Məhərrəmlikdə toy etmək istəyənlər - DİQQƏT! - DİN XADİMLƏRİ VƏ SOSİOLOQ DANIŞDI
“Məhərrəmlik ayı müsəlman təqvimində ilin birinci ayıdır. Birinci ay həmişə dəyərli-qiymətli olur. Yəni, bu ay adi aylardan seçilir və onda xüsusi əlamətlər var. Bu ay bir çox əlamətdar tarixi hadisələrlə bağlıdır. Tarix elə gətirdi ki, Məhərrəm ayında Peyğəmbərimiz və onun ailəsinin ən dəyərli şəxsiyyətləri olan qızı Fatimeyi Zəhranın nəvəsi İmam Hüseynin ailəsinə qarşı təcavüz olundu. Peyğəmbərin elə bir yaxınları idi ki, onlara biganə qalmaq olmazdı. Bu, dəhşətli bir soyqırım idi. Təsəvvür edin ki, məsələn Xocalı faciəsi və yaxud da 20 Yanvar günündə kimsə toy etsə qınanır. Mən düşünürəm ki, kimsə o insanın toyuna getməz. Peyğəmbəri və onun ailəsini sevən insanlar bilir ki, Məhərrəm ayı Peyğəmbərin əzizi və sevimlisi “Mən Hüseynəm, Hüseyn mənnəndir” dediyi şəxsiyyət və onun yaxınlarına qarşı soyqırım edərək Hüseyni, onun qardaşlarını, övladlarını başlarını kəsərək, rüsvayçılıqla öldürüblər. Həmçinin, qadınları, uşaqları əsir alıblar. Onların ayaqlarına, qollarına zəncir vurublar. Bu, dəhşətdir”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
Onun sözlərinə görə, dünyadakı insanlar bu soyqırımı öyrəndikdə dəhşətə gəlir: “Buna bənzər digər hadisə də Xocalıda baş verən hadisədir. Azərbaycan əqidəsində matəm günündə toy etmək düzgün deyil. Peyğəmbər bizə ən yaxınımızdan əziz və doğmadır. Düşünürəm ki, toyu 10 gün əvvəl və sonraya salmaq mümkündür. Həmçinin, insanın əqidə, inanc və iman qanunları var. Ona görə də Məhərrəm və Səfər aylarında toy edilmir. Çünki Səfər ayında bir neçə imam və Peyğəmbər vəfat edib”.
Hacı Fuad sözlərinə belə davam edib: “Burada incə bir nüans var. Evlənmək istəyən üçün heç bir məhdudiyyət yoxdur. Məhərrəm və Səfər aylarında kəbin kəsmək olar. Toysuz, çalğısız kəbin kəsdirib evlənmək mümkündür. Məsələn, ən sadə bir yanaşma ilə götürsək, insan atası və yaxud başqa bir doğması ölən gündə toy-şənlik etmir, o günə heç nə salmır. Həmçinin, yaslı adamlar toya getməyib şirinlik göndərirlər ki, bizi üzrlü hesab edin yasımız var. Çünki bu adamın öz doğmasına sevgisi var. Onu unutmur. Beləliklə, ruhən, mənən yüngülləşir. Ümumilikdə isə evlənməklə toy etməyi qarışdırmaq olmaz. Evlənmək olar, lakin bu aylarda toy etmək əqidəcə düzgün deyil”.

Məsələ ilə bağlı ilahiyyatçı-alim Hacı İbrahim Quliyev də münasibət bildirib: "Bildiyiniz kimi, Məhərrəmlik Peyğəmbərin (s) nəvəsi İmam Hüseynin (ə) ailə üzvləri və bir qrup əshabı ilə birlikdə Kərbəla çölündə qətli-ama məruz qaldıqları Hicri-Qəməri təqvimin birinci ayıdır. O vaxtdan etibarən bu ay müsəlmanların, o cümlədən xalqımızın nəzərində yas və hüzn ayı kimi xarakterizə edilmiş, hər il bu ay Kərbəla hadisəsinin yad edilməsi ilə keçirilmişdir. Klassik irsimizdə də mərsiyə janrı bu hadisə ilə bağlı formalaşmış, bir çox klassiklərimiz bu mövzuda qəsidələr yazmışlar. Ölkəmizdə də Məhərrəmlik mərasimi yas mərasimi kimi keçirilmiş və buna görə də bu ayda xalqımızın bir hissəsi sözügedən hadisəyə ehtiram əlaməti olaraq toy və nişan mərasimi keçirmir".

Sosioloq Rövşən Rəsulov da öz fikirlərini belə ifadə edib: "Öncə bildirim ki, hər bir xalqın, hər bir millətin milli-mənəvi dəyərləri ilə yanaşı, dini dəyərləri də mövcuddur və onların hər birinin öz ehkamları var. İnsanlar dinindən, ibadətindən asılı olmayaraq bir-birinin dəyərlərinə hörmətlə yanaşmalı, qarşılıqlı tolerantlıq münasibəti nümayiş etdirməlidirlər. Azərbaycan bu kimi mühüm amilləri dünyaya etalon olaraq təqdim edən multikultural bir məkandır və ölkəmiz azsaylı ölkələrdən biridir ki, burada müxtəlif inanclı kəsimlər bir-birlərinin dinlərinə, sitayişlərinə, ibadətlərinə rəğbətlə yanaşırlar, hətta önəmli günlərində iştirak belə edirlər. Bu, çox gözəl bir ənənədir və əsl insanlığa, necə deyərlər, Allahın da bəyəndiyi gözəl əməllərdir.
Bəli, Azərbaycan dünyəvi dövlətdir və buna baxmayaraq, müəlman ölkəsidir. İslam dininin təlqin etdiyi bir sıra mühüm günlər, tarixlər var ki, onlara əməl edilir - Ramazan, Qurban bayramları və eləcə də, İslam Peyğəmbəri Məhəmmədin (s) ailəsindən olan müqəddəs şəxslərin doğum və şəhadət tarixləri. Qarşıdan Məhərrəm ayı gəlir və İslam alimləri bu ayı haram ay kimi qiymətləndirirlər. Bu ayda Məhəmməd (s) Peyğəmbərin övladları qətlə yetiriliblər və ona görə də əsasən, İslam dininin şiə əqidəsindən olanlar həmin ayı matəm ayı kimi keçirirlər. Biz, elə də uzaq olmayan Türkiyəyə də nəzər sala bilərik. Bu ölkədə də İslam dininin müxtəlif cərəyanları fəaliyyət göstərir və məzhəb, baxış fərqlərinə baxmayaraq Məhərrəm ayında din qardaşlığı nümayiş etdirilir, hər hansı bayramlar, toylar, şənliklər keçirilmir. Yəni bu, istər islami nöqteyi-nəzərdən, istərsə də insani keyfiyyətlər baxımından anlayışın, qarşılıqlı bölüşmənin göstəricisidir.
Həmçinin, Azərbaycanda toyların, şənliklərin keçirilməsi məsələsində də ciddi yanaşmaların olmasını müşahidə edirik.
Lakin onların keçirilməsinə hər hansı rəsmi qadağalar da qoyulmur. Əlbəttə, toy edənlər də olur, ad günləri keçirənlər də və s. Yəni bu, insanın öz seçimidir və hər hansı dəyərlərə verdiyi qiymətidir. Ona görə də hesab edirəm ki, insan Məhərrəm ayında şadyanalıq edib-etməməsini öz təfəkkürü ilə seçməlidir ki, bunu edim, ya etməyim? Ancaq hər halda, bu ayda müəyyən dəyərlərə hörmətlə yanaşmağın tərəfdarı olaraq fikrimi sona çatdırmaq istərdim.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB