"Reket jurnalistlər"ə qarşı mübarizə bu üsulla aparılacaq - MEDİA RƏSMİLƏRİ AÇIQLADI - SORĞU

"Reket jurnalistlər"ə qarşı mübarizə bu üsulla aparılacaq - MEDİA RƏSMİLƏRİ AÇIQLADI - SORĞU

Son günlər gündəmi məşğul edən məsələlərdən biri də “jurnalist” adı altında reketliklə məşğul olan insanların peyda olmasıdır. Düzdür, müxtəlif dövrlərdə mətbuatda bu kimi tendensiyalar yaşanıb. Lakin görülən adekvat tədbirlər nəticəsində "reket jurnalistika"sının qarşısı xeyli dərəcə alınıb. Ancaq təəssüf ki, bu günlərdə bu problem yenidən baş qaldırıb və məsələ o yerə çatıb ki, bu işbazlar cəmiyyətin həssas təbəqəsi olan şəhid ailələrinin belə qapısını döyüblər və özlərinə məxsus həyasızlıqla şəhid ailələrindən müəyyən çəkiliş müqabilində pul da tələb edirlər. Adını belə qoya bilmədiyimiz bu cür alçaq hərəkətlər mətbuat işçilərini də narahat etməyə bilməzdi. Bəs, mövzu barədə media kapitanları nə düşünür? "Reket jurnalistika"sı ilə hansı mübarizə üsullarından istifadə etmək lazımdır? SİA məsələ barədə media kapitanları ilə gerçəkləşdirdiyi sorğunu təqdim edir.

Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu: “Jurnalistikada "reketçilik" yeni məsələ deyil. Bu böyük bir bəla, böyük bir fəlakətdir. Çox təəssüf ki, reketçilik son illər Azərbaycan mediasında iyrənc bir vəziyyətə gəlib çıxıb. Məsələ burasındadır ki, sosial medianın inkişafı bu istiqamətdə işbazların işlərini biraz da yüngülləşdirib. Print mediasında "reketçiliyin" necə mövcud olması barədə 80-ci illərdə jurnalistikaya gəlmiş bir insan kimi deyə bilərəm ki, sovet dövründə də rüşvət alan jurnalistlər vardı. Çox az sayda idi və bütövlükdə jurnalistika mühitində də bu insanlara çox pis baxırdılar. 1990-cı illərin sonunda jurnalistikada "reketçilik" daha çox tüğyan edirdi. Lakin son illərdə internet medianın verdiyi imkanlardan müəyyən şəxslər kifayət qədər yararlandılar. Araşdırarkən ortaya çıxır ki, bir şəxsə bağlı yeddi-səkkiz internet saytlar var və yaxud bir şəxsin nəzarətində bir neçə internet televiziyaları formalaşıb”.

U.Rəhimoğlu vurğulayıb ki, bu işlərlə məşğul olan insanlar özünü jurnalistikaya bu və ya digər şəkildə soxuşdurmuş insanlardır: “Artıq iş o yerə gəlib çatıb ki, şəhid ailələrinin qapıları döyülür, onlardan müəyyən çəkilişilər müqabilində hansısa ödənişlərin edilməsini tələb olunur. Bunun nə demək olduğunu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Jurnalistikaya nə qədər sayqısız olasan ki, canı-qanı bahasına torpaqlarımızı azad etmiş insanların qapısını döyəsən və hansısa təmənna güdəsən. Bunu edən ancaq reket jurnalistikası ola bilər. Hamımız bu jurnalistikaya yox deməliyik. Bizim qanunvericiliyimizdə bu istiqamətdə ciddi addımlar atılmalıdır. Biz sözün dəyərdən düşməsinə və jurnalistikamıza başıaşağlığı gətirən bu cür addımların qarşısında qətiyyətlə dayanmalıyıq”.

Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli: “Mediadan neqativ istiqamətlərdə istifadə edən quruplar hansı ki, biz onlara "reket jurnalistlər" deyirik uzun müddət Azərbaycan mediası sırasında olublar. Son zamanlar internet medianın inkişafı ilə bağlı olaraq bu qrupun fəaliyyəti daha da genişlənib və onlar internetdə özləri üçün münbit şərait tapıblar. Yəni, sosial şəbəkələr üzərində heç bir prosedur olmadan "KİV qurumu" yaradırlar və onun vasitəsilə fəaliyyət göstərərək özlərini jurnalist kimi təqdim edib cəmiyyətlə istədikləri kimi davranırlar. Şəhid ailələrindən maddi maraq güdmək, onlar üçün hər hansı bir təbliğat qarşılığında pul ödənişi tələb etmək "reketliklə" yanaşı mənəviyyatsızlıqdır. Bu, həmin şəxslərin nəinki, jurnalistika adına, həm də insanlıq adına utancverici bir zümrə olduqlarının göstəricisidir. "Reket jurnalistlər"ə qarşı mübarizə aparmaq üçün 4 qolun birgə hərəkət etməsinə ehtiyac var. Birinci məsələ qanunvericilikdir ki, bunlara qarşı mübarizə aparmaq üçün təkmil olmalıdır. İkinci kompanent dövlət qurumları- yəni, hüquq-mühafizə orqanlarıdır. Üçüncü kompanent medianın özünü tənzimləmə qurumları- Mətbuat Şurası, Milli Teleradio Şurası, Medianın İnkişafı Agentliyi ümumilikdə media cəmiyyətidir. Dördüncü kompanent isə cəmiyyətin özüdür”.

M.Ələsgərli vurğulayıb ki, cəmiyyət bu cür məsələlərə qarşı aktiv reaksiya verməlidir və bu cür hallarla rastlaşanda dərhal ya hüquq-mühafizə orqanlarına, ya da medianın özünü tənzimləmə qurumlarına mütləq şəkildə məlumat verməlidirlər: “Amma bu məsələlərlə bağlı qanunvericilikdə müəyyən boşluqlar vardı, çünki Azərbaycanda mövcud olan KİV-ləri haqqında qanun onlayn medianın tənzimlənməsində müəyyən boşluqlar vardı və bu sahəni tamamilə əhatə edə bilmirdi. İndi yaxşı haldır ki, cənab Prezidentin idarəsi ilə ölkədə yeni "Media haqqında" qanun hazırlanır və həmin qanunvericilik onlayn medianın da fəaliyyətini tənzimləməyi nəzərdə tutur. Beləliklə, onlayn media sahəsində mövcud olan bu xaotik durum artıq aradan qaldırılacaq və kimin jurnalist, kimin isə özfəaliyyətlə məşğul olduğu aydın şəkildə görünəcək. Sözügedən qanun imkan verəcək ki, bu şəxslər arasındakı fərqi müəyyən etmək mümkün olsun. Beləliklə, bayaq çərçivəsini cızdığımız həlqə tamamlamış olacaq. Yəni, həm qanunvericilik təkmil olacaq, həm medianın özünü tənzimləmə qurumları, həm dövlət qurumları, həm də cəmiyyət özü birlikdə bu cür neqativ hallara qarşı mübarizə aparmaqla məsələnin kökünü kəsə biləcəklər”.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: “10 il əvvəllə müqayisədə həqiqətən jurnalistikada "reketçilik" üslubunun və bu işlə məşğul olan jurnalistlərin səviyyəsi xeyli dərəcədə azalıb. Hətta, son günlərdə bəzi faktlar olmasaydı "reket jurnalistika"nın ümumiyyətlə sıfıra enməyindən danışmaq mümkün idi ki, bu da aparılan hərtərəfli işlərin nəticəsi olaraq meydana gəlib. Yəni, bir tərəfdən ictimai qınaq mexanizminin işləməsi, digər tərəfdən Mətbuat Şurasında aparılan müzakirə və tədbirlər, həmçinin əsasən dövlət orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində "reket jurnalistika"da minimuma qədər enmə müşahidə olunurdu. Hətta, reket jurnalistika ilə məşğul olanlar bütünlüklə özünü cəmiyyətin gözündən gizlətməyə və bunu özləri üçün bir utanc kimi qiymətləndirməyə başlamışdılar ki, bu da yaxşı tendensiya idi. Lakin təəssüf ki, Vətən müharibəsindən sonra xüsusilə də şəhid ailələri və qazilərin problemləri üzərində bunun kimi həssas mövzularda oynamaq istəyən müəyyən jurnalistlər oldu və müyyən addımlar atıldı. Aydın məsələdir ki, yaranmış indiki boşluğun nəticəsi idi”.

A.Quliyev vurğulayıb ki, "Media haqqında" yeni qanunvericiliyin hazırlanması və köhnə qanunvericilikdən yeni qanunvericiliyə keçid mərhələsində özünəməxsus boşluğun yaranması müəyyən qədər reket jurnalistikasına rəvac verib: “Eyni zamanda cəmiyyətdə sosial iqtisadi vəziyyətin bir qədər pisləşməsi və müəyyən peşə sahiblərinin dolanışığının bir qədər çətinləşməsi də buna müəyyən qədər şərait yaradır. Nəhayət, onu da deyim ki, Vətən müharibəsindən sonra bütün cəmiyyətin diqqətinin düşmən üzərində qələbəyə yönəlməsinə baxmayaraq qazilər, şəhid ailələri və bu kimi təbəqələrlə bağlı mövzular daha çox həssas olmağa başlayıb ki, bu həssaslıqdan istifadə etmək istəyən şəxslər peydə olub. Ona görə də son günlər cəmiyyətin həssas təbəqələri ilə bağlı "reket jurnalist" hərəkətlərinin hiss olunması daha çox subyektiv amillərlə bağlı olsa da bir qədər obyektiv səbəblərində var ki, əminəm bunlar aradan qaldırıla bilər”.

“Şərq Qəzeti”nin baş redaktoru Akif Aşırlı: “Reketlik" ümumiyyətlə peşəkar jurnalistika ilə bir araya sığmayan yoldur. Bu cür davranışların mətbuata heç bir adiyyatı yoxdur. Onlar sadəcə olaraq müəyyən cinayət əməlləri törədən insanlardır və həmin şəxslər qanun qarşısında məsuliyyət daşımalıdır. Ona görə düşünürəm ki, təkcə reket jurnalistikası ilə məşğul olan, mətbuatın şərəfli adına ləkə gətirən zümrə ilə mübarizə təkcə mətbuatın deyil, həm də dövlətin və cəmiyyətin işidir”.

A.Aşırlı vurğulayıb ki, onlar bu əməllərinə görə cinayət məsuliyyəti daşımalıdırlar: “Çox təəssüf ki, bu "reket jurnalistlər"in sayı dünən də çox idi, bu gün də kifayət qədərdir. Görünür ki, asan yolla pul qazanmaq istəyənlərin sayı çoxalıb. Hesab edirəm ki, bu məsələ ilə əlaqədar qanunlar çərçivəsində çox kəskin mübarizə aparılmalıdır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə