Baş verənlər kifayət qədər utancverici idi - "Reket"lərlə mübarizə - QURUM RƏSMİSİNDƏN SƏRT REAKSİYA

Baş verənlər kifayət qədər utancverici idi - "Reket"lərlə mübarizə - QURUM RƏSMİSİNDƏN SƏRT REAKSİYA

“Reket jurnalistika"sı anlayışı mətbuatda həmişə olub. Ayrı-ayrı qruplar medianın gücündən bu və ya digər şəkildə istifadə ediblər. Azərbaycan Mərbuat Şurası yarandığı gündən bu günə qədər quruma təqribən 1600-ə yaxın şikayət daxil olub. Həmin şikayətlərin demək olar ki, əksəriyyəti bu kimi məsələlərlə bağlıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Qurum rəsmisinin sözlərinə görə, sözügedən şikayətlərdə ayrı-ayrı sahələrdə çalışan insanlar, müəllimlər, həkimlər Mətbuat Şurasına müraciət ünvanlayıblar ki, mediada onlar haqqında yanlış informasiya gedir: “Bəzən onlar haqqında fikirlərini öyrənmədən yazıblar, bəzən bilərəkdən onlara böhtan atılıb və s. Bu cür şikayətlərə görə Mətbuat Şurası araşdırmalar aparıb və çox təəssüf ki, bəzi məqamlarda media vasitələrinin ayrı-ayrı iş adamları və ya hansısa siyasi qrupların əlində silah rolunu oynadığını görüb. Bunların hər biri danılmaz faktlardır. Aparılan mübarizə nəticəsində mediada reketliklə məşğul olun bir sıra saytlar, qəzetlər sıradan çıxarılıb.

Ə.Amaşov vurğulayıb ki, 44 günlük Vətən maharibəsi dövründə Mətbuat Şurasına bu kimi şikayətlər daxil olmayıb: “Lakin təəssüf ki, müharibə bitdikdən sonra yenidən həmin saytlar keçmiş vərdişlərinə qayıtmaq istəyi göstəriblər. Hətta, ən son şəhid ailələri ilə əlaqədar baş verən hadisə kifayət qədər utancverici bir hadisə idi. Canını vətən yolunda şəhid vermiş, torpaqlarımızın azadlığı uğrunda öz övladlarını müharibəyə göndərmiş ailələrin bu kimi məsələlərlə üzləşməsi qəbuledilməzdir. Hazırda Mətbuat Şurası bu məsələ ilə bağlı araşdırma aparır və yerli icra strukturlarına müraciətlər ünvanlamışıq. Biz bilmək istəyirik ki, hansı şəhid ailələrinə bu kimi müraciətlər olunub. Düşünürəm ki, bu kimi hallar öz təsdiqini tapsa, artıq hüquqi müstəvidə öz həllini tapacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə