Jurnalistlər binasında jurnalistlərin internet - NARAZILIĞI! - KİMDİR MÜQƏSSİR?
Son günlərdə Bakının Səbail rayonunda yerləşən Jurnalistlər binasında internet şəbəkəsi kəsilib. Sakinlər mövcud problemlərlə bağlı “AzEurotel”ə müraciət etsələr də, müsbət cavab almadıqlarını bildiriblər.

Məsələ ilə bağlı "Bakı Telefon Rabitəsi" MMC-yə müraciət etdik. Qurumdan SİA-ya verilən açıqlamada bildiriblər ki, 9 iyul tarixində qurumun tabeliyində fəaliyyət göstərən "Azeurotel" telekommunikasiya operatorunun 437/492/497/504/505 saylı Elektron Avtomat Telefon Stansiyaları üzərindən ötürülən rabitə xidmətlərində meydana gələn çətinliyin böyük qismi aradan qaldırılıb: "Xidməti dayanan 70% abunəçinin telefon, internet və televiziya xidmətləri bərpa edilib. Hazırda rabitə qurğularının işində fasiləyə səbəb olan nasazlığın tam aradan qaldırılması istiqamətində işlər operativ qaydada davam etdirilir”.

Media eksperti Azər Həsrət isə mövzu haqqında fikirlərini bu cür izah edib: "Jurnalistlər binasında yaşayan həmkarlarım “Azeurotel”dən internet aldıqlarını və internet problemi ilə bağlı şikayətlərə baxılmadığını deyiblər. Bu biznes strukturu üçün çox böyük ədəbsizlikdir. Bu qədər böyük sayda jurnalisti, ümumiyyətlə istehlakçını, istifadəçini uzun müddət internetsiz qoymaq böyük bir ədəbsizlikdir. Digər tərəfdən isə həmin jurnalistlər binalarında alternativ internet xidmətlərindən istifadəyə şərait yaratmır. Bizim həmkarlarımız illərdir başqa provayderlərin internetindən istifadə etmək istəyirlər. Lakin həmin binaların istismarına cavabdeh olan qurum buna imkan vermir”.
Azər Həsrət sözlərinə davam edərək qeyd edib ki, orada televiziya kanallarına baxmaq üçün də alternativlərdən istifadəyə icazə verilmir: “Yalnız “ATV+”un xidmətindən istifadə edə bilirlər. Bu nə özbaşınalıqdır? Bu nə zorakılıqdır? Həmin binada vətəndaş yaşayırsa, o istədiyi xidməti seçməkdə sərbəst olmalıdır. Heç kim onlara zorla hansısa, xidməti sırımamalıdır. Üstəlik bu sırınan xidmət keyfiyyətsizdirsə, insanların alternativ əldə etmə imkanı olmalıdır. Təəssüflər olsun ki, jurnalistlər binasının istismarına cavabdeh olanlar buna da imkan vermirlər. Düşünürəm ki, Medianın İnkişafı Agentliyi hansı ki, binaların tikilməsi, istismarı məsələsi ilə məşğuldur. Medianın İnkişafı Agentliyi bu vəziyyəti də dəyişməlidir. Necə ki, media sahəsində bir çox məsələlər dəyişilir, köhnə, narazılıq doğuran məqmların bir çoxu aradan qaldırılıbsa, jurnalistlər binasındakı bu vəziyyətlə bağlı məsələ müsbət həllini tapmalıdır. Yəni jurnalistlərə alternativ xidmətlərdən istifadə etmək imkanı yaradılmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB