Avtomobillərə şüar yazanlar cərimələnəcək? - EKSPERT VƏ HÜQUQŞÜNAS İZAH ETDİ
“Sürücülərin şəxsi avtomobillərinin üzərinə hər hansı yazını yazdırması qanunla qadağan edilmir. Lakin bu yazı reklam xarakteri daşıdıqda bu zaman Dövlət Yol Polisi ilə razılaşdırmaq qaydası tələb olunur”. Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.
Mövzu ilə bağlı fikirlərinı davam edərək ekspert həmçinin qeyd edib ki, bu tələbdə heç kimin özbaşınalıq etməməsini, kim necə gəldi özbaşına avtomobilin üzərinə yazı yazmamasından ibarətdir: “Ümumiyyətlə maşınların üzərinə müəyyən yazıların yazılması fikrimcə, hər hansı bir çaşdırıcı funksiya daşımır. Maşınların üzərində yazıların yazılması dünyanın bir çox ölkələrində var. Bu baxımdan da sürücülər avtomobillərin üzərinə yazı yazarkən etik davranış qaydalarını gözləməli, cəmiyyətin milli mentalitetini nəzərə almalı, ədəbsizliyə yol verməməlidirlər”.
Mövzu ilə bağlı yazıçı-publisist, hüquqşünas İlham Əliyev bildirib ki, istər xüsusi mülk olsun, istər dövlət xidmətində olan avtomobillər olsun, onlara qarşı hər hansı bir əlavələrin edilməsi, yazıların yazılması yolverilməzdir: “Bu yalnız hüquq pozuntusudur və hüquq pozuntusu da cinsindən, milliyyətindən, tutduğu mövqedən asılı olmayaraq həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi deməkdir. Bu baxımdan xüsusilə gənclər avtomobillərinə müxtəlif rəngli lentlər, nakleykalar, yazılar yazdırırlar. Bu da təbii ki, yolverilməzdir, cəmiyyətə hörmətsizlikdir”.
İlham Əliyev həmçinin qeyd edib ki, insanlar öz sevinclərini, şadlıqlarını, fikirlərini həyata keçirən zaman bir qədər ehtiyatlı olmalıdırlar: “Bu fikirləri, şadlıqları həyata keçirərkən başqalarına qarşı qıcıq yaratmamağa, narazıçılıq doğurmamağa çalışmalıdırlar. Çünki birinin hüquqlarının bitdiyi yerdə başqa bir şəxsin hüquqlarının müdafiəsi başlayır. İnsanlar bir-birinə hörmət etməli, qanunlara sayqı ilə yanaşmalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB