq aradan qalxır. Əslində isə enerji içkisini içib özlərini daha da bərbad günə qoyurlar”.

“Məntiqlə baxdıqda da görünür ki, 18 yaşdan aşağı şəxslərə bir siqaret satmırlar, bir də enerji içkiləri. Yəni bu normal içki olsaydı dövlət bu barədə tapşırıq verməzdi. Deməli, bu 18 yaşdan aşağı şəxslərə satılmırsa, deməli tərkibində zərərli maddələr var”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə