Tovuz döyüşləri dövlətin gücü və xalqımızın sarsılmaz həmrəyliyi idi
Azərbaycan dövlətinin gücünü, xalqımızın mübarizə əzmini və sarsılmaz həmrəyliyini göstərən Tovuz döyüşlərindən bir il ötür. Azərbaycan Ordusu keçən ilin iyul ayında dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın təcavüzkar silahlı qüvvələri tərəfindən törədilən təxribatın qarşısını aldı. Düşmənə sarsıdıcı zərbə vuruldu, işğalçılara ciddi dərs verildi.
Tovuz döyüşləri həm də onu göstərdi ki, Azərbaycan dövləti işğalçı ölkənin təxribatlarına dözmək niyyətində deyil, düşmənə layiqli cavab vermək, ərazilərini işğaldan azad etmək qüdrətindədir. Eyni zamanda, Azərbaycan Ordusunun gücü, hərbçilərimizin rəşadət və cəsarəti bir daha əyani surətdə nümayiş etdirildi. Ən əsası, Azərbaycan xalqı Prezident, Ali Baş Komandanımız cənab İlham Əliyevə və Ordumuza güclü dəstək nümayiş etdirməklə milli həmrəylik nümunəsi ortaya qoydu.
Azərbaycan Ordusu iyul döyüşlərindən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində təcavüzkar qüvvələri darmadağın edərək - əzici məğlubiyyətə uğradaraq torpaqlarımızın işğaldan azad edilməsinə nail oldu. Ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Şəhidlərimizin qanı yerdə qalmadı – onların qisası döyüş meydanında alındı!
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB