Xanımların işləməsinə cəmiyyətin baxışı - SORĞU

Xanımların işləməsinə cəmiyyətin baxışı - SORĞU

“Başqa cəmiyyətlərdə olduğu kimi, bizim yaşadığımız cəmiyyətin də özünəməxsus olan qayda-qanunları var. Bunlardan biri də qadınların çalışması ilə bağlı problemlərin olması, kişilərin onlara qarşı inamsızlığından irəli gələn bəzi səbəblərdir. Lakin, mən düşünürəm ki, müasir zaman onu tələb edir ki, bu səbəblər getdikcə aradan qalxsın. Bir sahibkar qadın olaraq düşünürəm ki, əgər sağlam bir mühit yarada biliriksə və bu mühitin içərisində sağlam mühitdə qadınlar varsa, ailələrinə maddi cəhətdən dəstək olurlarsa, özləri ayaqlarının üzərində durmağı bacarırlarsa bu çox yaxşı haldır”. Bu sözləri SİA-ya açıqlamasında “Buta Glass" MMC-nın iş icraçısı, sahibkar qadın Nahidə Quliyeva deyib.

Onun sözlərinə görə, bəzi kişilər əvvəlcə qadının gücünə birmənalı baxsa da, sonradan istər-istəməz öyrəşirlər: “Artıq görürük ki qadınlar müxtəlif sahələrdə, istehsalatda, kənd təsərrüfatında, tikinti sahəsində olurlar. Qadın çox güclü varlıqdır. O, öz sözünü deməyi bacarmalıdır. Qadınlar öz ayaqları üzərində dayanıb kişilərə yaxşı mənada dəstək olurlar. Qadın həm zərif məxluq, həm də anadır”.

“Mən 30 nəfərlik bir kollektivlə çalışıram. Qadınların hamısı əl əməyi, göz nuru ilə bizim işimizdə öz bacarıqlarını ortaya qoyurlar. Həmin qadınların kişiləri çox rahat qadınlarına inanıb etibar edirlər. Elə bir sağlam mühit yaratmışıq ki, bu mühit sanki, bir ailədir. Kişilər də buna güvənərək gözləri arxada qalmır və onlara dəstək olur. Bu cür iş sahələrinin sayı Azərbaycanda yüzlərlərdir”.

Nahidə Quliyeva sözlərinə belə davam edib: “Əmək sahələrinin çoxunu qadınlarsız irəli aparmaq mümkün deyil. Mən, qadın əməyinin çox güclü olduğuna inanıram və onları dəstəkləyirəm. Bütün qadınlara dəyər verirəm. İnanıram ki, qadınların çəkdiyi əziyyətlər istər cəmiyyətdəki insanlar, istərsə də kişilər tərəfindən bəyənilərək öz yerini tutacaq. Biz də qadınların öz ayaqları üzərində durması üçün əlimizdən gələk dəstəyi edirik. Biz birlikdə güclüyük. Qadınlar əl-ələ verib işləyərək, cəmiyyətin gücünə-qüvvəsinə çevrilib”.

Məsələ ilə bağlı Etika Akademiyasının rəhbəri Günel İbrahim də münasibət bildirib: “Kişi-qadın münasibəti dünyanın ən qəliz şeyidir və həll edilməsinə əsrlər sərf edilib. Hələ də edilməkdədir. İlk öncə ali hüquqi sənəd olan Konstitusiyada yazılır ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları var. Azərbaycan əhalisinin ümumi sayının 50,1 % təşkil edən qadınlar cəmiyyətimizin ictimai - siyasi, elmi, mədəni, iqtisadi və digər sahələrində uğurlar əldə edirlər. Məsələn, qadın hakimlərin sayı 61 nəfər olub, diplomat qadınlarımızın sayı 181-dir, həkimlər, müəllimlər 100 minlərlədir. Sağlam cəmiyyət üçün savadlı və töhfəli qadınlar mütləqdir. Qadını təhsil və işləmək hüququndan məhrum etmək psixoloji zorakılıqdır”.

Günel İbrahim sözlərinə belə davam edib: “Qadın zəkası dünyaya çox töhfə verib. Məsələn, telefonlarımızda zəng edənin kimliyi və zəng gözləməni ft Şirley Anna Cekson ixtira edib. Kosmik stansiya batareyalarını Olqa Qonzalezə məxsusdur. Qabyuyan maşın Jozefin Xokren, ev təhlükəsi, liyo sistemi Meri Van Britten, xərçəngə qalib gəlmək üçün önəmli olan kök hüceyresi izolyasiyasını Ann Tsukamotodut ixtira edib. Bu siyahı sonsuzdur”.

SİA olaraq məsələ ilə bağlı şəhər sakinlərinin fikirlərini də öyrəndik:

Şəhər sakini Zərdüşt Quluzadə: “Xanımların güclənməsi, öz ayağı üstündə durması yalnızca özgüvənsiz kişiləri qoxuda bilər. Hər bir güclü qadın, güclü ailə və gələcək deməkdir. Belə belə bir vəziyyətdə gələcəyin təməli niyə güclü olmasın?”

Şəhər sakini Ləman Quliyeva: “İlk öncə bunu qeyd edim ki, kişilər ağıllı qadınlardan çəkinir. Öz ayaqlarının üzərində duran qadınların sözlərindən çıxacağını, itaət etməyəcəyini düşünür. Amma bunu qeyd etməsəm olmaz ki, cəmiyyətdə xanımların qadınların rolu mütləqdir. Cəmiyyəti yaradan da, yetişdirən də, idarə edən də qadınlardır”.

Şəhər sakini Nəzrin Qarayeva: “Bəzi ailələrdə kişilər qadını özlərindən yüksəkdə görmək istəmirlər. Bəzən buna qısqanclıqda səbəb ola bilər. Amma ilkin səbəb kişilərin geridə qalma qorxusudur. Qadın oxumalı, işləməlidir ki, dünya görüşü yüksək olsun və gələcəyə xeyirli, savadlı övlad yetişdirə bilsin. Qız uşaqları kiçik yaşlarından oxumağa yönləndirilməlidir ki, özü öz gələcəyini heç kimdən asılı olmadan düzgün şəkildə qura bilsin”.

Şəhər sakini Abutel İsmayıllı: “Biz nə qədər müasirləşsək də hələ də bəzi nöqsanlar var. Bunlardan biri də qadınların iş həyatı ilə bağlıdır. Hələ də həyat yoldaşını, qızını işləməyə qoymayan kişilər mövcuddur. Bu əslində, icazə ilə olan bir hərəkət olmamalıdır. 18 yaşından yuxarı hər kəsin işləmək hüququ var. Bəziləri fikirləşirlər ki, “qadın nədir, işləmək nədir?”. Onlara görə qadınlar yalnız ev işləri görməli, uşağa baxmalı, yemək bildirməlidir. Bəziləri qısqanclıq adı altında həyat yoldaşlarının işləməsinə mane olurlar. Bəziləri isə istəmirlər qadınlar özlərindən uğurlu bir karyera qursunlar. Bunların hamısı bəhanədir. Çox təəssüf ki, hələ də bu fikirdə olan insanlar çoxluq təşkil edir”.

Şəhər sakini Mirkamal Kazımzadə: “Məncə, artıq inkişaf etmiş cəmiyyətdə belə suallar olmamalıdır. Çünki müasir dövrdə hər kəsə, həm kişilərə, həm də qadınlara müəyyən çərçivədə hüquq və azadlıqlar verilib. Bəzi insanların qadınların işləməsinin əleyhinə olması onun bir qədər geridə, sovet təsirində qalmasını göstərir. Amma təbii ki, təkcə səbəb bu deyil. Bəzi insanlar da var ki, xanımın işləməsinə ona görə qarşıdır ki, həmin zərif məxluqun əziyyət çəkməsini istəmir”.

Şəhər sakini Aygün Quliyeva: “Hər bir xanım öz ayaqları üstündə durmağı bacarmalıdır. İşləməyə maddiyat üçün yox, daha çox dünya görüşünün,əhatənin artırılması üçün yanaşmaq daha düzgündür. Bəzi geri fikirli kişilərin fikrinə görə qadınların işləməyi onların azadlığı, öz hüquqlarını daha geniş şəkildə öyrənməkləri və s. yaxşı birşey deyil. Çünki kişilər hər zaman özlərini qadından üstün hesab edirlər. Hərzaman liderlik onlarda olsun istəyirlər. Amma bu düşüncə ilə yaşadıqca sadəcə özlərini gülünc vəziyyətə salırlar”.

Şəhər sakini Xədicə Qədirova: “Əslində bir neçə səbəb var. İnsana görə dəyişir. Bəzi kişilər maddi cəhətdən öz işləməyinin kifayət etdiyini deyib qadınına işləməyə icazə vermir. Bəzi kişilər isə mentalitetə görə istəmir. Bəziləri də evə gələndə mən də yorulmuşam deməyib onun hər problemini qarşılayan insan tapmaq üçün bunu istəmir”.

Şəhər sakini Nərgiz Xəlilli: “Patrialxal cəmiyyətin bir üzvü olaraq deyə bilərəm ki, qadınlar nəinki iş həyatında, normal həyatda da çətinliklərlə üzləşir. Ancaq bunu qürurla qeyd etməliyəm ki, get-gedə iş yerlərində xanımların sayı və onlara olan ehtiyac artır. Mənə elə gəlir ki, qadınlar istənilən sahədə asanlıqla uğur qazana bilər, bu isə kişiləri qıcıq edir”.

Şəhər sakini Hafizə Cəfərova: “Çünki kişilər özlərini zəif hiss edirlər. Özgüvənləri itir. Sanki qadının ayılmağından qorxur. Onlara qalib gəlməyin yolu isə onları qorxutmaqdan keçir. Zaman ötdükcə qadınlar bunun da öhdəliyindən gələcək və qəlibləşmiş, yalnış düşüncələr yerini daha yaxşıları ilə əvəz edəcək”.

Şəhər sakini Günay Nəsibova: “Xanımların işləməsinə münasibət bəzi ölkələrdə birmənalı deyil. Hətta, elə ölkələr var ki, ümumiyyətlə qadınların söz haqqı olmur. Mənə görə, cinsiyyət ayrı-seçkiliyi etmək çox çirkin düşüncədir. Ancaq, bəzi kişilər düşünürlər ki, qadınlar onlardan daima asılı vəziyyətdə olmalıdırlar. Nəinki işləmək onların icazəsi olmadan çölə belə çıxa bilməzlər. Qadın böyük qüvvədir, bunu başa düşən böyük kütlə olduğu üçün kişilər qadınlara qarşı bir çox qadağaları qoyur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə