Azərbaycanda geniş miqyaslı iqtisadi tərəqqi demoqrafik inkişafa təkan verir
11 iyul Ümumdünya Əhali Günüdür. Bu əlamətdar tarixi 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilatı olan Əhali Fondu təsis edib. Bu günün qeyd olunmasında məqsəd ailə planlaşdırılmasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır. Məlumdur ki, dünya əhalisinin demoqrafiyası tarixin müxtəlif dönəmlərində sabit olmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Statistik göstəricilərə nəzər salsaq görərik ki, 1900-da dünya əhalisi 1.6 mlrd., 1960-da 3 mlrd., 2000-də 6 mlrd. olmuşdur. Demoqrafların hesablamalarına görə dünya əhalisi bu sürətlə artmağa davam etsə 2040-də dünyamızda 10 mlrd. insan yaşayacaq. 2100-cü ilə qədər isə 16 milyarda çatacaq və bu da əhali sıxlığının bəzi ölkələrdə yoxsulluq və müharibələrə səbəb olacağı ehtimalı yaratmış olur. Dünyada ən sürətli təbii artım 1950–1970 illərində müşahidə olunmuşdur. Ən çox təbii artım isə 1963-cü ildə qeydə alınmışdır. Bu zaman dünyanın təbii artımı 2,2% təşkil edib. Əhalisinin sayına görə, ilk üç yerdə Çin, Hindistan və ABŞ qərarlaşıb.
Əlbəttə ki, müasir dövrün çağırışlarına cavab verən, sosial-iqtisadi inkişafı ilə diqqətdə olan Azərbaycan bütün beynəlxalq əhəmiyyət kəsb edən günlər kimi, Dünya Əhali Gününü də 2005-ci ildən etibarən qeyd edir. Son əsrlərdə Azərbaycandakı demoqrafik inkişafa nəzər salsaq görərik ki, 1897-ci ildə Azərbaycanda əhalinin sayı 1 milyon 807 nəfər, Birinci Dünya müharibəsindən əvvəl isə 2 milyon 339 nəfər olub. Dünya müharibəsi, azərbaycanlılara qarşı soyqırımı siyasəti, xarici müdaxilələr ölkə əhalisinin sayına mənfi təsir göstərib və 1920-ci ildə əhalinin sayı 1 milyon 952 nəfərə düşüb. 1980-ci ildə isə bu say 6 milyonu ötüb. 2000-ci ildə isə 8 milyondan artıq əhali qeydə alınıb.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycanda MDB məkanında, ilk dəfə olaraq, elmi əsaslarla işlənilib, demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən "Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası" təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsaslanmaqla, ölkəmizdə davamlı demoqrafik inkişafı təmin edilməsi üçün əhali sakinliyi və demoqrafik inkişaf sahəsində yeni Dövlət Proqramı layihəsi hazırlanaraq həyata keçirilib.
Dövlət başçısının sosialyönümlü istiqamətində apardığı uğurlu siyasət nəticəsində əhalinin sosial rifah halı yaxşılaşıb, işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Bütün bu və ya digər amillər demoqrafik inkişafa ciddi təsirini göstərib. Əhalisinin sayı hər il, sabit şəkildə artaraq, 10 milyonu ötən Azərbaycanda dayanıqlı sosial-iqtisadi tərəqqi, sosial siyasət davamlı xarakter almaqla, demoqrafik inkişafa təkan verib. Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir. Aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub. Azərbaycan, bir çox sahələrdə olduğu kimi, bu baxımdan da, nümunəvi ölkədir. Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası nəticəsində, bütün sahələrdə mühüm tarixi nailiyyətlərə imza atan, iqtisadi qüdrətini artıran, sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanı olan ölkəmizdə sosial rifah səviyyəsinin də, davamlı olaraq, yaxşılaşması özünü göstərir. Azərbaycanda hər il doğulanların sayı artır, misal üçün, 2018-ci ildə ölkədə 139 min doğulmuş körpə qeydə alınıb. Ölkəmizdə doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir. 2020-ci ilin 1 dekabr vəziyyətinə görə Azərbaycan əhalisinin sayı 10 123 004 nəfər təşkil edib. Əhalinin sayı 2019-cu illə müqayisədə 0,6% artıb. Cari ilin əvvəlindən ölkə əhalisinin sayı 3015 nəfər və ya 0,03 faiz artaraq 2021-ci il fevral ayının 1-i vəziyyətinə 10 milyon 122 min 148 nəfərə çatıb. 2021-ci il mart ayının 1-i vəziyyətinə 10 127 127 nəfərə çatıb. Bu rəqəmlər bir daha göstərir ki, əhalinin sayında artımlar müşahidə edilməkdədir. Əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Əhalinin artımı qarşısında genişmiqyaslı tədbirlər görülür, yeni uşaq bağçaları və məktəblər, müalicə müəssisələri və idman kompleksləri istifadəyə verilir.
Bununla yanaşı, dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" da mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla, səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətini müəyyən edir.
Bu gün ardıcıl olaraq həyata keçirilən islahatlar bizə deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB