“Sosial şəbəkələr günümüz üçün çox böyük təhdid yeri hesab olunur. Bildiyiniz kimi, bir çox ölkələrdə sosial şəbəkələrlə bağlı müxtəlif formalı qadağalar tətbiq olunur. Bəzən isə sosial şəbəkələr özləri siyasətlərində dəyişiklik edirlər. “TikTok”un bu addımı da belələrindəndir”. Bu sözləri SİA-ya açıqlamasında İKT üzrə ekspert Rəşad Cəfərov deyib.
Onun sözlərinə görə, ümumiyyətlə “TikTok”a münasibət birmənalı deyil: “Bu tip videoların silinməsi məsələsinə gəldikdə isə doğru addım kimi qiymətləndirirəm. Açıq platformalar olsa da etik davranış qaydalarına istifadəçilər özləri də riayət etməlidirlər. Bu tip videoların silinməsi nümunəsi digər bəzi platformalarda da rast gəlinir. Qalanlarına da tətbiq olunmalıdır”.
Ekspert sözlərinə belə davam edib: “Xüsusən də zorakılıq hallarına rast gəlinən, etik davranış qaydalarına zidd olan videolar digər istifadəçilərin qarşısına çıxmadan silinməlidir. Ümumiyyətlə istifadəçilərə filtirləmə imkanları yaradılmalıdır. İstifadəçi özü də hansı mövzulu paylaşımları izləmək istədiyini seçə bilməlidir”.

Məsələ ilə bağlı sosioloq Asif Bayramov da münasibət bildirib: “Ümumiyyətlə sosial media platformaları cəmiyyətdə informasiyanın yayılmasına müəyyən qadağalar tətbiq etməlidir. Çünki, mətbuatda söz azadlığı ilə bərabər hər bir vətəndaşın da şəxsi həyatının qorunması haqqı və hüququ var. Çox zaman sosial media vətəndaşın bu haqqına müdaxilə edir. Təbii ki, hal-hazırda sosial şəbəkələrin və media platformalarının fəaliyyətinin qanuna uyğun tənzimlənməsi ilə bağlı müvafiq normativ hüquqi baza mövcud deyil. Bu təəssüf doğuran bir haldır. Bu boşluqdan istifadə edən sosial şəbəkə istifadəçiləri cəmiyyətdə müəyyən avtoriteti olan insanlara qarşı planlı şəkildə piar təşkil edirlər. Yəni, haqqında danışdığımız məsələ hər kəsin dediyi bir faktdır. Ona görə də, mən belə hesab edirəm ki, hər bir lokal cəmiyyət özünün milli dəyərlərini, milli əxlaq sistemini və digər fundamental dəyərlərini saxlamaq üçün sosial media platformasında onu aşındırmağa yönəlmiş fəaliyyət formalarına məhdudiyyət qoyaraq, qaydalar tətbiq etməlidir. Çünki, Azərbaycan cəmiyyətində sosial media ucbatından milli əxlaqımızın, milli ailə institumuzun və milli dəyərlərimizin son 10 ildə nə qədər sürətlə aşındığının şahidiyik”.
Asif Bayramov sözlərinə belə davam edib: “Mən bir sosioloq, filosof, alim kimi və tətqiqatçı olaraq sosial platformaların üzərindən Azərbaycan xalqının milli tarixi dəyərlərinə zidd videoların təşkil olunduğunu açıq aşkar görürəm. Hesab edirəm ki, istənilən sosial media platforması cəmiyyətin mənəviyyatına yönəlmiş bu cür halların qarşısını alan məhdudiyyətlər tətbiq edə bilər”.
“Ümumiyyətlə, sosial media yalnız informasiyanın sürətli yayılması üçün bir vasitə deyil, həm də dünyadakı qlobal güclərin bütövlükdə qlobalistlərin dünyada milli dəyərləri sıradan çıxarmaq və kosmoqonik insan yaratmağın tərkib hissəsidir. Ona görə bu mediaya bütün səviyyələrdə nəzarət tətbiq olunmalıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB