44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad etdi və tarixi ədalət bərpa olundu. Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və xalq-iqtidar birliyi 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın işğaldan azad olunmasında böyük rol oynadı. Azərbaycanın güclü və müasir ordusu düşmənə gücsüz olduğunu və özgə torpağında hökmranlığın sonunun olmadığını bir daha göstərmiş oldu. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll edərək düşmənə məğlubiyyəti yaşatdı.
Təbii ki, ermənilər Azərbaycan ordusunun gücünü dəfələrlə görmüşdülər və nə vaxsa məğlub olmaları qaçılmaz idi. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusunun qarşısında duruş gətirmələri ağılasığmaz idi. Xatırlatmaq yerinə düşər ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dövlət başçımız yorulmadan səylər göstərmiş, danışıqlar aparmışdır. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olması istiqamətində, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atmışdı. Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi.
Ermənistan öz işğalçı siyasətini davam etdirsə də, Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. Glbəttə ki, ölkənin hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirildi. Həmin döyüşlərdə ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin gücü öz sözünü demiş oldu. Azərbaycan Ordusunun Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağı ordumuzun hansı gücə sahib olduğunun göstəricisidir. Əlbəttə ki, Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi.
TOVUZ DÖYÜŞLƏRİ ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN NÖVBƏTİ TƏXRİBATI İDİ
Ötən ilin iyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutmasından artıq bir il ötür. Bu gün biz həmin tarixdən qalib xalq olaraq danışırıq. Bu, Ermənistan Silahlı Qüvvələrinin növbəti dəfə təxribatı idi. Bu, Ermənistan tərəfinin Azərbaycana qarşı artilleriya hücumunun əvvəlcədən planlaşdırılmasını bir daha göstərmiş oldu. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan dekabr ayında verdiyi açıqlamada Tovuz döyüşlərinin Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində başladığını bildirmişdi. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alındı. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edildi. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Elçin Mustafazadə, Nazim İsmayılov, Xəyyam Daşdəmirov, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov şəhid oldu. Ermənistanın artilleriya atəşləri nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini həlak oldu.Həmin günlərdə Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Əlibəyli və Hacallı kəndlərini ağır artilleriya silahlarından atəşə tutmağa başlayıblar. Daha intensiv atəş Ağdam kəndi istiqamətində olmuşdur. Dondar Quşçu kəndinin ərazisinə isə 20-dək top mərmisi düşmüşdür. Mərmilərdən ikisi dinc əhalinin yaşadığı əraziyə düşüb.
DÜNYA ÖLKƏLƏRİ ERMƏNİSTAN SİLAHLI BİRLƏŞMƏLƏRİNİN AZƏRBAYCANIN TOVUZ BÖLGƏSİNƏ HÜCUMUNU QƏTİYYƏTLƏ PİSLƏDİ
Dünya bu döyüşlərə biganə qala bilmədi. Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması ilə bağlı bəyanat yaydı və Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu qətiyyətlə pislənilib. Rusiya Xarici İşlər Nazirliyi dərhal atəşi dayandırmağa çağırdı. Gürcüstan prezidenti 12-13 iyul tarixlərində Azərbaycan və Ermənistan sərhədində baş verən silahlı qarşıdurmaya görə narahatlığını ifadə etmiş oldu. Pakistan, Qazaxıstan, Moldova, Yaponiya, Böyük Britaniya kimi dövlətlər öz münasibətlərini ifadə etdilər və hərbi əməliyyatların dərhal dayandırılmasına çağırdılar. Türk Şurası, GUAM, ATƏT və digər təşkilatlar Tovuz rayonunun artilleriya atəşinə tutulmasını və beləliklə, bölgədə gərginliyin artmasını qətiyyətlə pisləmiş oldular.
"BİZ BÜTÜN GÜCÜMÜZÜ SƏFƏRBƏR EDİB BU MÜHARİBƏDƏ QƏLƏBƏ QAZANARAQ DÜŞMƏNİ TORPAQLARIMIZDAN QOVDUQ"
Bu döyüşlər böyük qələbənin başlanğıcı oldu. Yaşından, tutduğu vəzifəsindən asılı olmayaraq, hər bir azərbaycanlı Vətən keşiyində dayanan, düşmənlə vuruşan əsgərə mənəvi, fiziki cəhətdən dayaq, arxa, ona silahdaş oldu. Yaranan hər bir çətin şəraiti gözə alaraq, vətənimiz Azərbaycanın ərazi bütövlüyünü canları və qanları bahasına olsa da belə qorumağa hazır olduqlarını göstərdilər. Azərbaycanın döyüşən əsgəri, hər birimiz sənin yanındıyıq, - dedilər. Ali Baş Komandanın əmrini gözləyirik. Üçrəngli ay-ulduzlu bayrağımızı işğaldan azad edəcəyimiz torpaqlarımıza tezliklə sancacağımıza inam sonsuz idi. Həsrətdən cadar-cadar olmuş Qarabağ torpağı yolumuzu gözləyirdi.
Düşmən təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu hərbi əməliyyatlar böyük qələbəyə gedən yolun əsasını qoydu. 44 günlük Vətən müharibəsi torpaqlarımızı işğaldan azad etdi. Şəhidlərimizin - mübarizlərin, əliflərin, poladların, ilqarların və neçə-neçə vətən övladlarının qisası qiyamətə qalmadı.44 günlük Vətən müharibəsində dünya bir daha erməni terrorunu, barbarlığını, vəhşiliyini görmüş oldu. Müharibə dövründə ermənilərin mülki, dinc insanları hədəfə alınmasının bir daha şahidi olduq.
"Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq", - deyən Azərbaycan Prezidentinin bildirdiyi kimi, düşməni elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim qabağımızda diz çökdülər, ağ bayraq qaldırdılar və məcbur olub kapitulyasiya aktına imza atdılar. Bu gün işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinə start verilib. İnfrastruktur yenidən qurulur, yeni yollar çəkilir, abadlıq və bərpa işlərinə star verilib. Bütün bunları görən şəhidlərimizin ruhu şad və azad nəfəs alır. Azərbaycan bayrağı şəhid qanı ilə suvarılmış torpaqlarımızda dalğalanır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə